Xocalı- qəhrəmanlıq salnaməsi

Xocalı- qəhrəmanlıq salnaməsi

Xocalı- qəhrəmanlıq salnaməsi

Kaspi liseylərində Xocalı faciəsinin 31-ci ildönümü qeyd edilib

Bəşər tarixinin ən qanlı faciələrindən olan Xocalı soyqırımının 31-ci ildönümü ilə bağlı anım tədbiri Kaspi Ağ Şəhər Liseyinin müəllim və şagird kollektivi tərəfindən “Xocalı abidəsi”ni ziyarət etməklə başlayıb. Liseyin şagird və müəllimləri faciə qurbanlarının ruhunu yad edib, abidə önünə qərənfillər düzüblər. 

Liseydə davam edən anım tədbirində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Liseyin  xor kollektivinin “Vətəndən pay olmayır” kompozisiyasi Xocalı hadisələrinin qəhrəmanlıq salnaməsi olduğunu bir daha xatırladıb.

Dəyirmi masa formatında keçirilən tədbirdə Xocalı hadisələri ilə bağlı şagirdlərə məlumat verilərək bildirilib ki, 31 il bundan öncə, 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Xocalı şəhərinə xaincəsinə hücum ediblər. Qədim Azərbaycan torpağı olan Xocalını yerlə-yeksan edib, yüzlərlə günahsız, dinc insanı amansızcasına qətlə yetiriblər.  Qeyd edilib ki, Xocalı hadisəsini yalnız faciə adlandırmaq olmaz. Xocalı hadisəsi erməni vandalları tərəfindən Azərbaycana, onun xalqına, bəşəriyyətə qarşı törədilmiş ən ağır, misli görünməmiş cinayətdir.

Xocalı hadisələrinin canlı şahidi Bahar Abdullayeva  yaşadığı ağrılı-acılı günləri xatırlayaraq Xocalı soyqırımının Azərbaycan tarixində ən qanlı hadisələrdən biri olduğunu söyləyib və xalqımıza qarşı törədilən bu cinayətin ağır nəticələrindən danışıb. B.Abdullayeva şagirdlərə bu tarixi heç zaman unutmamağı tövsiyə edib: “Biz Xocalı qurbanlarını heç zaman unutmamalıyıq. Çünki Xocalı faciəsi tariximizin ən qanlı səhifələrindən biridir. Artıq torpaqlarımız mənfur düşməndən azad edilib. Lakin bir gün bunları unutsaq, yenə də eyni tarixi reallıqları yaşaya bilərik”.

Liseyin direktoru Rəqsanə Məmmədova Xocalı faciəsindən və torpaqlarımızın 30 illik işğalından sonra nəhayət, Azərbaycanın haqq səsinin eşidildiyini, ermənilərin mənfur əməllərinin beynəlxalq səviyyədə ifşa olunduğu, Azərbaycan xalqının işğal altındakı torpaqlarının düşməndən azad edildiyini qeyd edib: “Xalqımız öz dövlətinin suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə daha da mətinləşdi, qəhrəmanlıq və dəyanət göstərdi. 30 ildən sonra xalqımız işğal altında olan torpaqlarımızın azadlığına nail olaraq mübarizə əzminin qırılmadığını bir daha nümayiş etdirdi”. 

Tədbirdə B.Abdullayevaya şagirdlərdə milli-mənəvi dəyərlərin aşılanması, onların vətənpərvər ruhda böyüməsi və Xocalı həqiqətlərinin tanıdılmasında xidmətlərinə görə” plaket təqdim edilib. Eyni zamanda, liseyin 4-cü sinif şagirdi Melissa Hossein Zadeh Qarabağ mövzusunda hazırladığı əl işini Bahar Abdullayevaya hədiyyə edib.

Kaspi.edu.az

Yeniliklərə Abunə Olun

Tədris sahəsindəki fəaliyyətlərimizlə, eləcə də digər yeniliklərlə bağlı məlumat əldə etmək üçün abunə olun.

E-Mail ünvanınız