Noyabrın 17-si Azərbaycanda Milli Dirçəliş Günüdür

Noyabrın 17-si Azərbaycanda Milli Dirçəliş Günüdür

Noyabrın 17-si Azərbaycanda Milli Dirçəliş Günüdür

Azərbaycanda noyabr hadisələri milli azadlıq hərəkatı kimi qiymətləndirilir və Vətənimizin istiqlaliyyət qazanmasında mühüm amil sayılır.
Kaspi.edu.az xəbər verir ki, Azərbaycan xalqının azadlıq mübarizəsinin əsas mərhələlərindən birini təşkil edən 17 Noyabr - Milli Dirçəliş Günü ölkəmizin müstəqilliyinin bərpa edilməsində tarixi rol oynayıb. Bu tarix sonralar Ulu Öndər Heydər Əliyevin siyasi uzaqgörənliyi və müdrikliyi ilə dönməz xarakter aldı, müstəqil Azərbaycan müasir inkişaf yoluna qədəm qoydu.

17 noyabr 1988-ci il xalqımızın azadlıq mübarizəsi tarixində qızıl hərflərlə yazılmış bir gündür. Meydan hərəkatı artıq tariximizdə Milli Dirçəliş Günü kimi özünün təsdiqini tapdı. 1988-ci ilin ilk   günlərindən Ermənistanın Azərbaycan torpaqlarına  qarşı açıq ərazi iddiası başlandı. Mixail Qorbaçovun başçılıq etdiyi sovet imperiyasının Qarabağ məsələsi ətrafında apardığı antiazərbaycan siyasətindən ruhlanan ermənilər planlı şəkildə, Ermənistan hökumətinin tapşırığı və göstərişilə Ermənistanda yaşayan 200 mindən çox azərbaycanlını öz ata-baba yurdlarından kütləvi surətdə qovdular. Onlar azərbaycanlıların evlərinə soxulur, onları öldürür, diri-diri yandırır, görünməmiş vəhşiliklər törədirdilər. Ermənilər bununla da kifayətlənmədilər. 1988-ci  ilin fevralın əvvəllərində Azərbaycanın Dağlıq  Qarabağ bölgəsində ixtişaşlar törətdilər. Onlar Azərbaycanın tarixi torpağı olan Dağlıq Qarabağın Azərbaycandan alınıb Ermənistana birləşdirilməsi haqqında məsələ  qaldırdılar. Belə bir vaxtda Azərbaycan xalqı ayağa qalxdı, respublikanın hər yerindən insanlar axın-axın Bakıya gəldi.1988-ci ilin noyabrın 17-də Bakının əsas meydanı sayılan Azadlıq meydanında Sovet dövlətinin xalqımıza qarşı apardığı antiazərbaycan siyasətinə etiraz əlaməti olaraq Azərbaycan ictimaiyyətinin mitinqi başlandı. O vaxt bütün xalq bir yumruq kimi birləşmişdi. Bu, əsl xalq hərəkatı, milli azadlıq hərəkatı idi. Dekabrın əvvəllərində sovet qoşunları tərəfindən ümumxalq mitinqi dağıdıldı.


1988-ci il noyabrın 17-də Azərbaycan xalqının azadlıq səsini ucaldaraq, imperiyaya qarşı hamılıqla ayağa qalxması onun dirçəlişi yolunda dönüş nöqtəsi oldu. Azərbaycan xalqı uzun illər arzusunda olduğu müstəqilliyinə qovuşdu. Öz haqqı, azadlığı və torpaqlarına sahib çıxmaq istəyən xalqımız bu müqəddəs ideallar naminə birlik və bərabərliyini bir daha bütün dünyaya nümayiş  etdirdi.
1992-ci ildən 17 Noyabr Milli Dirçəliş Günü kimi qeyd olunur. Azərbaycanda noyabr hadisələri milli  azadlıq hərəkatı kimi qiymətləndirilir və Vətənimizin istiqlaliyyət qazanmasında əsas amil sayılır.
Lakin Ermənilərin Azərbaycanın əzəli torpaqlarına qarşı yürütdüyü ərazi iddiası 30 ilə yaxın işğalla nəticələndi. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuzun torpaqlarımızın işğaldan azad etmək məqsədi ilə başladığı zəfər yürüşü uğurla başa çatdı.
1988-ci ilin noyabrın 17-də başlanan ümumxalq hərəkatı ölkəmizin 1991-ci ildə müstəqillik qazanması, 2020-ci ildə isə torpaqlarımızı işğaldan azad olunması ilə öz missiyasını başa vurdu. Dövlətimizin suverenliyi tam bərpa edildi və bununla ölkəmiz tarixinin yeni dövrünə daxil oldu. Bu, Prezident İlham Əliyevin qətiyyəti, müdrik və uzaqgörən siyasətinin məntiqi nəticəsi, dövlətimizin başçısının ətrafında “dəmir yumruğ”a çevrilmiş xalqımızın daha bir tarixi Zəfəridir.

Artıq regionda yeni reallıq yaranıb. Bu reallığı isə beynəlxalq nüfuzu gündən-günə güclənən, Avropanın enerji təchizatında aparıcı aktora çevrilən və dünya dövlətləri üçün etibarlı tərəfdaş olan Azərbaycan yaradıb.

Kaspi Təhsil Şirkəti Azərbaycan xalqını Milli Dirçəliş Günü münasibətilə təbrik edir, ölkəmizə daimi inkişaf, sülh və əmin-amanlıq arzulayır!

Kaspi edu.az

Yeniliklərə Abunə Olun

Tədris sahəsindəki fəaliyyətlərimizlə, eləcə də digər yeniliklərlə bağlı məlumat əldə etmək üçün abunə olun.

E-Mail ünvanınız