“Ordum varsa, yurdum var” kişi valideynləri bir araya yığdı

“Ordum varsa, yurdum var” kişi valideynləri bir araya yığdı

“Ordum varsa, yurdum var” kişi valideynləri bir araya yığdı

Kaspi Liseyi yeni bir ənənənin əsasını qoydu

Kaspi Bakıxanov Liseyi “Ordum varsa, yurdum var” adlı tədbirlə liseydə təhsil alan uşaqların atalarını -kişi valideynləri bir araya gətirdi. İlk dəfə keçirilən tədbir əhəmiyyətli bir ənənənin başlanğıcı oldu. Məqsəd təkcə liseydə deyil, ümumən cəmiyyətdə müsbət kişi rolu modelini vurğulamaqdır. Bu, kişilərin- ailə başçılarının, ataların, babaların, qardaşların, əmi və dayıların və s. cəmiyyət, ailə, evlilik və uşaqların tərbiyəsindəki töhfələrini və nailiyyətlərini qeyd etmək üçün bir təşəbbüsdür. Təməl məqsəd isə insani dəyərləri önə çəkməkdir.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndi. Vətən torpaqlarının azadlığı uğrunda canını fəda edən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Müxtəlif yaş və sinifdən olan qız şagirdlərə verilən “Ata sizin üçün kimdir?”, “Kişilərdə ən dəyərli xüsusiyyət hansıdır?”, “Kişilər olmasaydı həyatın çətinlikləri nələr olardı?” kimi suallara cavabları videoçarx vasitəsilə nümayiş olundu. Qızların atalarına, babalarına, qardaşlarına və sinif yoldaşı olan oğlanlara verdiyi dəyər tədbir iştirakçılarında fərəh hissi doğurdu.

Ailə institutunun atributları

Kaspi Təhsil Şirkətinin təsisçisi Sona Vəliyeva tədbirdə iştirak edən valideynləri salamlayaraq “Bu gün qız övladının atası olmaq xoşbəxtlikdir. Qız övladının atası olmaq, həyat yoldaşı olmaq ailə institutunun atributları, söykənəcək yerləridir”-deyə qeyd etdi. Təsisçi “Siz bizim başımızın tacısınız. Biz bu dəyəri uşaqlara ötürmək istəyirik. Qoy onlar bilsinlər ki, ata başımızın tacı, qardaş söykənəcək yeridir. Qızlar sabah ailə quranda münasibətlərdə hansı normaları gözləməli olduqlarını bilməlidirlər ki, onların ailələri uzunömürlü olsun. Biz ailələri belə görmüşük. Övladlarımızı da belə yetişdirmək istəyirik”- deyə auditoriyaya səsləndi. S.Vəliyeva Azərbaycan xalqının böyük bir ailə məktəbi keçdiyini qeyd etdi: “Bizim ölkəmizdə insanlara nümunə ola biləcək ailələr olub və bu gün də var. Ulu Öndər Heydər Əliyevlə həyat yoldaşı Zərifə xanımın həyatı böyük bir məhəbbət dastanıdır. Onların övladları - Prezidentimizin ailəsi bir ailə institutunun dərin bağlarla ənənəyə söykənməsini sübut edir. Bunlar örnək olan ailələrdir. Biz ailə məktəbindən özümüz üçün böyük bir tərbiyə əxz elədik. Böyük-kiçik yeri bilən, nəzakətli, davranış qaydalarına riayət edən... Biz müasirləşəcəyik, yeniləşəcəyik, amma köhnə ənənələrin üstündə, kökümüzə sadiq qalaraq, milli ənənələrə söykənərək övladlarımızı tərbiyə edəcəyik”.

Dövlətimizin mühafizləri

“İlk dəfədir ki, bu qədər bəylərimizi birlikdə məktəbdə görürük və buna görə çox xoşbəxtik. Arzu edirəm ki, bundan sonra da sizi məktəbimizdə davamlı olaraq görək”- deyə Liseyin direktoru Sahil Əliyev qonaqları salamladı: “Tədbirin səbəbkarı şagirdlərdir, xüsusən ibtidai siniflər. “Qadınlarımızı təbrik edirsiniz, bəs biz necə olacağıq?”- deyə onların tərəfindən müraciətlər oldu. Biz də bu günü qeyd etmək qərarına gəldik. Bizim bəylərimiz dövlətimizin mühafizləridir. Bu tədbirə “Bəylərimizin günü” olaraq start verdik. İnanıram ki, bu yaxşı bir ənənəyə çevriləcək. Məqsədimiz odur ki, ata-babalarımıza verdiyimiz dəyəri indiki gənclərə aşılaya bilək”.

Liseyin 3-cü sinif şagirdlərinin ifasında “Əsgər marşı”, məktəbin xor kollektivinin ifası, məktəblilərin səsləndirdiyi vətən, ailə haqqında mahnılar və şeirlər tədbirə rəng qatdı.

Kişi valideynlər belə bir tədbirin təşkilinə və onlara verilən dəyərə görə liseyin rəhbərliyinə təşəkkürlərini bildirdilər və “Bəylərin günü”nün ənənəyə çevrilməsini arzuladılar.

kaspi.edu.az

Yeniliklərə Abunə Olun

Tədris sahəsindəki fəaliyyətlərimizlə, eləcə də digər yeniliklərlə bağlı məlumat əldə etmək üçün abunə olun.

E-Mail ünvanınız