Kaspi Liseylərində Beynəlxalq “Pi” Günü xoş bir ənənəyə çevrilib
- Ana Səhifə
- Xəbərlər & Tədbirlər
- Kaspi Liseylərində Beynəlxalq “Pi” Günü xoş bir ənənəyə çevrilib
- 15 Mart 2023
Kaspi Liseylərində Beynəlxalq “Pi” Günü xoş bir ənənəyə çevrilib
Məqsəd lisey şagirdlərinin riyaziyyata olan sevgisini artırmaqdır
14 martda dünyada qeyri-adi bayramlardan biri olan beynəlxalq “Pi” günü (International π Day) qeyd edilir. İlk dəfə bu tarix 1988-ci ildə San-Fransiskoda “Eksploratorium” elmi-kütləvi muzeyində qeyd edilib. Pi kəmiyyəti çevrənin uzunluğunun diametrinə nisbətini ifadə edən riyazi sabitdir. Bu qeyri-adi rəqəmə hələ orta məktəbin aşağı siniflərində çevrə və dairəni öyrənən zaman rast gəlinir. Pi riyazi sabiti ilə insanlıq tarixi arasındakı əlaqə müzakirə mövzusu olmaqdadır. Beynəlxalq “Pi” günü görkəmli fizik Albert Eynşteynin doğum tarixinə təsadüf edir.
Kaspi Liseyləri də ənənəvi olaraq “Pi” Günü ilə bağlı tədbirlər keçirir. Belə ki, 10.03.2023-cü il tarixində Kaspi Ağşəhər Liseyinin və Kaspi Bakıxanov filialının 6,7,8-ci sinif şagirdləri Kaspi Beynəlxalq Məktəbdə “Pi” Gününə həsr olunmuş “Interactive Math Exhibition”in təşkilində fəal iştirak ediblər. İngilis dilində təşkil olunan sərgidə 25 layihə təqdim olunub. Bir-birindən maraqlı riyazi faktların əyləncəli üsullarla izahı, riyazi-strategiya oyunlarından ibarət olan layihələrin icrası zamanı 3 və 4-cü sinif şagirdləri həm əylənib, həm də öyrəniblərş Tədbirin keçirilməsində məqsəd şagirdlərin riyaziyyat fənninə olan marağının daha da artırılması, eyni zamanda gənc istedadların üzə çıxarılmasıdır. “Sərginin məqsədi də elə bundan ibarətdir ki, riyaziyyatın maraqlı, əyləncəli olduğunu göstərək, fənnə olan sevgini artıraq, riyaziyyatın yalnız mücərrəd məfhumlardan ibarət olmadığını təqdim edək”- deyə liseyin Riyaziyyat fənn rəhbəri Səbinə Nüsrətzadə kaspi.edu.az-a bildirib: “Riyaziyyatı öyrənmək vacibdir. Çünki bu fənnin həyatımızda mühüm rolu var. Şagirdlər də bu tədbirə böyük maraq göstərdilər. İştirakçılar həvəslə hazırladıqları təqdimatları nümayiş etdirdilər. Təqdim olunan riyazi materiallar şagirdlərin marağına səbəb oldu. Eləcə də sərgidə təqdimatçı kimi çıxış edən şagirdlər öz nitqlərini inkişaf etdirməyə nail olurlar”.
Qeyd edək ki, eyni formatda sərgi Azərbaycan və rus dillərində Kaspi Ağ Şəhər liseyində və Kaspi Bakıxanov filialında da keçirilib.
Kaspi.edu.az