Kaspi Liseyinin şagirdləri “VEX Robotics” yarışmasında 1-ci oldular
- Ana Səhifə
- Xəbərlər & Tədbirlər
- Kaspi Liseyinin şagirdləri “VEX Robotics” yarışmasında 1-ci oldular
- 09 Mart 2023
Kaspi Liseyinin şagirdləri “VEX Robotics” yarışmasında 1-ci oldular
Kaspi Liseyinin komandası ABŞ-da keçiriləcək beynəlxalq yarışda ölkəmizi təmsil edəcək
Dünyanın ən böyük robototexnika müsabiqəsi olan "VEX Robotics" Azərbaycan turnirinin final mərhələsi başa çatıb. 27 fevral - 3 mart 2023-cü il tarixlərində Heydər Əliyev adına Müasir Təhsil Kompleksində keçirilən yarışma Kaspi Liseyinin şagirdləri üçün uğurla nəticələnib. Kaspi Liseyi yarışmada 3 komanda ilə təmsil olunub. Komandalardan biri 1-ci yerə layiq görülüb, digər komandalmız isə 4-cü yerdə qərarlaşıb. Kvalifikasiya turunda cəmi 23 komanda iştirak edib, sonda 10 komanda finala vəsiqə qazanıb.
Kaspi Liseyinin Layihə olimpiadaları üzrə koordinatoru Mircəlal Seyidov kaspi.edu.az-a məlumat verdi ki, yarışma 2 yaşdan 17 yaşa qədər dünya şagirdlərini əhatə edi:. “Hər ölkə üzrə kvalifikasiya çempionatları müəyyən qurumlarla əməkdaşlıq çərçivəsində keçirilir. Bizim ölkəmizdə “VEX Robotics”-lə əməkdaşlıq edən STEAM Azərbaycan qurumudur. Bu qurum Tədqiqat İnstitutunun nəzdində yaradılıb. STEAM Azərbaycan il ərzində iki böyük tədbiri –“SAF” STEAM Azərbaycan Festivalını və “VEX Robotics” çempionatını həyata keçirir. Biz bu çempionata 3 komanda ilə - “Predators”, “Invictus” və “Real Trio” komandaları ilə qoşulmuşduq”. M.Seyidov bildirdi ki, yarışmanın finalında Bakıxanov Filialının “Predator” komandasının üzvləri Ömər İsgəndər, Elnur Yusibov və Orxan Abduləliyev 182 xal yığaraq indiyə qədər ölkədə rəsmi çempionatlarda yığılmış rekordu təzələyərək ən yüksək xala imza atıblar. Ağ Şəhər Liseyindən “Invictus” komandası 4-cü, Bakıxanov Liseyinin “Real Trio” komandası isə 15-ci yerdə qərarlaşıblar.
Kaspi Liseyinin “Robotika” üzrə olimpiada hazırlığının təlimçisi Kamran Əsgərov hazırlıq prosesinə oktyabr ayından başladıqlarını bildirdi: “Bundan əvvəl keçirilən SAF 2022-də iştirak etmişdik. Qeyd etdiyim olimpiada bizim zəif tərəflərimizi görməyə və sonrakı mərhələlər üçün daha təkmil robot qurmağa kömək oldu”. K.Əsgərov qeyd edir ki, “Vex Robotika” olimpiadalarının maraqlı və faydalı yanaşmaları saymaqla bitməz: “Bunlardan ən əsası hər oyuna çıxdıqda, qarşıda duran komanda ilə rəqib deyil, əməkdaş olmaqdır. Nəticədə, şagirdlər yeni dostluqlar qurur və birgə strategiyalar hazırlayırlar. Hazırlıq zamanı komanda işi, tənqidi yanaşma, səhvlərdən öyrənmə kimi bacarıqlara yiyələnən şagirdlər, gələcəyə mühəndis bacarıqları olan fərdlər kimi yetişirlər. Robot qurmaq və proqramlaşdırma ilə iş bitmir, həmçinin yarış zamanı robotu idarəetmə və ittifaq qurduğun komanda ilə düzgün strategiya seçmək çox vacibdir”.
Artıq Kaspi Liseyinin komandası ölkə turunu keçərək, finala vəsiqə qazanıb. ABŞ-da keçirilən, beynəlxalq yarışda ölkəmizi təmsil edəcək komandamız robotları üzərində təkmilləşdirmə işlərinə başlayıb. Komandamız 4 aprel- 25 may tarixlərində ABŞ-ın Texas ştatının Dallas şəhərində keçiriləcək final yarışmasında iştirak edəcək.
Qaliblərin sevinci
“VEX Robotics” yarışmasında 1-ci yeri qazanan Bakıxanov Filialının “Predator” komandasının üzvü Ömər İsgəndər kaspi.edu.az-a sevincini bölüşdü: “Yarış başlayanda çox həyəcanlı idik. Bütün iştirakçılar kimi məqsədimiz qalib gəlmək idi. Bu uğura nail olduğumuza görə çox sevinir və fəxr edirik. Bu uğur bizi digər yarışlara da həvəsləndirdi. Zəhmətimiz, çalışmalarımız öz bəhrəsini verdi. Bizi yarışa hazırlaşdıran, bizə daim motivasiya verən Kaspi Liseyinin müəllimlərinə minnətdarıq! İnanırıq ki, yarışmanın ABŞ-da keçiriləcək final mərhələsindən də uğurla dönəcəyik”.
Komandanın digər üzvü Elnur Yusibov da eyni sevinci yaşayır: “Yarış olduqca maraqlı və həyəcanlı keçdi. Robotumuz bəzən problem yaradırdı. Həmçinin digər komandaların yüksək xal yığmağı rəqabət hissimizi daha da artırırdı. Buna baxmayaraq, heç vaxt ruhdan düşmədik. Mən bu yarışdan onu öyrəndim ki, əzmli olmaq lazımdır, hər çıxan problemi özümüzdə həll etməyə çalışmalıyıq, heç vaxt inamımızı itirməməliyik”.
Orxan Abduləliyev də yarışmada 1-ci olmaqdan qürur duyur: “Bu qələbə təkcə bizim yox, təhsil aldığımız Kaspi Liseyinin, bütün şagirdlərin və müəllimlərin qələbəsidir. Yarışmada iştirak edən bütün şagirdlər qalib olmaq istəyirdi. Biz fərqləndik. Bu uğur bizi daha böyük nailiyyətlər qazandırmağa ruhlandırdı”.
Xatırladaq ki, “VEX Robotics” Ginnesin rekordlar kitabına düşən dünyanın ən böyük robototexnika yarışmasıdır. VEX robototexnika dərsləri şagirdlərin proqramlaşdırma, robot konstruksiyası, sensorlarla iş və avtomatlaşdırma ilə yanaşı, onların həm 21-ci əsrin bacarıqlarını, həm də gündəlik həyatda uğur qazanmaq üçün lazım olan bacarıqlarını mükəmməlləşdirir. Elm və mühəndislik prinsiplərindən başqa, VEX Robotics modellərinin qurulması zamanı qruplar arasında yaradıcılıq, komanda işi, liderlik və problemlərin həllinin daha optimal yollarının tapılmasına təşviq edir.
Kaspi Liseyinin komandasına ABŞ-da keçiriləcək yarışmada uğurlar arzulayırıq!
Kaspi.edu.az