Kaspi Liseyinin şagirdləri istehsalat prosesi ilə tanış olublar

Kaspi Liseyinin şagirdləri istehsalat prosesi ilə tanış olublar

Kaspi Liseyinin şagirdləri istehsalat prosesi ilə tanış olublar

Şagirdlər Məişət Tullantılarının Çeşidlənməsi zavoduna ekskursiya ediblər

Kaspi Liseyinin Ağ Şəhər və Bakıxanov filiallarının 10-cu sinif şagirdləri Balaxanı qəsəbəsində yerləşən Bərk Məişət Tullantılarının Çeşidlənməsi zavoduna ekskursiya ediblər. Liseyin coğrafiya müəllimlərinin rəhbərliyi ilə keçirilən ekskursiyada şagirdlər zavodun istehsalat prosesi ilə yaxından tanış olublar.

Liseyin coğrafiya fənn rəhbəri Zaur Əliyev kaspi.edu.az-a bildirdi ki, ekskursiya Coğrafiya fənn birləşməsi olaraq liseyin illik fəaliyyət planında nəzərdə tutulub: “Şagirdlərdə təbiətdən istifadəyə düzgün münasibətin aşılanması ekoloji təhsil və tərbiyənin əsasını təşkil edir. Bu sahədə coğrafiya müəllimlərinin də üzərinə böyük məsuliyyət düşür. Ekskursiya şagirdlərdə ətraf mühitin dərk olunması və təbiətə qayğı ilə yanaşmanın formalaşdırılması məqsədi daşıyırdı. Həmçinin ətraf aləmin çirklənməsinə səbəb olan tullantılar və onlardan istifadə mövzusunda çagirdlərin nəzəri, praktik bilik və bacarıqlarının artırılması idi”. Z.Əliyev bildirir ki, ekskursiya zamanı zavodun inşa edilməsinin məqsədi (təkrar emal sahəsini inkişaf etdirmək) barədə şagirdlərə məlumat verilib. Belə ki, illik gücü 200 min ton olan zavod qabaqcıl alman texnologiyaları əsasında qurulub. “Şagirdlər çeşidləmə prosesi ilə tanış oldular. Çeşidləmənin aparılması nəticəsində təkrar emal üçün yararlı olan kağız, şüşə, plastik, əlvan metal, dəmir və digər xammalların ayrılmasını, bunun nəticəsində tullantıların ümumi həcminin azalmasını müşahidə etdilər. Səmərəli utilizasiya (tullantıların zərərsizləşdirilməsi) nəticəsində tullantıların ətraf mühitə mənfi təsirinin azaldığını öyrəndilər. Bundan əlavə, məişətdə əmələ gələn elektron, batareya və akkumulyator kimi təhlükəli tullantılar ümumi kütlədən ayrılaraq düzgün utilizasiya məqsədi ilə aidiyyatı yerlərə göndərilməsi barədə də məlumat əldə etdilər”.

Şagirdlərə çeşidləmənin “Ətraf mühitə və insan sağlamlığına mənfi təsirlərin azaldılması”, “Təbii ehtiyatlara və enerjiyə qənaət”, “Təkrar emal sənayesinin stimullaşdırılması”, “Təkrar emala yararlı və ucuz xammal bazası”, “Son tullantı miqdarının və həcminin azaldılması”, “Yeni iş yerlərinin yaradılması” kimi üstünlükləri haqqında məlumat verilib: “Tullantıların məişət və istehsalat tullantıları olaraq qruplaşdırılması, çeşidlənməsi, tullantıların utilizasiyasının əsas istiqamətləri (basdırılma, yandırılma, təkrar emal, kompost) haqqında nəzəri bilikləri olan şagirdlərimiz ekskursiyada əyani olaraq bu proseslərlə tanış oldular”.

Tullantıların çeşidlənməsi ilə bağlı keçirilən yarışda şagirdlər həvəslə iştirak ediblər. Bakıxanov filialının şagirdləri yarışın qalibi olublar.

Z.Əliyev bildirir ki, belə ekskursiyaların təşkili tədrisin elmi və praktiki xarakterini artırmağa, onun həyat və təcrübə ilə əlaqəsini gücləndirməyə imkan verir.

Kaspi.edu.az

                                                                                       

                                                                                    

Yeniliklərə Abunə Olun

Tədris sahəsindəki fəaliyyətlərimizlə, eləcə də digər yeniliklərlə bağlı məlumat əldə etmək üçün abunə olun.

E-Mail ünvanınız