Kaspi Liseyinin gənc rəssamları

Kaspi Liseyinin gənc rəssamları

Kaspi Liseyinin gənc rəssamları

Liseyin 11-ci sinif şagirdlərinin “İlk addım” adlı rəsm sərgisi keçirildi

“Rəssamları digər sənət adamlarından fərqləndirən bir çox xüsusiyyətləri var. Ən əsası odur ki, onlar gözlə görünməyən hissləri kətan üzərində təsvir edirlər. Rəssamlıqda real aləmin həcmi, rəngi, məkan, əşyaların maddi forması, işıq və hava mühiti və s. kimi gözlə qavranılan, obyektiv surətdə mövcud olan əlamətlər canlandırılır”. Kaspi Ağ Şəhər Liseyinin 11-ci sinif şagirdlərinin əl işlərindən ibarət “İlk addım” adlı rəsm sərgisində səslənən bu fikirlər qonaqları gənc rəssamların yaradıcı dünyasına real səyahətə dəvət etdi.

Xətai Sənət Mərkəzində baş tutan sərgidə liseyin 11-ci sinif şagirdləri Humay Mustafazadə ilə Fidan Mürsəliyeva qonaqları öz sənət dünyalarının sehrinə saldılar.

Kaspi Ağ Şəhər liseyinin sosial fəaliyyətlər və məzunlarla iş  üzrə rəhbəri Elnur Əzizov məlumat verdi ki, Humay və Fidan gələcək təhsil həyatlarını incəsənət istiqamətində planlayırlar: “İnanırıq ki, təşkil olunmuş bu rəsm sərgisi şagirdlərimizin gələcək karyera həyatına bir mayak olacaq. Bu gün biz şagirdlərimizlə bərabar xəyalını qurduqları gələcəyin ilk addımlarının sevincini yaşayacağıq. Gələcək işlərində şagirdlərimizə uğurlar arzulayırıq!”

Kaspi Təhsil Şirkətinin təsisçisi Sona Vəliyeva nümayiş olunan əsərləri gənc rəssamların psixoloji və ruh hallarının məhsulu kimi dəyərləndirdi: “İçində düşüncə azadlığı olmayan adam belə əsər yarada bilməz. Biz də, ailələriniz də həmişə sizin düşüncə azadlığınızın olmasına təkan vermişik”. S.Vəliyeva gənclərə uğur arzulayaraq “Kaspi liseyi təkcə bilik vermir, həmçinin şagirdlərin bacarıqlarını ortaya çıxarmaq üçün fəaliyyətlər həyata keçirir. Amma insanın öz içində qabiliyyət və istedad olmasa bu, alına bilməz. Hər birinizə daha böyük sərgilərinizin keçirilməsini, gələcəkdə universitet həyatınızda təhsilinizlə yanaşı yaradıcılığınızı da davam etdirməyi arzulayıram!”

Kaspi Ağ şəhər liseyinin direktoru Rəqsanə Məmmədova qeyd etdi ki, bu sərgi gənc rəssamların həyatında unudulmaz gündür: “Bu, həqiqətən də ilk addımdır. Gəncləri gələcək uğurlara və yaradıcılığa həvəsləndirəcək, onlara stimul verəcək. İnanırıq ki, bu gənc rəssamlar daha böyük sərgilərdə iştirak edəcəklər. Biz də onlara hər cür dəstək göstərməyə hazırıq”.

Fidan və Humayın valideynləri sərginin təşkilinə görə təşəkkürlərini bildirdilər: “Belə sərgini təşkil etmək gənc nəsil üçün əhəmiyyətlidir. Bu onların ilk addımına təkan verəcək”.

Liseyin gənc rəssamları - Humay və Fidan da öz növbəsində sərginin təşkili üçün Lisey rəhbərliyinə minnətdarlıq etdilər: “Bu, bizi daha yaxşı əsərlər yaratmağa həvəsləndirir”.

Sərgidə əsərlərin nümayişi maraqla qarşılandı. Liseyin musiqi qrupları bədii proqramla çıxış etdilər.

kaspi.edu.az

Yeniliklərə Abunə Olun

Tədris sahəsindəki fəaliyyətlərimizlə, eləcə də digər yeniliklərlə bağlı məlumat əldə etmək üçün abunə olun.

E-Mail ünvanınız