Kaspi Ağ Şəhər Liseyində ”Məzun Günü 2024”

Kaspi Ağ Şəhər Liseyində ”Məzun Günü 2024”

Kaspi Ağ Şəhər Liseyində ”Məzun Günü 2024”

Bu il Kaspi Ağ Şəhər liseyini 22, Bakıxanov liseyini 32 məzun bitirir

“İnsan həyatında elə günlər olur ki, unudulmur. Bu günlərdən biri də Son Zəng günüdür...” Kaspi Ağ Şəhər liseyinin “Məzun günü”ndə səslənən bu fikirlər müstəqil həyata qədəm qoyan məzunları Rəşid Behbudov adına Mahnı Teatrının səhnəsinə topladı...

Tədbirdə Vətənimizin bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi. Azərbaycanın Dövlət Himni səsləndi.

Tədbirin aparıcıları Selcan və Zakir qeyd etdilər ki, məktəb illəri hər bir insanın həyatında xüsusi rol oynayır: “Biz burada oxumağı, yazmağı, dost olmağı, ən əsası insan olmağı öyrənirik. Bu mənada məktəb bizə ikinci bir ev, ikinci bir ailə olur. Vaxtilə ayrı-ayrı yerlərdə doğulduq, ayrı yerlərdə boya-başa çatdıq. Və bir gün yollarımız Kaspi liseyində kəsişdi...” 

Kaspi Təhsil Şirkətinin İdarə Heyətinin sədri Sona Vəliyeva məzunları və onların valideynlərini təbrik edərək “Bu, artıq bizim ikinci məzun tədbirimizdir. Əvvəl hər iki lisey Məzun gününü birlikdə qeyd etsə də indi ayrı-ayrılıqda qeyd edirlər. Bu məzun günü Liseyin 10 iliyinə təsadüf etməsi baxımından da əlamətdardır. Bu illər ərzində dövlətimizin təhsil siyasətinə töhfə verməyə çalışmışıq. İllər sanki göz qırpımında keçdi. Dünən pillələri qalxıb 1-ci sinfə gələn uşaqlar bu gün məzun kimi məktəbimizi bitirirlər. Bu, çox qürurlu və fərəhli hadisədir!” Təsisçi qeyd etdi ki, liseyin məzunlarından Amerikada, Avropa ölkələrində, Türkiyədə və öz ölkəmizdə müxtəlif sahələrdə çalışanlar var: “Kaspi-nin uğurları təkcə liseyin deyil, Azərbaycan təhsilinin uğurudur”. S.Vəliyeva Ulu Öndər Heydər Əliyevin “Təhsil bir millətin gələcəyidir”- müdrik kəlamını xatırlayıb: “Təhsil gənclərin özgüvənidir”-deyə bildirdi: “Bu təhsili onlara böyük və peşəkar bir müəllim ordusu verib. Mən həmin müəllimlərə təşəkkürümü bildirirəm!” S.Vəliyeva gənclərin milli ruhda tərbiyəsinin vacib olduğunu vurğuladı: “Uşaq yaxşı oxuya da, oxumaya da bilər və ya medal qazanmaya bilər. Əsas odur ki, onun azərbaycançılıq ruhu olsun. Gənclər milli dəyərlərə yiyələnsinlər. Biz dünya təhsilini mənimsəyən, milli ruhda tərbiyə alan gənclər yetişdirməyə çalışırıq”. S.Vəliyeva gəncləri təbrik edərək onlara uğurlar arzuladı: “Yolunuz həmişə açıq olsun. Sizə həmişə dəstək göstərməyə hazırıq!”

Kaspi Ağ Şəhər Liseyinin direktoru Rəqsanə Məmmədova məzunları təbrik edərək kövrəldiyi “Mən də valideynlər və məzunlar qədər həyəcanlıyam. Məzunlarımız müstəqil həyata qədəm qoyurlar. Bu, məsuliyyətli yaş həddidir. Qürur duyuruq ki, biz qlobal aləmlə ayaqlaşan, milli düşüncəyə malik gənclər yetişdiririk. Səsiniz dünyanın hər yerindən gəlsin!”.

Liseyin ibtidai siniflər üzrə müdir müavini  Mahirə Hüseynova və ibtidai sinif müəllimi Könül Abdullayeva məzunları təbrik etdilər: “Sizlərin ilk müəllimi olmağımızla fəxr edirik. İlk dəfə məktəbə gəldiyiniz gün indiki kimi yadımızdadır. İndi sizi müstəqil həyata yola salırıq. Hamınıza uğurlar arzulayırıq!”

Məzunların ifa etdiyi “Ey həyat, sən nə qəribəsən” mahnısı, “Uzundərə” xalq rəqsi, müxtəlif xalqların rəqsləri, məktəb və müəllimlərə həsr olunan mahnı və şeirlər tədbirin daha yaddaqalan olmasına səbəb oldu.

Mərasimdə çalınan “Son zəng” məzunları müstəqil həyata səslədi. Liseyin birinciləri məzunları təbrik etdilər. Məzunlar da birinciləri hədiyyələrlə sevindirdilər.

Yolunuz açıq, taleyiniz uğurlu olsun, əziz məzunlar!

kaspi.edu.az

Yeniliklərə Abunə Olun

Tədris sahəsindəki fəaliyyətlərimizlə, eləcə də digər yeniliklərlə bağlı məlumat əldə etmək üçün abunə olun.

E-Mail ünvanınız