Faşizm üzərində qələbənin 80-ci ildönümüdür
- Ana Səhifə
- Xəbərlər & Tədbirlər
- Faşizm üzərində qələbənin 80-ci ildönümüdür
- 09 May 2025
Faşizm üzərində qələbənin 80-ci ildönümüdür
Prezident İlham Əliyev 9 May – Faşizm üzərində Qələbə Günü ilə bağlı paylaşım edib
9 May tarixində İkinci Dünya müharibəsində alman faşizmi üzərində tarixi Qələbənin 80-ci ildönümü qeyd olunur.
Faşizm üzərində qələbə Azərbaycanda da rəsmi dövlət bayramı kimi qeyd olunur. Qələbə Günü münasibətilə ölkənin müxtəlif bölgələrində və paytaxtda tədbirlər keçirilir.
Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev və birinci xanım Mehriban Əliyeva faşizm üzərində Qələbə uğrunda mübarizədə həlak olan Azərbaycan övladlarının xatirəsini ehtiramla anıblar. Prezident İlham Əliyev 9 May – Faşizm üzərində Qələbə Günü ilə bağlı sosial media hesablarında paylaşım edib.
kaspi.edu.az xəbər verir ki, bəşəriyyət üçün dəhşətli, faciəli fəlakətlər dövrü kimi yadda qalan İkinci Dünya müharibəsi həmin gün SSRİ-nin qələbəsi ilə başa çatıb və faşizm süqut edib. Bu qələbə heç də asan başa gəlməyib. Yüzlərlə, minlərlə həmvətənlərimiz bu qələbə naminə canlarından keçiblər. Onlar Azərbaycanın hüdudlarından çox-çox uzaqlarda mərdliklə, hünərlə vuruşaraq, həm də doğma Azərbaycan torpağını qoruyublar. Müharibədə Azərbaycanın 600 mindən çox oğul və qızının amansız düşmənlə döyüşlərdə göstərdikləri misilsiz şücaət və igidlik, arxa cəbhədə çalışanların isə əmək rəşadəti dillər əzbəridir və bugünki nəsillər üçün daim örnək olaraq qalacaqdır.
Azərbaycan xalqının İkinci Dünya müharibəsində göstərdiyi qəhrəmanlıq nümunələri haqqında çoxlu sayda şeirlər, kitablar yazılmış, bədii və sənədli filmlər çəkilmiş, qəhrəmanların şərəfinə abidələr ucaldılmış, onların adları əbədiləşdirilmişdir.
170 mindən çox azərbaycanlının orden və medallarla təltif edilməsi, 130 nəfər həmyerlimizin isə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülməsi buna əyani sübutdur. Əgər o vaxt Azərbaycan nefti cəbhəyə göndərilməsəydi, bu müharibə qələbə ilə bitməzdi. Ümummilli Lider Heydər Əliyev 1995-ci ildə Qələbənin 50 illiyi ilə bağlı keçirilən təntənəli tədbirdə: “Bu qələbənin çalınmasında Azərbaycanın xüsusi rolu bir də ondan ibarətdir ki, Azərbaycan Respublikasının nefti o vaxtlar həmin müharibənin uğurla aparılması üçün ən mühüm amillərdən biri olmuşdur”-deyə qeyd edib.
Müharibənin ilk illərində faşist Almaniyası işğal etdiyi Avropa ölkələrinin iqtisadi və hərbi potensialını öz əlində cəmləşdirmişdi. Lakin “Hər şey cəbhə üçün, hər şey qələbə üçün” şüarı altında bütün sovet xalqlarını birləşdirdi. Bununla da düşmənin hücumları nəinki dayandırıldı, faşistlər Moskva, Stalinqrad, Kursk və başqa şəhərlər uğrunda döyüşlərdə ən ağır və sarsıdıcı məğlubiyyətə uğradı, 1945-ci ildə isə tamamilə məğlub edildi.
Humanizm və insanpərvərlik prinsiplərini həmişə üstün tutan Prezident İlham Əliyev tariximizə daim hörmətlə yanaşaraq veteranlara yüksək qayğı göstərməkdə davam edir. Dövlətimizin başçısı hər il 9 May - Qələbə günü ərəfəsində İkinci Dünya müharibəsi iştirakçılarına birdəfəlik maddi yardım verilməsi barədə Sərəncam imzalayır. Prezident İlham Əliyevin 2025-ci il aprelin 21-də imzaladığı “1941-1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında” Sərəncamı da veteranlara və onların ailələrinə olan diqqət və qayğının bariz nümunəsidir. Sərəncam ümumilikdə 2 min 340 şəxsə şamil olunub və onlardan 21-i İkinci Dünya müharibəsi iştirakçısıdır.
kaspi.edu.az