“Ürəklə gəl, ürəklə al...”

“Ürəklə gəl, ürəklə al...”

“Ürəklə gəl, ürəklə al...”

Kaspi Ağ Şəhər liseyi ənənəvi xeyriyyə yarmarkası keçirib

“Xeyriyyə yarmarkaları şagirdləri, müəllimləri və valideynləri bir araya gətirir. Bu tədbirlər birlik və həmrəylik hissini gücləndirir, ortaq bir iş üçün əməkdaşlığı və dəstəyi təşviq edir”.

Kaspi Ağ Şəhər Liseyində keçirilən Xeyriyyə Yarmarkası həmçinin məktəblilərdə şəxsi və peşəkar inkişaf üçün vacib olan tədbirin planlaşdırılması, komanda işi, liderlik, ünsiyyət, özgüvən, empatiya, yaradıcılıq, problemin həlli və qismən də maliyyə savadlılığı kimi praktiki vərdişlər əldə etmək bacarıqlarını formalaşdırır, onlarda xeyirxahlıq, mərhəmət hisslərini tərbiyə edir.

Liseyin direktoru Rəqsanə Məmmədova “Ürəklə gəl, ürəklə al” adlı yarmarkada qonaqları salamlayaraq artıq xeyriyyə yarmarkalarının liseydə ənənəyə çevrildiyini bildirib: “Yarmarkanın məqsədi şagirdlərdə praktiki bacarıqları formalaşdırmaq, xeyirxahlıq və mərhəmət hisslərini tərbiyə etməkdir”.

Liseyin Sosial Fəaliyyətlər və Məzunlarla iş  üzrə rəhbəri Elnur Əzizov kaspi.edu.az-a açıqlayıb ki, yarmarkanı keçirməkdə məqsəd həmçinin toplanan ianələrlə xeyriyyə qurumlarına, aztəminatlı ailələrə, müalicəyə ehtiyacı olan azyaşlıların qeydiyyatda olduğu qurumlara, tibbi köməyə ehtiyacı olanlara birbaşa dəstək olmaqdır: “Daha çox ianənin toplanması kimi hədəfimiz yoxdur. Ona görə də maddi olaraq ianələrin toplanmasını təşkil etməyi yox, yarmarka, konsert və s. kimi fəaliyyətlər təşkil edərək şagirdlərə vacib olan bacarıqları aşılamağı hədəfləmişik. Bu kimi fəaliyyətlərdə şagirdlər birbaşa prosesin içində olur və onu hiss edir, yaşayırlar. Onlar əziyyət çəkdikləri üçün atdıqları addımın, etdikləri yaxşılıqların fərqində olurlar. Əsas hədəfimiz onlarda bu hissləri aşılamaq, həmçinin məlumatlılıq, komanda işi və əməkdaşlıq, yumşaq bacarıqlar, könüllülük və s. kimi bacarıqların formalaşdırılmasına nail olmaqdır”. E.Əzizov qeyd edib ki, xeyriyyə yarmarkaları sosial problemlərlə üzləşən insanlar haqqında məlumatlılığı artırmaq üçün platforma rolunu oynayır: “Bu kimi fəaliyyətlər şagirdlərə cəmiyyətimizdəki sosial problemlərlə üzləşən insanlar barədə məlumat verir”.

Xeyriyyə yarmarkaları həmçinin şagirdlərdə Korporativ Sosial Məsuliyyətin (KSM) təşviqini aşılamaqdır: “Hər birimizin şəxsi həyatımızla, işimizlə bağlı olan məsuliyyətimizdən əlavə sosial məsuliyyətlərimiz də var. Cəmiyyətimizdə bunun fərqində olan və olmayan insanlar mövcuddur. Məktəb olaraq bu istiqamətdə məqsədimiz gələcəkdə sosial məsuliyyətinin fərqində olan fərdlərin yetişdirilməsinə nail olmaqdır”.

Tədbirə qatılan hər bir sinif müəyyən olunmuş vaxtda yarmarkada iştirak edərək alış prosesinə dəstək olub. Satıcı olan şagirdlər də, satış üçün qida və əl işləri gətirən məktəblilər də alış prosesində iştirak ediblər. Yarmarkada müəllim və şagirdlərin işbirliyi nəticəsində əl işləri, şirniyyatlar, desertlər, təbii meyvə şirələri və s. kimi qidalar satışa çıxarılıb. Sağlığa ziyanlı qidaların (çipsi, kremli, rəngli qidalar və s.) gətirilməsi öncədən qadağan olunub. Satışa çıxarılan məhsullara simvolik qiymətlər təyin olunub. Alış-veriş pulla deyil, “ürək”lə həyata keçirilib. Yığılan məbləğ liseyin Şagird Parlamenti liderlərinin iştirakı ilə hesablanıb və hesabatlılıq valideynlərə də təqdim olunub.

Yuxarı sinif şagirdləri yarmarkada könüllü qismində iştirak ediblər. Liseydə bu ildən fəaliyyətə başlayan Valideyn Platforması da, sinif rəhbərləri tərəfindən dəvət olunan valideynlər də fəallıq nümayiş etdiriblər.

Kaspi Təhsil Şirkətinin təsisçisi və İdarə Heyətinin sədri Sona Vəliyeva və İH-nin üzvləri də yarmarkada iştirak ediblər.

 

kaspi.edu.az

Yeniliklərə Abunə Olun

Tədris sahəsindəki fəaliyyətlərimizlə, eləcə də digər yeniliklərlə bağlı məlumat əldə etmək üçün abunə olun.

E-Mail ünvanınız