Kaspi-nin 3 abituriyenti 300 bal topladı

Kaspi-nin 3 abituriyenti 300 bal topladı

Kaspi-nin 3 abituriyenti 300 bal topladı

Onlar yüksək nəticə qazanan 14 şagirdin sırasında yer alıblar

Dövlət İmtahan Mərkəzinin (DİM) 03.03.2024-cü il tarixində 11-ci sinif şagirdləri üçün keçirdiyi Buraxılış imtahanlarının nəticələri Kaspi Təhsil Şirkətinin Abituriyent Hazırlığı  Kurslarında təhsil alan şagirdlər üçün uğurlu olub. Mərkəzin filiallarında və nümayəndəliklərində təhsil alan abituriyentlər yüksək nəticələr qazanıblar.

Kaspi Abituriyentin rəsmi tərəfdaşı, Qəbələ Abituriyent və Repetitor Birliyinin 3 şagirdi isə Buraxılış imtahanında 300 bal toplamaqla ən yüksək nəticəni göstərən14-şagirdin sırasında yer alıblar. Abituriyentlərdən Lalə Xancanova, Elşən Yusibov və Səidə Rəhimova bu uğurla təkcə özlərinə və valideynlərinə deyil, həmçinin müəllimlərinə də böyük sevinc yaşadıblar.

Hər üç abituriyent kaspi.edu.az-a açıqlamalarında qazandıqları yüksək nəticəyə görə müəllimlərinə  minnətdarlıqlarını bildirdilər.

Bütün müəllimlərimə sonsuz təşəkkürlər!

Buraxılış imtahanında 300 bal toplayan Lalə Xancanova bildirdi ki, hər bir şagird kimi imtahanda yüksək nəticə əldə etmək onun da arzusu olub: “İmtahanda yaxşı nəticə qazanmaq mənim arzum idi, amma belə bir yüksək nəticə həqiqətən mənim üçün sözlərə ifadə edilə bilməyəcək qədər sevincli bir hadisədir. Təkcə özüm yox, məni dəstəkləyən, hər zaman yanımda olan valideynlərim, müəllimlərim də bu sevinci ən yüksək səviyyədə yaşadılar. Onlara bu hissi yaşatdığım üçün çox xoşbəxtəm”. L.Xancanova bildirdi ki, dərslərə hazırlıq müddətində özünü hərtərəfli təkmilləşdirmək üçün gecə-gündüz çalışıb: “Əlbəttə, motivasiya önəmlidir, eyni zamanda dərslərə hər zaman möhkəm iradə ilə davam etmək çox vacibdir”. Abituriyent bu uğuru qazanmağında ona dərs deyən müəllimlərin böyük əməyini qeyd etdi: “Müəllimlərim olmasaydı bəlkə də bu uğura nail olmazdım. Ona görə də bütün müəllimlərimə sonsuz minnətdaram! Həm təhsil aldığım məktəbdə, həm də Kaspi Nümayəndəliyində müəllimlərim mənə yaxından dəstək oldular. Onlar təkcə bilik öyrətməklə kifayətlənmədilər, həmçinin mənəvi qayğılarını əsirgəmədilər”.

Arzum kardiocərrah olmaqdır

Eyni uğura imza atan digər abituriyent Elşən Yusibov bildirdi ki, uğur qazanmasının başlıca səbəbi müəllimlərinin zəhməti olub. Fənn müsabiqələrində, Respublika Fənn olimpiadalarında Riyaziyyat-kimya üzrə Bürünc medal qazanıb. “Əlaçı” verilişinin qalibi olub. 9-ci sinfi də əla qiymətlərlə başa vurub. Buraxılış imtahanında 289 bal toplayaraq rayon birincisi kimi fərqlənib: “Uğurlarımda fənn və kurs müəllimlərinin zəhməti danılmazdır. Səhərlər məktəbə, günortadan sonra Qəbələdəki Kaspi Nümayəndəliyində oxumuşam, gecə-gündüz  vaxtımı oxumağa sərf etmişəm”. E.Yusibovun arzusu Tibb Universitetinə daxil olmaq, kardiocərrah olmaqdır: “Sonra təhsilimi xaricdə davam etdirmək istəyirəm. Arzum  savadlı bir mütəxəssis kimi ölkəmizə qayıdıb xalqımıza xidmət etməkdir”.

Özümü çox xoşbəxt və qürurlu hiss edirəm!

İmtahanda 300 bal toplayan Səidə Rəhimova da sevincini bölüşdü: “Hazırlaşdığım digər fənnlər kimi Buraxılış imtahanı verdiyim Riyaziyyat, Azərbaycan dili və İngilis dili fənlərinə də böyük həvəsim var. Buna görə də bu fənlərdən maksimum nəticə qazanmağı qarşıma məqsəd qoymuşdum. Sonda bu məqsədimə çatdım. Uğur qazanmağımda Kaspi Abituriyentin rəsmi tərəfdaşı olan Qəbələ Abituriyent və Repetitor Birliyinin böyük rolu var. Buna görə təhsil mərkəzinin kollektivinə təşəkkürlərimi bildirirəm! Valideynlərimin və müəllimlərimin etimadını doğrultduğum üçün özümü çox xoşbəxt və qürurlu hiss edirəm!”

Kaspi Təhsil Şirkəti olaraq Kaspi abituriyentlərinin valideynlərini və fədakar müəllimlərini təbrik edirik!

Buraxılış imtahanında uğur qazanan bütün şagirdlərimizə növbəti imtahanlarda uğurlar arzulayırıq!

kaspi.edu.az

 

Yeniliklərə Abunə Olun

Tədris sahəsindəki fəaliyyətlərimizlə, eləcə də digər yeniliklərlə bağlı məlumat əldə etmək üçün abunə olun.

E-Mail ünvanınız