Kaspi Liseyinin şagirdi Tennis üzrə Azərbaycan birinciliyinin qalibi oldu

Kaspi Liseyinin şagirdi Tennis üzrə Azərbaycan birinciliyinin qalibi oldu

Kaspi Liseyinin şagirdi Tennis üzrə Azərbaycan birinciliyinin qalibi oldu

6B şagirdi Murad Behbud 11-12 yaş kateqoriyasında birincilik qazanıb

Tennis üzrə Azərbaycan birinciliyi başa çatıb.

Gənclər və İdman Nazirliyi, Azərbaycan Tennis Federasiyasının birgə təşkilatçılığı ilə baş tutan yarışın yekun turniri Bakı Tennis Akademiyasında keçirilib. Turnirdə ümumilikdə müxtəlif yaş kateqoriyalarından 46 idmançı mübarizə aparıb. Kaspi Liseyinin 6B şagirdi Murad Behbud 11-12 yaş kateqoriyasında Respublika üzrə 1-ci yerin qalibi olub.

Balaca tennisçinin valideyni və müəllimləri onun gələcəkdə daha böyük uğurlara imza atacağına əmindirlər.

Muradın anası Aynurə Behbud oğlunun 5 yaşından tennisə həvəs göstərdiyini deyir: “Murad hələ Kaspi Kids-ə gedəndən tennisə maraq göstərir. O uşaqlıqdan dünyanın tanınmış tennisçilərinin şəklini yataq otağının divarına vurub. Onların fəaliyyətini, uğurlarını yaxından izləyir. Murad müntəzəm məşqlər edir. Həmçinin dərslərinə ciddi yanaşır. Keçən il də Qızıl sertifikat alıb”. A.Behbud bildirir ki, Muradın gələcəkdə idmanı və ya başqa sahəni seçəcəyini dəqiq bilmir: “Biz ailədə uşaqların bu seçiminə sərbəstlik vermişik. Qoy ürəkləri istəyən sənətin arxasınca getsinlər. Əgər Murad tennisi seçərsə və idmançı olarsa biz etiraz etmərik”. Valideyn Muradın uğur qazanmasında Kaspi Liseyinin müəllimlərinin  böyük əməyi olduğunu qeyd edir: “Müəllimləri sağ olsunlar ki, Muradın məşqlərinə də şərait yaradırlar. Çünki yarışlardan öncə ciddi məşqlər keçirilir və Murad hamısında iştirak etməli olur. Qarşıda Muradı böyük yarışlar gözləyir. Əvvəllər yaşı imkan vermədiyi üçün yarışlara qatıla bilmirdi. Artıq keçən ildən turnirlərdə iştirak etməyə başlayıb. Biz də, məktəb də bunun üçün ona lazımı şəraiti yaratmağa çalışırıq”.

Liseyin idman müəllimi Kamal Babayev  Muradın fəal şagird olduğunu bildirir: “Murad dərslərdə də çox fəal iştirak edir. Onun əslində hər hansı bir idman növündə uğur qazanması mənim üçün o qədər də təəccüblü deyil. Çünki Murad həftəlik liseydə keçirilən idman dərslərində aktiv iştirak edir və fiziki göstəriciləri yaxşıdır”.

Muradın sinif rəhbəri Mətanət Rzayeva şagirdinin yaşıdlarından, sinif yoldaşlarından istedadına görə fərqləndiyini qeyd edir: “Murad çox məntiqli şagirddir. Dərslərinə tam hazırlaşır, mövzuları əla mənimsəyir. İdman dərslərində çox aktivdir, yaxşı futbol oynayır. Cəld, çevik uşaqdır. Həmçinin inadkardır, başladığı işi müvəffəqiyyətlə bitirməyi sevir”.

Şagirdimizi qazandığı uğur münasibətilə təbrik edir, qarşıdakı turnirlərdə yeni qələbələr arzulayırıq!

kaspı.edu.az

Yeniliklərə Abunə Olun

Tədris sahəsindəki fəaliyyətlərimizlə, eləcə də digər yeniliklərlə bağlı məlumat əldə etmək üçün abunə olun.

E-Mail ünvanınız