Kaspi Liseyinin şagird və müəllimləri Şəhidlər Xiyabanını ziyarət edib
- Ana Səhifə
- Xəbərlər & Tədbirlər
- Kaspi Liseyinin şagird və müəllimləri Şəhidlər Xiyabanını ziyarət edib
- 19 Yanvar 2026
Kaspi Liseyinin şagird və müəllimləri Şəhidlər Xiyabanını ziyarət edib
Ziyarət çərçivəsində şagirdlərə 20 Yanvar hadisələrinin səbəbləri, gedişatı və nəticələri haqqında geniş izahlar verilib
Kaspi Ağ Şəhər liseyinin şagirdləri 20 Yanvar faciəsinin ildönümü münasibətilə Şəhidlər Xiyabanını ziyarət ediblər.

Liseydən verilən məlumata görə, bu ziyarət təkcə anım xarakteri daşımayıb, eyni zamanda gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması, tarixi yaddaşın qorunması və milli kimlik şüurunun möhkəmləndirilməsi baxımından mühüm elmi-pedaqoji əhəmiyyət kəsb edib.

Şagirdlər Azərbaycanın azadlığı və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin məzarları önünə gül dəstələri qoyaraq, onların əziz xatirəsini dərin hörmət və ehtiramla yad edib, 20 Yanvar hadisələrinin ictimai-siyasi mahiyyəti və tarixi nəticələri barədə məlumatlandırılıblar.
Ziyarət çərçivəsində şagirdlərə 20 Yanvar hadisələrinin səbəbləri, gedişatı və nəticələri haqqında geniş izahlar verilib, faciənin Azərbaycanın müstəqillik yolunda dönüş nöqtəsi olduğu elmi arqumentlərlə diqqətə çatdırılıb.

Kaspi Ağ Şəhər liseyinin direktoru Həsən Həsənov çıxışında 20 Yanvar faciəsinin Azərbaycan xalqının azadlıq iradəsinin təzahürü olduğunu, bu hadisənin gənc nəslin vətəndaşlıq mövqeyinin formalaşmasında mühüm ideoloji baza yaratdığını qeyd edib. Direktor şəhidlərin xatirəsinin daim uca tutulmasının, onların göstərdiyi fədakarlığın elmi-tarixi aspektdən öyrənilməsinin və təhsil müəssisələrində sistemli şəkildə təbliğ olunmasının vacibliyini vurğulayıb.

Belə tədbirlər gənclərin tarixi prosesləri daha dərindən dərk etməsinə, milli-mənəvi dəyərlərə hörmət ruhunda formalaşmasına və cəmiyyət qarşısında məsuliyyət hissinin inkişafına xidmət edən mühüm tərbiyəvi mexanizm kimi qiymətləndirilir.
Kaspiliseyi.az

