Bu gün - 26 fevral Xocalı faciəsinin 32-ci ildönümüdür

Bu gün - 26 fevral Xocalı faciəsinin 32-ci ildönümüdür

Bu gün - 26 fevral Xocalı faciəsinin 32-ci ildönümüdür

Xalqımız Xocalı soyqırımı qurbanlarının xatirəsini qalib ölkə və xalq kimi ziyarət edir

Xocalı faciəsi XX əsrin ən dəhşətli və ən qəddarcasına törədilmiş Xatın, Xirosima faciələri ilə eyni səviyyədə durur.

1988-ci ildən başlamış Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi dövründə ən faciəli, tarixdə analoqu çox az olan hadisələrdən biri – Qarabağın ən qədim insan məskənlərindən biri olan Xocalıda baş vermiş soyqırımı olub. Xocalı Xankəndi şəhərindən 14 km şimal-şərqdə yerləşir.

1992-ci ilin qanlı faciəsinə kimi Xocalıda 7 min əhali yaşayırdı. Məlum hadisələr dövründə Ermənistandan, qonşu Xankəndindən ermənilər tərəfindən didərgin salınmış xeyli azərbaycanlı və 1989-cu ildə Fərqanədən qovulmuş məhsəti türkləri də burada məskunlaşmışdılar. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri Xankəndi şəhərində yerləşdirilmiş keçmiş SSRİ-nin 366-cı motoatıcı hərbi alayının köməyi ilə silahsız və köməksiz Xocalı şəhərinə hücum etdilər. Əvvəlcə şəhər dörd tərəfdən erməni qoşunları tərəfindən əhatə olundu, sonra isə Xocalıya artilleriya və ağır hərbi texnikadan güclü və amansız atəş açıldı. Az bir vaxt ərzində şəhərdə baş verən yanğından hər tərəf tamamilə alova büründü. Şəhərin müdafiəçiləri və yerli əhali buranı tərk etməyə məcbur oldular. Fevralın 26-sı səhər saat 5-ə kimi şəhər erməni işğalçıları tərəfindən zəbt edildi. Bir gecənin içərisində qədim Xocalı yerlə-yeksan edildi.

Şəhəri tərk etməyə məcbur olan əhali dağlara, meşələrə qaçdı. Hər tərəfdə silahlı ermənilər dinc əhalini güllələyib onlara amansız divan tutdular. Beləliklə, soyuq, qarlı fevral gecəsində nə qədər qız-gəlin əsir düşdü, girov götürüldü. Nə qədər insan erməni silahından yayınıb meşələrə, dağlara qaçsalar da, onların çoxu soyuqdan, şaxtadan məhv oldu…

Cinayətkar erməni qoşunlarının vəhşiliyi nəticəsində Xocalı əhalisindən 613 nəfər öldürüldü, 487 nəfər şikəst oldu, 1275 nəfər dinc sakin - qocalar, uşaqlar, qadınlar əsir götürülərək ağlasığmaz erməni zülmünə, təhqir və həqarətlərə məruz qaldılar. 150 nəfərin taleyi hələ də məlum deyil. Xocalıda öldürülmüş 613 nəfərdən 106 nəfəri qadın, 63 nəfəri uşaq, 70 nəfəri qocadır. Xocalı faciəsində 8 ailə bütövlükdə məhv edilmiş, 24 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirmişdir. Bu cinayətdə 56 nəfər xüsusi qəddarlıqla və amansızlıqla qətlə yetirilmişdir. Onlar diri-diri yandırılmış, başları kəsilmiş, üzlərinin dərisi soyulmuş, körpə uşaqların gözləri çıxarılmış, süngü ilə hamilə qadınların qarınları yarılmışdır. Ermənilər, hətta meyitləri də təhqir etmişlər… Bu əsl soyqırım idi.

Azərbaycan xalqı Xocalı faciəsini heç vaxt unutmur və unutmayacaq.

Ümummilli Lider Heydər Əliyevin 1 mart 1994-cü ildə imzaladığı Fərmanla Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə 26 fevral “Xocalı soyqırımı və milli matəm günü” elan olundu və bu barədə bütün beynəlxalq təşkilatlara məlumat verildi.

25 fevral 1997-ci ildə “Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında” Ulu Öndər Heydər Əliyev tərəfindən Fərman verildi.

Azərbaycanda torpaqlarımızın müdafiəsi uğrunda hər an şəhid olmağa hazır olan vətənpərvər nəsil yetişdi və 30 illik işğala qəhrəmanlıqla son qoydu. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev deyib: “Ermənilərin fikri özlərinə getməsin. Onlar, bəlkə də, öz tarixi vətənini unuda bilərlər. Azərbaycan xalqı heç vaxt öz tarixi vətənini unuda bilməz. Bu gün qaçqın şəhərciklərində, Bakıda, başqa yerlərdə Dağlıq Qarabağdan, işğal edilmiş bölgələrdən olan ailələrdə doğulan uşaqlar bir amalla, bir arzu ilə yaşayırlar ki, doğma torpaqlarına qayıtsınlar”. Milli ideyaya, güclü siyasi iradəyə əsaslanan bu fikir 2020-ci ilin sentyabrında real həyatda da öz təsdiqini tapdı. Ali Baş Komandan İlham Əliyevin çağırışı ilə ayağa qalxan igid oğullarımız bədnam düşmənin işğalçılıq siyasətinə, gündən-günə daha da böyüyən iddialarına, yeni işğalçılıq planlarına birdəfəlik son qoydular və xalqımızın tarixinə parlaq Qələbə yazdılar. Haqq-ədalət bərpa olundu.

Bu gün xalqımız XX əsrin ən dəhşətli qırğınlarından biri olan Xocalı soyqırımı qurbanlarının xatirəsini qalib ölkə, qalib xalq kimi ziyarət edir. Düşməndən bütün şəhidlərimiz kimi, Xocalı soyqırımı qurbanlarının da qisası alınıb.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

kaspi.edu.az

Yeniliklərə Abunə Olun

Tədris sahəsindəki fəaliyyətlərimizlə, eləcə də digər yeniliklərlə bağlı məlumat əldə etmək üçün abunə olun.

E-Mail ünvanınız