Bizi əhatə edən nə varsa, hər biri təbiət elmləri ilə bağlıdır

Bizi əhatə edən nə varsa, hər biri təbiət elmləri ilə bağlıdır

Bizi əhatə edən nə varsa, hər biri təbiət elmləri ilə bağlıdır

Kaspi-nin şagirdləri kimya və biologiya fənni üzrə müxtəlif bilik yarışlarında böyük nailiyyətlər əldə ediblər

Məktəbdə tədrisin əsas fənni ayrılıqda götürülmüş fizika, kimya, biologiya və s. deyil, bütövlükdə götürülmüş təbiət elmləridir. Elmin son nailiyyətləri göstərir ki, bir çox təbiət hadisələri təkcə bir təbiət elminin yox, bütün təbiət elmlərinin çərçivəsində öyrənildikdə daha aydın başa düşülür.

Kaspi Liseyinin Biologiya-Kimya-Təbiət fənn rəhbəri Pərvanə Aslanova kaspi.edu.az-a müsahibəsində şagirdlərin bu fənnə marağı ilə yanaşı, bu məqamlara da diqqət çəkib.

-Pərvanə müəllimə, əvvəllər kimya və biologiya fənləri ayrı-ayrılıqda tədris olunurdu. Hazırda isə bütün təbiət elmlərinin çərçivəsində öyrənilir. Səbəb nədir?

-Bütün təbiət elmlərinin birgə tədris olunması, bu elmlərin bir-birinə olan təsir və əlaqələrini daha yaxşı anlamağa kömək edir. Məsələn, insan orqanizmində və ya təbiətdə gedən bir çox bioloji proseslərin əsasında kimyəvi proseslər dayanır. Bu səbəbdən, bu mövzuların izahı zamanı hər iki fənnin birgə məlumatları şagirdlərə verildikdə mövzunu daha əhatəli şəkildə, məntiqi cəhətdən qavramalarına şərait yaratmış oluruq. Bu, həm kimyanın, həm də biologiyanın əsas prinsiplərini daha yaxşı anlamağa və tətbiq etməyə imkan yaradır. Beləliklə, 5 və 6-cı siniflərdə təbiət fənninin tədrisinin bir sıra müsbət yönləri də ortaya çıxmış olur.

Bütün təbiət elmlərinin birləşdirilməsi, həmçinin müasir tibbi və ekoloji problemlərə qlobal perspektivdə yanaşmağa imkan verir. İnsan sağlamlığı, təbii ekosistemlərin qorunması və dünya ətrafındakı təsirli proseslərin anlaşılması üçün fərqli elmlərin bir araya gətirilməsi tələb olunur. Bu, təbiət elmlərində birgə tədrisin əsas məqsədlərindən biridir.

-Təbiət elmlərini öyrənmək şagirdlərə nə üçün lazımdır?

-Əslində, şagirdlər özləri də bunun fərqindədir. Bizi əhatə edən nə varsa, hər biri təbiət elmləri ilə bağlıdır. Bu səbəbdən də bu elmləri öyrənmək bütün bu sirli aləmi anlamağımıza imkan yaradır. Beləliklə, bu faydalı cəhətləri aşağıdakı kimi sıralaya bilərik:

Ətraf mühiti anlamaq: Bu, hava şəraitindən su dövranına, ekosistemlərdən bioloji nümunələrə qədər geniş bir sahəni əhatə edir;

Müstəqil tədqiqat bacarığını inkişaf etdirmək: Şagirdlər, müstəqil tədqiqatlar apararaq problemləri həll etmək bacarığı qazanırlar;

Məntiqi təfəkkürü inkişaf etdirmək:  Verilənləri təhlil etməyi və nəticələri düzgün şəkildə qiymətləndirməyi öyrənirlər;

Tədqiqat qruplarında işləmək: Şagirdlər, tədqiqatlarını başqa tədqiqatçılarla paylaşmağa, təcrübələrini müqayisə etməyə və birgə çalışmağa imkan verən sosial bacarıqlar qazanırlar.

Bu səbəblərdən, təbiət elmləri şagirdlərin praktiki bacarıqlarını inkişaf etdirmələrinə və ətraf mühitin daha yaxşı anlaşılmasına kömək edən əsaslı bir təhsil sahəsidir.

- Şagirdlərin təbiət elmlərinə marağı məsələn, texniki və ya humanitar fənlərə olan maraqlarından fərqlidirmi?

-Təbiət elmlərinə marağın texniki və humanitar fənlərdən fərqlənməsində bir neçə faktor əhəmiyyətli rol oynayır. Əslində, biologiya həm humanitar, həm də texniki yönümlü fənn hesab olunduğundan şagirdlərdə bir sıra mövzularda müstəqil fikir yürütmək qabiliyyəti formalaşdırır. Məsələn, bir sıra müzakirə mövzuları üzrə debatlar, diskussiyalar təşkil etdikdə, əsasən də qlobal problemlər mövzusunda şagirdlərdən fərqli fikirlər, problemin aradan qaldırılması ilə bağlı fərqli həll yolları təklif olunur. Bu da şagirdlərdə daha çox marağa səbəb olur.

- Şagirdlərin bu fənlər üzrə qəbul imtahanlarına hazırlıq səviyyəsi necədir?

-Şagirdlərin kimya, biologiya fənnləri üzrə qəbul imtahanlarına hazırlığı yüksək şəkildə davam etdirilir. Təbii ki, burada hər bir şagirdin individual xüsusiyyətləri də rol oynayır. Bundan başqa, şagirdin həmin fənnlər üzrə fundamental biliklərinin də səviyyəsi çox vacibdir. Bu hissələrdə problem yaşandıqda əlbəttə ki, həmin şagirdlərə xüsusi yanaşılır, ehtiyac olduqda əlavə dərslərə cəlb olunurlar. Bu, liseyin öhdəliyinə düşən hissələrdir. Əlbəttə, bu hazırlıq dönəmində şagirdlərin gününü düzgün planlaması da, valideyn dəstəyi də çox böyük rol oynayır.

-Şagirdlər kimya, biologiya və təbiət elmləri ilə bağlı sınaq imtahanlarında mütəmadi iştirak edirlərmi?

 -Əlbəttə, şagirdlər liseyin təşkil etdiyi sınaq imtahanlarda mütəmadi olaraq iştirak edirlər. Bu, onlar üçün çox vacibdir. Çünki şagirdlərdə inkişaf dinamikasını bu sınaq nəticələrinə əsasən izləyirik. Bununla da şagirdlərdə çətinlik çəkdikləri mövzuları müəyyən edərək dərsləri davam etdiririk. Sınaq nəticələrini şagirdlərlə də müzakirə edirik ki, özünüqiymətləndirmə edərək özləri də dərs hazırlığı planı qursunlar.

-Lisey şagirdlərinin kimya-biologiya fənni ilə bağlı bilik yarışlarında hansı uğurları var?

-Şagirdlərimiz kimya və biologiya fənni ilə əlaqədar müxtəlif bilik yarışlarında böyük nailiyyətlər əldə ediblər. Bu yarışlar, tələbələrin tədqiqat bacarıqlarını, analitik düşünmə və müstəqil iş bacarıqlarını inkişaf etdirmələrinə imkan verir. İndiyə qədər əsasən ekologiya bölməsi üzrə bir çox medallar və nailiyyətlərimiz olub. Hazırda da, “Sabahın alimləri” layihəsi üzrə bir neçə şagirdimizin hazırlıqları davam edir. Ümid edirəm ki, bu layihədə də yüksək nailiyyətlərimiz olacaq. Bundan başqa, liseyimizdə kimya, biologiya, təbiət fənləri üzrə siniflərarası yarışlar da təşkil edilir. Bu da şagirdlərdə fənlərə qarşı həvəsin artmasına səbəb olan faktorlardandır.

kaspi.edu.az

Yeniliklərə Abunə Olun

Tədris sahəsindəki fəaliyyətlərimizlə, eləcə də digər yeniliklərlə bağlı məlumat əldə etmək üçün abunə olun.

E-Mail ünvanınız