Valideynlər övladlarına necə dəstək olmalıdır?
- Главная страница
- Новости и события
- Valideynlər övladlarına necə dəstək olmalıdır?
- 06 Декабрь 2024
Valideynlər övladlarına necə dəstək olmalıdır?
Valideynlər övladlarına necə dəstək olmalıdır?
İmtahanlara hazırlıq dövrünün həm fiziki, həm də emosional olaraq abituriyentlər üçün çətin bir dövr olduğu məlumdur. Bu dövrdə keçirilən sınaq imtahanları onların öz bilik və bacarıqlarını yoxlamasına, eyni zamanda imtahan mühitinə adaptasiya olmasına şərait yaradır. Lakin bəzi hallarda abituriyentlərin sınaq imtahanlarında aşağı bal yığması onların özünə inamını azaldır, motivasiyasının düşməsinə və stressə səbəb olur.
Kaspi Abituriyent Xidməti üzrə psixoloq İlkin Əliyev valideynlərə tövsiyə edir ki, onların bu dövrdə övladlarına göstərəcəkləri dəstək çox önəmlidir:
Uşaqlarınızın motivasiyası üçün
“İmtahanlardan sonra abituriyentlərin emosional vəziyyətinə xüsusi diqqət yetirmək, onların hər sınaq imtahanını bir öyrənmə təcrübəsi kimi qəbul etməsinə nail olmaq lazımdır. Abituriyentlərə bu sınaq imtahanlarının son nəticəni göstərmədiyini, əksinə, çatışmazlıqları görmək və onları düzəltmək üçün bir vasitə olduğunu aşılamaq mütləqdir. Dəyərli valideynlər, siz bu dövrdə övladlarınızla açıq və dəstəkləyici ünsiyyət qurmalı, onların hisslərini dinləməli və narahatlıqlarını bölüşmək üçün şərait yaratmalısınız. Bu söhbətlər abituriyentlərin özünə inamını gücləndirir və motivasiyasını artırır”.
Valideynlərin təhsil dövründə aktivliyi
İ.Əliyev qeyd edir ki, nəticələrindən asılı olmayaraq abituriyentləri digər insanların yanında aşırı tərif və ya tənqid etmək onlara mənfi təsir göstərəcək. Belə ki, tədqiqatlar sübut edir ki, yüksək nəticə gözləntiləri və yüksək nəticə yönümlü həddindən artıq təzyiqlər abituriyentlərin stress səviyyəsini artıra və onların motivasiyasını azalda bilər: “Bu dövrdə sizin əsas vəzifəniz övladlarınıza emosional dəstək vermək, onların öz güclü və zəif tərəflərini obyektiv şəkildə analiz etmələrinə yardımçı olmaqdır. Bu yanaşma abituriyentlərin gələcəkdə təhsil, şəxsi və iş həyatında uğur qazanmalarına müsbət təsir göstərəcək”.
Psixoloq valideynlərə səslənir: “Dəyərli valideynlər, sizin təhsil prosesində aktiv iştirakınız övladlarınızın akademik uğurlarına və şəxsi inkişaflarına müsbət təsir göstərir. Bu çətin və məsuliyyətli yolda övladlarınıza daha yaxşı dəstək olmaq üçün növbəti bloqlarımızı izləməyi unutmayın!”
kaspi edu.az