Zəfər Günü - Azərbaycan xalqının birliyinin, igidliyinin və milli ruhunun təntənəsi
- Ana Səhifə
- Xəbərlər & Tədbirlər
- Zəfər Günü - Azərbaycan xalqının birliyinin, igidliyinin və milli ruhunun təntənəsi
- 07 Noyabr 2025
Zəfər Günü - Azərbaycan xalqının birliyinin, igidliyinin və milli ruhunun təntənəsi
Tarixi Zəfərimizin 5 illiyi böyük qürurla qeyd edilir
8 Noyabr - Azərbaycan xalqının Zəfər Günüdür. Bu tarix xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən gündür. Dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 8-i Azərbaycanda Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilir. Dünya azərbaycanlıları da bu şanlı tarixi yaşadıqları ölkələrdə qürurla qeyd edirlər. Bu il tarixi qələbənin 5-ci ildönümüdür.
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu Ermənistanın yeni işğal planlarının qarşısını almaq, işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə 2020-ci il sentyabrın 27-dən etibarən başladığı zəfər yürüşündə inanılmaz qələbələr qazandı.

44 gün sürən hərbi əməliyyatlar nəticəsində rəşadətli Azərbaycan Ordusu tərəfindən Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərləri, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələri, Xocavənd rayonunun Hadrut qəsəbəsini və bir çox kəndləri, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndləri daxil olmaqla, ümumilikdə, 300-dən çox yaşayış məntəqəsi, o cümlədən Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəkliklər işğaldan azad edildi.
Noyabrın 8-də 28 illik həsrətdən sonra Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad olundu. Qarabağın tacı olan Şuşa şəhərinin azad edilməsi dünya hərb tarixinə düşəcək unikal hərbi əməliyyat kimi tarixə yazıldı.
Prezident İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərancamı ilə hər il noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilir. Ölkə başçısının digər Sərancamı ilə Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakı şəhərində Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin yaradılması qərara alındı.
Hazırda işğaldan azad olunan torpaqlarımızda “Böyük qayıdış” proqramı çərçivəsində yollar, körpülər, yaşayış kompleksləri, məktəblər və sosial obyektlər inşa olunur. Artıq minlərlə ailə doğma yurduna qayıdıb. Yaxın illərdə daha on minlərlə vətəndaşın da öz dogma torpaqlarına köçürülməsi planlaşdırılır.
Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər Azərbaycan xalqının birliyinin, igidliyinin və milli ruhunun təntənəsidir.
Kaspi Təhsil Şirkəti bütün Azərbaycan xalqını Zəfər Günü münasibəti ilə təbrik edir, ölkəmizə daimi inkişaf, sülh və əmin-amanlıq arzulayır!
Zəfər Günümüz mübarək!
Kaspi.edu.az

