“Vahid bir platforma bizə daha yaxşı fürsətlər verəcək”

“Vahid bir platforma bizə daha yaxşı fürsətlər verəcək”

“Vahid bir platforma bizə daha yaxşı fürsətlər verəcək”

Kaspi Ağ Şəhər Liseyi Valideyn Platformasının təqdimatını keçirdi

“Uşaqlar valideynlərini məktəbdə nə qədər çox görsələr, o qədər məktəbə çox bağlanarlar. Valideyni məktəbə yaxınlaşan şagirdlər dost olurlar və onların akademik göstəriciləri də yüksək olur”

Kaspi Ağ Şəhər Liseyinin Valideyn Platformasının təqdimatında səslənən bu fikirlər təhsil müəssisəsində Məktəb-Şagird-Valideyn üçbucağının daha fəal işləməsi üçün növbəti addım oldu.

Kaspi Təhsil Şirkətinin rəhbərliyinin, Kaspi Liseyinin müəllim və valideyn kollektivinin Qafqaz Biznes Mərkəzində iştirak etdiyi tədbirdə Azərbaycanın Dövlət Himni səsləndi. Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canından keçən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi.

Platformanın işində iştirak edin

Kaspi Ağ Şəhər Liseyinin direktoru Rəqsanə Məmmədova Platformanı təqdim edərək qeyd etdi ki, Valideyn Platforması valideynlərin, məktəb kollektivinin və şagirdlərin vahid bir amal uğrunda  birləşməsinə dəstək olur: “Valideyn Platforması bir məktəb olaraq bizə etibar etdiyiniz uşaqlarınızı daha yaxşı tərbiyə etmək uğrunda səylərimizi birləşdirməyə kömək edəcək. Vahid bir platforma bizə daha yaxşı fürsətlər verəcək. Biz valideynlərlə dost olanda uşaqlarımız da dost olacaq. Bu, lisey olaraq valideynlərlə həmrəy olmağımıza, daha çox işlər görməyimizə kömək edəcək”. Platformanın məqsədlərindən danışan direktor qeyd etdi ki, Lisey icması daxilində pozitiv əhval-ruhiyyəni daha da yüksəltmək; Valideynləri Lisey həyatında fəal iştiraka təşviq etmək; Ailə və məktəb icması arasında müsbət əlaqələr təmin etmək; Valideynlər arasında pedaqoji və psixoloji maarifləndirmə işinə kömək etmək; Şagirdlərin asudə vaxtlarının təşkilində liseyə və ailəyə kömək etmək; Uşaqların tərbiyəsində valideynlərin məsuliyyətini artırmaq və s. əsas məqsədlərdir. VP-dan gözləntilərdən danışan direktor bildirdi ki, valideynlərin fəallığı, şagirdlər arasında ünsiyyətin yaxşılaşması, təlim-tərbiyə prosesinin daha da yaxşılaşdırılması və s. vacib amillərdir. Direktor zaldakı valideynlərə səslənərək: “İldə 5-6 dəfə bu platformanın işində iştirak edin. Valideyni dost olan şagirdlər də məktəblə dost olurlar və ünsiyyətləri yaxşılaşır”- deyə qeyd etdi.

R.Məmmədova məlumat verdi ki, Platforma çərçivəsində ildə bir dəfə valideynlərin iştirakı ilə konfrans keçiriləcək və VP-nın fəaliyyəti dəyərləndiriləcək. Həmçinin VP-nin müxtəlif tədbirlərlə bağlı ayrı-ayrı komitələri fəaliyyət göstərəcək, informasiyanın alınması üçün ayrıca veb-səhifəsi olacaq: “Kaspi Liseyində həmişə sosial layihələr, xeyriyyə tədbirləri həyata keçirilib. Düşünürük ki, VP-nın köməyi ilə Liseydə keçirilən tədbirləri daha da intensivləşdirəcəyik və bunların böyük əhəmiyyəti olacaq”.

“Kaspi ailəsi” sözündən qürur duyuram”

Kaspi Təhsil Şirkətinin İdarə Heyətinin sədri Sona Vəliyeva çıxış edərək Kaspi Liseyinin artıq 10 ildir fəaliyyət göstərdiyini bildirdi: ”Liseyin fəaliyyətinə qədər hazırlıq kursları, abituriyent hazırlığı, xaricdə təhsil kimi spektrlə işə başlamış və məktəbə yol gəlmişik. Bizim kadr seçimimizdə həmişə “100 müəllim içərisindən bir müəllim” seçimi rol oynayıb. Bu seçimdə yanılmamışıq. Bu iş prinsipinin kökündə saf məqsəd durub. Bütün səylər və məqsədlər bu uşaqların daha savadlı və mənəviyyatlı, müasir biliklərə sahib  yetişdiriləməsinə yönəlib. Biz milli-mənəvi dəyərlərə malik, Azərbaycan və türk xalqlarına sevgi dolu, dünya xalqları ilə rəqabət apara biləcək şagird yetişdirməyə çalışırıq. Bizim uşaqlarımız dünyanın inkişafına açıq olmalıdır. Süni zəka artıq tədrisin bir hissəsi olub. Bu uşaqların həm elmi, həm milli-mənəvi ruhda yetişdirilməsi üçün sizlə əl-ələ verməliyik. Onda biz Azərbaycan dövlətinin arzuladığı vətəndaşı və kadrları yetişdirəcəyik”. S.Vəliyeva “Kaspi ailəsi” sözündən qürur duyduğunu vurğuladı: “Kaspi fəaliyyətə başlayanda “Həmişə bir ailə olmağa çalışacağıq”- dedik və bu məqsədə nail olduq”. Təsisçi həmçinin bu günlərdə ölkəmizdə keçirilən növbədənkənar Prezident seçkilərinə və Prezident İlham Əliyevin seçkilərdə qalib gəlməsinə diqqət çəkdi: “Biz cənab Prezidentə cansağlığı və işlərində uğurlar arzulayırıq. İnanırıq ki, Prezidentimizin rəhbərliyi ilə Azərbaycan daha da inkişaf edəcək. Biz də təhsil şirkəti olaraq ölkənin təhsil siyasətinə töhfə verməyə çalışacağıq”.  

Biz birlikdə güclüyük

Təqdimatda Kaspi Ağ Şəhər Liseyinin həyata keçirdiyi xeyriyyə tədbirləri ilə bağlı video çarxlar nümayiş olundu. Tədbirin aparıcısı Elnur Əzizov həmin tədbirlər haqqında ətraflı məlumat verdi.

Qeyd edildi ki, “Səma üçün əl-ələ” adlı xeyriyyə tədbirləri xeyriyyə tədbirləri silsiləsindəndir. Belə ki,  9-cu sinif şagirdi Səma Quliyeva üçün keçirilən xeyriyyə yarmarkası və Şuşa Teatrında təşkil olunan xeyriyyə konserti məktəblinin sağlamlıq xərclərinə yönəldilib. Liseyin bütün şagirdləri və kollektivi bilet alaraq həmin konsertdə iştirak ediblər. Konsertdən və yarmarkadan yığılan ianələr vasitəsilə Səmanın müalicəsi Türkiyədə davam etdirilib və hazırda məktəbli qız sağlamlığına qovuşub.

Təqdimata qatılan Səma və anası Kaspi Liseyinin bütün kollektivinə təşəkkür etdilər. Səmanın anası Esmira xanım çıxış edərək “Səma xəstələndi və şükür ki, çətin dönəmlərini adladı. Kaspi Liseyi onun sağlamlığına qovuşmasına böyük dəstək oldu. Mən valideyn-məktəb birliyini o çətin dönəmdə hiss etdim. Bu dəstəyə və sevgiyə görə hamıya təşəkkür edirəm! Ona görə də birləşək, həmrəy olaq. Biz birlikdə güclüyük”.

Valideyn Dilarə Əliyeva da ürək sözlərini səsləndirdi: “Kaspi Liseyində məktəblə valideynlər arasında doğmalıq var. Məktəbin müəllimləri ilə elə bil qan qohumuyuq. Bu məktəb sevgi doludur.  Mənim övladım belə sevgi ilə əhatə olunaraq artıq 11-ci sinifdə oxuyur. Bu illər ərzində heç bir narazılığım olmayıb. Yüksək təhsil, işinə peşəkar münasibət, şagirdlərə böyük qayğı görmüşəm. Liseyin rəhbərliyinə və bütün kollektivinə təşəkkürümü bildirirəm!”

Tədbirdə psixoloq Elmir İsgəndərovun uşaqların tərbiyəsi, valideyn-uşaq, müəllim-şagird münasibətləri mövzusunda çıxışı maraqla dinlənildi.

Təqdimatda Platformanın ərsəyə gəlməsinə dəstək göstərən sponsorlar - Şanlı Urfa, Darçın Food, NLP Academy, Libra Uşaq Nəşriyyatı, 3 Alma Nəşriyyatı, Libraff Kitab Evi, Beta Tea, KıtaMedia, Moon Group, İCMA, TEAS PRESS şirkətləri haqqında məlumat verildi və onlara Kaspi rəhbərliyi və kollektivi adından təşəkkür olundu.

Tədbirdə keçirilən lotereya oyununun qaliblərinə sponsorların qiymətli hədiyyələri təqdim olundu.

Kaspi.edu.az

Yeniliklərə Abunə Olun

Tədris sahəsindəki fəaliyyətlərimizlə, eləcə də digər yeniliklərlə bağlı məlumat əldə etmək üçün abunə olun.

E-Mail ünvanınız