Təhsil həyatında hədəfləri necə təyin etməli?

Təhsil həyatında hədəfləri necə təyin etməli?

Təhsil həyatında hədəfləri necə təyin etməli?

Nigar Əlizadə: “Hər dərs üçün özünüzə bir yol xəritəsi yaradın”.

Kaspi.edu.az Kaspi Liseyi Bakıxanov filialının Azərbaycan dili və ədəbiyyat müəllimi Nigar Əlizadənin şagirdlərin öz hədəflərini necə müəyyən etməsi, məqsədlərinə necə çatması və s. ilə bağlı məqaləsini təqdim edir:

Təhsil həyatı şagirdlər üçün uğura gedən yolun təməl daşlarından biri olub, fərdlərin gələcəyini formalaşdıran kritik bir dövrdür. Bu dövrdə şagirdlər bilik və bacarıqlarını təkmilləşdirməklə özlərini daha yaxşı gələcəyə hazırlayırlar. Bununla belə, təhsil həyatında müvəffəqiyyətli olmaq və öz potensialından maksimum səviyyədə istifadə etmək üçün hədəflərin qoyulması böyük əhəmiyyət kəsb edir. 

Hədəflər şagirdlərə yol xəritəsi təqdim edir. İstənilən hədəfə çatmaq həmin məqsədi müəyyənləşdirməklə başlayır. Məqsədlər təhsilalanlara nəyi hədəflədiklərini və hara getdiklərini xatırladır. Şagirdlərin hər mövzunun əvvəlində hədəflər müəyyən etməsi olduqca əhəmiyyətlidir. Hər dərsdən öncə bir şagirdin özünə verməli olduğu ən vacib sual “bu dərsdən nələr öyrənməliyəm və qarşıma hansı hədəfləri qoymalıyam?” sualı olmalıdır.

Şagirdlər hər dərs qarşıya qoyduğu məqsədlərə çatmaq üçün konkret addımlar atmalıdırlar. Bu addımlara dərs materialını öyrənmək, qeydlər aparmaq, tapşırıqları vaxtında yerinə yetirmək və dərs haqqında suallar vermək kimi praktiki işlər daxil ola bilər. Məqsədlərə çatmaq üçün bu addımları izləmək şagirdlərə müntəzəm işləmək vərdişi qazandırır.

Hər dərs şagirdlərin bilik və bacarıqlarını inkişaf etdirmək üçün bir fürsətdir və bu fürsəti ən yaxşı şəkildə dəyərləndirmək üçün hədəf müəyyən etmək lazımdır.

Hədəflər şagirdlər üçün güclü motivasiya mənbəyidir. Qarşıya qoyulmuş hədəflərə nail olmaq üçün işləmək şagirdlərdə məqsədlərinin olduğunu hiss etdirir. Bu, onların işləmək əzmini artırır. Hədəflərə çatmaqdan duyulan məmnunluq hissi tələbələri daha çox səy göstərməyə ruhlandırır. Bir şagird qarşısına qoyduğu məqsədinə çatdığı üçün daha istəkli olur. Məsələn, universitetə qəbul olmağı hədəfləyən bir şagird öyrənməyi qarşısına məqsəd qoyaraq daha çox çalışacaq.

Məqsədlər vaxtın idarəedilməsi bacarıqlarını inkişaf etdirməyə kömək edir. Təhsil həyatında saysız-hesabsız tapşırıqlar, layihələr və imtahanlar var. Planlaşdırılmış hədəflər şagirdlərə bu tapşırıqları zamanla necə bölüşdürməyi öyrədir. Hər bir məqsəd müəyyən bir tarixə çatmalı olan bir mərhələ kimidir. Bu, tələbələrə vaxtlarını daha səmərəli istifadə etməyi öyrədir.

Qarşıya qoyulan planlar müəyyən bir nailiyyət və ya nəticə səviyyəsini hədəflədiyi üçün tələbələr öz irəliləyişlərini izləyirlər. Bu, onlara harada olduqlarını və məqsədlərinə nə qədər yaxın olduqlarını görməyə kömək edir. Bundan əlavə, hədəfə nə qədər yaxın olduqlarını görmək şagirdlərə daha çox motivasiya verir.

Nəticə olaraq, təhsildə hədəflərin müəyyən edilməsi şagirdlərə daha həvəsli, daha mütəşəkkil, daha effektiv vaxt idarəçiliyi və daha uğurlu fərdlər olmağa imkan verir. Unutmaq olmaz ki, hər bir böyük uğur qarşıya məqsəd qoymaqla başlayır. Təhsil həyatı bu qaydadan istisna deyil. Özümüzə hədəflər qoymaq təhsil yolumuzda bizi irəli aparan hərəkətverici qüvvə olacaq. Bu yolda böyük və ya kiçik olmasından asılı olmayaraq hər bir məqsəd gələcəyimizə doğru atdığımız addımların bir parçasıdır. Və bu addımlar bizə həyatımızı daha zəngin, daha dolğun və daha uğurlu yaşamağa kömək edəcək.

Təhsildə hədəf qoymağın gücünü kəşf etmək şagirdlərə öz potensiallarını və biliklərini maksimum dərəcədə artırmağa kömək edir. Özünüzə məqsəd qoyun və ona doğru addım-addım irəliləyin. Gələcək uğurunuzu formalaşdırmaq sizin əlinizdədir. Unutmayın, hər böyük səyahət bir addımla başlayır. Odur ki, təhsil həyatınızda hədəflərinizi təyin edin və bu gün başlayın. Gələcək uğurunuza addım atmağın vaxtıdır!

Kaspi.edu.az

Yeniliklərə Abunə Olun

Tədris sahəsindəki fəaliyyətlərimizlə, eləcə də digər yeniliklərlə bağlı məlumat əldə etmək üçün abunə olun.

E-Mail ünvanınız