Sağlam cəmiyyət - sağlam insanlar deməkdir

Sağlam cəmiyyət - sağlam insanlar deməkdir

Sağlam cəmiyyət - sağlam insanlar deməkdir

“Sağlam bəşəriyyəti qurmağa öncə özümüzdən və ətrafımızdan başlamalıyıq”

“İnsanların cəmiyyətin formalaşmasında rolu böyük olduğu kimi, fərdlərin formalaşmasında da ətraf-mühitin rolu danılmazdır. Sağlam cəmiyyət - sağlam insanlar deməkdir. Günümüzün probleminə çevrilən “yaxşı ətraf” anlayışı sağlam cəmiyyətin bir parçası olub, özündə yaşanılan mühitin hər iki üzünü birləşdirən çoxşaxəli bir ifadədir”.

kaspi.edu.az Bakıxanov Liseyinin ibtidai siniflər üzrə ikinci müəllimi Solmaz Mikayılzadənin “Sağlamlıq” mövzusunda məqaləsini təqdim edir.

Fiziki, psixoloji və sosial rifah

Sağlamlıq anlayışı insanın təkcə xəstə olmaması ilə ölçülmür, həm də onun fiziki, psixoloji və sosial rifahının öz qaydasında olması ilə müəyyən olunur.

Sağlam olmaq hər birimizin arzusudur. Bəs bunun üçün nələr edirik?

Sadəcə “normal” qidalanmağı, gün ərzində işləməyi, həftə sonları istirahət etməyi, bəzən də kiçik idman hərəkətlərini gündəlik qaydaya çevirməyi sağlam, yaxşı həyat tərzi adlandırırıq. Lakin bu yaşamın digər üzünün bizim üçün necə dəyərli olduğunu təəssüf ki, onu itirməyə başladığımızda anlayırıq. Çünki o zaman fərqinə varırıq ki, sağlam həyat tərzi məqsəd və vəzifələrimizi yerinə yetirməyə, planlarımızı uğurla həyata keçirməyə, çətinliklərin öhdəsindən gəlməyə kömək edirmiş...

Fiziki və psixoloji - yəni, düşüncə sağlamlığını hər zaman tarazlıqda saxlamalıyıq. Bu işin peşəkarları hər zaman bir xəstəliyi aşmaq üçün öncə buna inanmalı və pozitiv düşünməli olduğumuzu deyirlər. Tam əksini düşündükdə isə psixoloji rahatlanmaq üçün sevdiyimiz, fiziki məşğuliyyətlərə yönəlməyi məsləhət edirlər. Bunu da vurğulamaq istərdim ki, sağlam, düzgün düşüncə sadəcə pozitivlik adı altında formalaşmamalıdır. Heç kim hər zaman hər şeyə müsbət baxa bilməz. Bəzən işdən qovulmaq, kiminləsə anlaşa bilməmək və ya sevilən birini itirmək kimi xoşagəlməz hallar olur. Bunlar baş verdikdə əsəbləşmək və ani olaraq neqativ düşüncələrə sahib olmaq qəbul edilməz hal deyil. Sağlam düşüncə baş verən bütün hadisələrə mahiyyətindən əlavə, məna yükləmədən neytral baxmaq deməkdir. Başqa sözlə, sağlam düşüncə həyata və dünyaya çəhrayı eynəkdən deyil, neytral və ya balanslaşdırılmış şəkildə baxış deməkdir.

Düşüncələrinizin sağlamlığınıza böyük təsiri  olduğunu bilirsinizmi?

Bunun səbəbi, bir vəziyyət haqqında söylədiyiniz fikirlərin özünüzü necə hiss etməyinizə və davranışlarınıza təsir etməsidir. Bəzən vəziyyətə dair şərhiniz təhrif edilir və siz yalnız neqativ aspektlərə diqqət yetirirsiniz - bu, normal və gözlənilən haldır. Lakin hadisələrə daimi olaraq bu aspektdən yanaşmaq, özünüzü pis hiss etdirə bilər. Bu halda qarşılaşdığınız hadisələri həll etmək üçün faydası olmayan üsullar düşünmə ehtimalınız da yüksəlir. Xoşbəxtlikdən, çətin düşüncələri idarə etməyə kömək edəcək strategiyalar var.

Ümumiyyətlə, bəşəriyyət dünyada sağlamlıq vəziyyətinin yaxşılaşdırılmasında əhəmiyyətli irəliləyişlər əldə edib. Biz milyonlarla insanı öldürən xəstəliklərin necə müalicə olunmasını və onlara nəzarət etməyi öyrəndik. Səhiyyə ilə əlaqəli bilik və təcrübələrimiz sürətlə inkişaf edir və əvvəlki illərlə müqayisədə bizim sağlamlığımız üçün daha çox imkanlarımız mövcuddur. Bunlara baxmayaraq, sağlamlıqla əlaqəli irəliləyişlər son dərəcə qeyri-bərabərdir. Məsələn, bu gün İsveçdə doğulmuş bir uşağın təxminən 80 ildən çox yaşaması gözlənilir. Lakin əgər bu uşaq Braziliyada doğulmuş olsaydı, onun 72 ildən az, Hindistanda doğulmuş olsaydı 63 ildən az və Lesotoda doğulmuş olsaydı 50 ildən az yaşaması gözlənilə bilərdi. İrlandiyada hamiləlik və ya doğum zamanı ölən anaların riski 47 600-dən 1-ə, Əfqanıstanda isə bu əmsal 8-dən 1-ə bərabərdir. Uzun ömürlülüyümüz və sağlamlığımız bizim yaşadığımız və böyüdüyümüz yerdən asılı olaraq çox fərqli ola bilər. Bu səbəbdən, sağlamlıq bərabərsizliyinə qarşı mübarizə sosial ədalət və insan hüquqları məsələsidir. Sağlamlıq yalnız yaxşı olmaq üçün bir arzu deyil, bu, bir insan hüququdur. Hüquqlarımızı və öhdəliklərimizi bilməli, aşılamalı, yaşamalı və yaşatmalıyıq. Sağlam insanlar olmaqdan əlavə, sağlam düşüncə və sağlam həyat tərzini yaşaya bilən uşaqlar böyütməliyik. Sağlam bəşəriyyəti qurmağa öncə özümüzdən və ətrafımızdan başlamalıyıq.

Professor Gill Valtın da dediyi kimi: “Əgər biz sağlamlıq işçiləri, müəllimlər, tələbələr və ya məmurlar olaraq özümüzün və ya aid olduğumuz qrupların və təşkilatların həyatımıza və ya ətrafdakıların həyatına təsir edə biləcək siyasətini dəyişdirən bir gücə malik deyiliksə, səhər yuxudan niyə dururuq?”

Kaspi.edu.az

Yeniliklərə Abunə Olun

Tədris sahəsindəki fəaliyyətlərimizlə, eləcə də digər yeniliklərlə bağlı məlumat əldə etmək üçün abunə olun.

E-Mail ünvanınız