Şagirdlərimiz Olimpiadanın yarımfinalında
- Ana Səhifə
- Xəbərlər & Tədbirlər
- Şagirdlərimiz Olimpiadanın yarımfinalında
- 18 Yanvar 2023
Şagirdlərimiz Olimpiadanın yarımfinalında
Kaspi Liseylərinin şagirdləri Respublika Fənn Olimpiadalarının yarımfinalında yarışacaqlar
Kaspi Liseylərinin şagirdləri Respublika Fənn Olimpiadalarında (RFN) iştirak edərək yarımfinala vəsiqə qazanıblar. 24 dekabr 2022-ci il tarixdə keçirilən yarışımada Kaspi Liseylərinin 9 və 11-ci siniflərini təmsil edən 12 şagirdimiz bilik yarışmasının yarımfinalında iştirak etmək hüququ qazanıb.
Liseyin şagirdlərindən:
Nazlı Orucova (9-cu sinif, Azərbaycan dili və Ədəbiyyat)
Nihad Salmanlı (9-cu sinif, tarix)
Mətin Cəfərli (9-cu sinif, Kimya)
Rüstəm Dostuyev (9-cu sinif, Kimya)
Məlahət Hacıyeva (11-ci sinif, Riyaziyyat)
Məhəmməd Əhmədzadə (9-cu sinif, Riyaziyyat)
Teymur Bayramov (9-cu sinif, Riyaziyyat)
Vüsal Sayadov (11-ci sinif, Fizika)
İbrahim Valehli (9-cu sinif, Fizika)
Ayxan Əlləzov (9-cu sinif, Coğrafiya)
Hüseyn Xəlilli (9-cu sinif, Coğrafiya)
Rəvan Əlizadə (9-cu sinif, Coğrafiya)
fənnləri üzrə Olimpiadanın yarımfinal mərhələsinə adlayıblar.
Kaspi Liseyləri MMC-nin baş direktoru Məhəmməd Nağıyevin sözlərinə görə, bilik yarışmasında iştirak edən şagirdlər üçün liseylərdə hazırlıq dərsləri keçirilib: “Dərslər şagirdlərin asudə vaxtlarında və şənbə günlərində təşkil edilib. Onlar dərslərdə böyük həvəslə iştirak ediblər. Şagirdlərimiz yarışmanın məsuliyyətini və nüfuzunu hiss edərək fənnlər üzrə səylə hazırlaşıblar”.
Qeyd edək ki, Respublika Fənn Olimpiadaları (RFO) hər tədris ilində bir dəfə keçirilməklə Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən keçirilən elm yarışıdır. RFO rayon (şəhər) mərhələsi və Respublika mərhələsi olmaqla iki mərhələdən, Respublika mərhələsi isə yarımfinal və final turları olmaqla iki turdan ibarətdir. Bu olimpiadalar Azərbaycan dili və ədəbiyyat, tarix, coğrafiya, riyaziyyat, fizika, kimya, biologiya və informatika fənləri olmaqla 8 müxtəlif fənlər üzrə keçirilir. Şagirdlər Respublika Fənn Olimpiadalarında iştirak məqsədilə təhsil aldıqları ümumtəhsil müəssisəsinə müraciət edə bilərlər. Bilik yarışmasında əsasən IX, X və XI sinif şagirdləri, eyni zamanda xüsusi istedada və hazırlığa malik olan VIII sinif şagirdləri iştirak edirlər.
Respublika Fənn Olimpiadalarında şagirdlərə təqdim edilən tapşırıqlar, təhsil nazirliyinin müvafiq əmri ilə təsdiq edilmiş münsiflər heyəti tərəfindən hazırlanır. Yarışmanın proqramı məktəb proqramı ilə məhdudlaşmır. Olimpiadalarla əlaqədar müvafiq proqram tədris ilinin əvvəlində yerli təhsili idarəetmə orqanları vasitəsilə məktəblərə göndərilib, eləcə də www.olimpiada.edu.az saytında yerləşdirilib.
Qeyd edək ki, Olimpiadanın təşkili və keçirilməsi qaydalarına əsasən rayon (şəhər) mərhələsində 60% və yuxarı nəticə göstərmiş şagirdlər respublika mərhələsində iştirak etmə hüququ qazanır. Respublika Təşkilat Komitəsi və münsiflər heyətinin qərarı ilə keçid faizi şagirdlərin lehinə olaraq aşağı salına bilər.
Rayon (şəhər) mərhələsində şagirdlər sinifləri üzrə iştirak edirlər. Sadəcə VIII sinif şagirdləri öz bilik və bacarıqlarını IX sinif şagirdləri ilə birgə müvafiq proqram əsasında nümayiş etdirirlər.
Respublika mərhələsinin həm yarımfinal, həm final turunda tapşırıqlar iştirakçılara siniflər üzrə deyil, yaş qrupları üzrə təqdim edilir:
VIII – IX siniflər Aşağı yaş qrupu
X – XI siniflər Yuxarı yaş qrupu
Respublika mərhələsinin yarımfinal turunda şagirdlərə hər fənn və hər yaş qrupuna müvafiq olaraq 30 sual qapalı test formatında təqdim edilir. Respublika mərhələsinin yarımfinal turunda tapşırıqlar çətinlik dərəcəsinə görə 3 hissəyə bölünür:
1-10-cu suallar ( 3 bal ilə qiymətləndirilir)
11-20-ci suallar ( 4 bal ilə qiymətləndirilir)
21-30-cu suallar ( 5 bal ilə qiymətləndirilir)
Respublika mərhələsinin yarımfinal turunun nəticələrinə əsasən hər fənn üzrə eyni qayda tətbiq edilmək şərti ilə
Aşağı yaş qrupundan ilk 24 və 24-cü ilə eyni balı toplayan şagirdlər
Yuxarı yaş qrupundan ilk 48 və 48-ci ilə eyni balı toplayan şagirdlər finalda iştirak etmək hüququ qazanırlar.
Respublika mərhələsinin final turu açıq tipli suallardan təşkil edilir. Şagirdlərin yazı işləri münsiflər heyəti tərəfindən yoxlanılır və qiymətləndirilir. Respublika təşkilat komitəsi və münsiflər heyəti tərəfindən iştirakçılara tapşırıqların həlləri təqdim edilir. Final turundan bir gün sonra münsiflər heyəti ilə iştirakçıların birgə yazı işlərinə baxış prosesi keçirilir.
Respublika Fənn Olimpiadalarının yekun nəticələri münsiflər heyətinin təqdimatı əsasında Respublika Təşkilat Komitəsinin qərarı ilə təsdiqlənir. Qaydalara əsasən final mərhələdə iştirak edən şagirdlərin 50%i qalib elan edilir və onlara, olimpiadanın medalı, diplom və hədiyyələr təqdim edilir.
Final mərhələnin bütün iştirakçılarına sertifikat verilir.
Kaspi Liseyinin şagirdlərinə Respublika Fənn Olimpiadalarının qızıl medalçıları sırasında yer almağı arzulayırıq!
Kaspi.edu.az