Riyaziyyatı nə üçün öyrənirlər?
- Ana Səhifə
- Xəbərlər & Tədbirlər
- Riyaziyyatı nə üçün öyrənirlər?
- 08 Yanvar 2024
Riyaziyyatı nə üçün öyrənirlər?
Kaspi Liseylərində Blok və Buraxılış imtahan fənni olaraq Riyaziyyat hazırlıq dərsləri DİM proqramına uyğun təşkil edilir
Çox vaxt şagirdlərin “Riyaziyyat nə üçün lazımdır?” sualı ilə qarılaşırıq. Bu suala cavab vermək üçün XIII əsrdə yaşamış ingilis filosofu və təbiətşünası Rocer Bekonun fikirlərini xatırlamaq kifayətdir: “Riyaziyyatı bilməyən kəs heç bir digər elmi öyrənə bilməz. O, hətta öz səhvlərini aşkar edə bilməz”.
Kaspi Ağ Şəhər Liseyinin Riyaziyyat Fənn rəhbəri Səbinə Nüsrətzadə kaspi.edu.az-a müsahibəsində Riyaziyyat fənninin əhəmiyyətindən və şagirdlərin həyatında oynadığı roldan danışıb:
-Səbinə xanım, şagirdlərinizə riyaziyyata gedən yolları necə öyrədirsiniz?
- Bildiyimiz kimi, riyaziyyat əzbər, yaddaşa əsaslanmayan, təfəkkür, düşünmə, analizetmə, sintezetmə bacarıqlarını özündə ehtiva edən və buna əsaslanan elmdir. Buna görə tədris prosesində şagirdlərə fənnin məqsədini tam izah etmək və onlarda bu bacarıqların inkişaf etməsi üçün çalışmaq hər bir riyaziyyat müəlliminin vəzifəsidir.
Riyaziyyat maraqlıdır, əyləncəlidir və təbii ki, çətinlikləri də çoxdur. Çətin olan bir işi görmək də daha zövqlüdür.
Bizim komandamız da tədris proqramını hər zaman şagirdlərin həm öyrənmə səviyyələrinə, həm də maraq dairələrinə uyğunlaşdırmaqla bu fənni tədris etməyə çalışır. Eləcə də, dərslərimizdə “riyaziyyatı toxunaraq, görərək öyrənək” prinsipi ilə işləməyə çalışırıq. Şagirdlərimizlə müxtəlif bacarıqyönümlü dərslər qurulur ki, bu zaman təhsilalanlar öyrəndikləri biliklərin praktiki olaraq tətbiqini edə bilir, yaxud hər hansı teoremlərin isbatlarını modellər üzərində icra edir və bu istiqamətdə ölçmə-qiymətləndirmə də aparırlar.
-Riyaziyyat IX və XI sinif şagirdlərinin Buraxılış imtahanında əsas fənlərdəndir. Hazırlıq dövründə yaxşı nəticə qazanmaq üçün müəllimdən və təhsilalanlardan nələr tələb olunur? Şagirdlər əsasən nələrə diqqət etməlidirlər?
- Bəli, Riyaziyyat elə bir fəndir ki, istər öz ölkəmizdə, istərsə də xaricdə təhsil almağı hədəfləyən şagirdlər bu fəndən imtahan verməlidirlər. Liseyimizdə blok və buraxılış imtahan fənni olaraq riyaziyyat hazırlıq dərsləri DİM proqramına uyğun, şagirdlərin hazırlıq istiqamətləri və onların qavrama səviyyələri nəzərə alınmaqla təşkil edilir. Bu istiqamətdə uzun illər təcrübəsi və yüksək nəticələri olan pedaqoqlarımız, müəllimlərimiz də bir-birləri ilə öz təcrübələrini bölüşür və daha gözəl bir iş ərsəyə gətirməyə çalışırlar.
DİM hazırlıqları ilə yanaşı məktəbimizdə gələcək təhsilini xarici ali təhsil müəssisələrində davam etdirmək istəyən şagirdlərimiz üçün bu sahədə ixtisaslaşmış və kifayət qədər təcrübəyə sahib müəllimlər tərəfindən SAT math dərsləri də tədris olunur. Həmçinin, imtahan gərginliyindəki hazırlıq dərslərini müəyyən qədər yumşaltmaq, şagirdlərin motivasiyasını artırmaq, dincələrək, xoş vaxt keçirərək öyrəndiklərini də möhkəmləndirmək üçün vaxtaşırı fənn birləşmələri tərəfindən müxtəlif tipli yarışlar təşkil olunur.
-Hərdən deyirlər ki, biz riyaziyyat ölkəsi deyilik. Amma son illər müxtəlif dərəcəli yarışlardan medallar qazanılır. Hansı irəliləyişlər var?
- Əslində, bu fikirlə razı deyiləm. Deməzdim ki, biz riyaziyyat ölkəsi deyilik. Əksinə, bizim ölkəmizdə düşünə bilən beyinlər, riyaziyyatı sevənlər çoxdur. Qeyd etdiyiniz kimi son illərdə beynəlxalq yarışma və olimpiada nəticələri də bunu göstərir. Bizim Kaspi liseylərinin şagirdlərinin də bu cür müxtəlif dərəcəli yarışlardan medalları var və məktəbimizdə bu istiqamətdə müəyyən hazırlıqlar da keçirilir. Xüsusi bilik və potensialı olan şagirdlər olimpiada dərslərinə cəlb olunur, müxtəlif olimpiadalara yönləndirilir. Uğurlu nəticələr də çoxdur.
-Riyaziyyatı bilmək şagirdlərə nə üçün lazımdır?
- Tez-tez şagirdlər “bu mövzu həyatda nəyimə lazım olacaq?”- deyə sual verirlər. Riyaziyyatın hər mövzusunun əlbəttə, həyatda bir tətbiq sahəsi vardır və şagirdlər mövzu izahları zamanı mümkün qədər bu barədə məlumatlandırılır. Ancaq, xüsusilə bir məqama diqqət çəkmək istəyirəm: ola bilər ki, siz öz peşənizdə riyaziyyatdan öyrəndiyiniz hansısa düsturu tətbiq etməyəsiniz, burda düsturu öyrənməkdə və tətbiq etməkdə məqsəd nə vaxtsa həmin düsturu tətbiq etmək deyil. Riyazi tapşırıqlar işləməkdə məqsəd beyin gimnastikasıdır, düşünmə, təhlil etmə, verilən məlumatlara uyğun ortaya yeni bir şey qoyma və s. kimi həyatda ona lazım ola biləcək bacarıqlarını inkişaf etdirməkdir.
Kaspi.edu.az