Müstəqillik tariximizin 105 illiyi
- Ana Səhifə
- Xəbərlər & Tədbirlər
- Müstəqillik tariximizin 105 illiyi
- 26 May 2023
Müstəqillik tariximizin 105 illiyi
Müstəqillik tariximizin 105 illiyi
Azərbaycanda Müstəqillik günü qeyd edilir
1918-ci il mayın 28-də müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 105 il ötür. Azərbaycan Xalq Cümhuriyyəti türk və İslam dünyasında ilk parlamentli respublika və ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi idi.
Kaspi.edu.az xəbər verir ki, Azərbaycan müvəqqəti hökumətinin ilk başçısı isə Fətəli Xan Xoyski olub. Milli Şura 10 gün Tiflisdə işlədikdən sonra Gəncəyə köçürülüb. Yalnız 1918-ci ilin sentyabrında Türkiyə ordusunun rəhbərliyi ilə Bakı daşnak-rus qüvvələrdən təmizləndikdən sonra milli hökumət Gəncədən Bakıya köçüb. Müstəqil Azərbaycan Cümhuriyyəti qısa ömründə böyük nailiyyətlər və qalibiyyətlər əldə edib. İlk dəfə qadınlara seçim hüququ tanıyan və qadın-kişi bərabərliyini təmin edən Cümhuriyyət o cümlədən milli ordu, milli pul, demokratlaşma, milli bank, azad seçkilər, beynəlxalq əlaqələr və beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycan istiqlalının tanınmasını təmin edib.
Azərbaycan Demokratik Respublikası gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay fəaliyyət göstərə bildi. Təəssüf ki, müstəqil Azərbaycan Cümhuriyyəti iki yaşına çatmadan bolşeviklərin hücumuna məruz qalaraq, müvəqqəti olaraq devrildi. Sovet Rusiyası Azərbaycanı məcburi surətdə öz tərkibinə daxil etdi. Bolşeviklər tərəfindən devrilməsinə baxmayaraq, istiqlal ideyası yenilmədi. 1918-ci il 9 noyabr tarixində Azərbaycan Demokratik Respublikasının üç rəngli bayrağı qəbul edildi. O zamana qədər Azərbaycan Demokratik Respublikasının bayrağı qırmızı rəngdə idi.
1918-ci ildə qaldırılmış bayraq 1920-ci ildə endirildi. Ondan sonra ilk dəfə olaraq rəsmi qaydada bu bayrağı Ulu Öndər Heydər Əliyev Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sessiyasında rəsmi Dövlət Bayrağı kimi qaldıraraq təsis etdi. 1993-cü il müasir tariximizdə dönüş nöqtəsi idi. Məhz 1993-cü ildən sonra Azərbaycan inkişaf yoluna qədəm qoydu, ölkəmizdə sabitlik təmin edildi və ölkə inamla irəliyə getməyə başladı. Azərbaycan əsl müstəqillik yoluna qədəm qoydu. Dövlətçiliyin əsasları qoyuldu, azərbaycançılıq ideologiyası rəsmi ideologiya kimi qəbul edildi. Məhz o illərdə Azərbaycanın strateji inkişaf istiqamətləri müəyyən edildi. Bütün bunlar Ulu Öndər Heydər Əliyevin xalq, dövlət qarşısında misilsiz xidmətlərinin nəticəsi idi.
Müstəqillik Günü 1991-ci ildən 2021-ci ilədək “Respublika Günü” adlandırılıb. Azərbaycan Parlamentinin 15 oktyabr 2021-ci il tarixli plenar iclasında isə “Müstəqillik Günü haqqında” yeni qanun qəbul edilib. Elə həmin gün də Prezident İlham Əliyev tərəfindən “Müstəqillik Günü haqqında” qanun təsdiqlənib. Qanunun təsdiqlənməsi ilə 28 May - Respublika Gününün adı dəyişdirilərək Müstəqillik Günü elan edilib. Həmin qanun təsdiq ediləndən sonra Azərbaycan Müstəqillik Gününü qeyd edir. Bakıda Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə İstiqlal Bəyannaməsi abidəsi ucaldılıb.
Bu gün Azərbaycan bu strateji inkişaf istiqamətlərini əsas tutaraq bölgədə, dünyada dəyişən vəziyyətə uyğun olaraq öz inamlı siyasətini aparır. 2003-cü ildən bu günə qədər Heydər Əliyev siyasəti Azərbaycanda yaşayır, davam etdirilir, zənginləşdirilir.
Azərbaycan xalqı 3-cü ildir ki, 28 May – Müstəqillik Gününü qalib xalq kimi qarşılayır. Bu əziz bayram erməni işğalından azad edilən torpaqlarda da qeyd olunur. Üçrəngli bayraq doğma Qarabağda – Şuşada, Ağdamda, Zəngilanda qürurla dalğalanır.
Azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri də məhz siyasi-iqtisadi müstəqilliyin nəticəsi, dövlətimizin gücünün göstəricisidir.
“Bizim qarşımızda bir çox vəzifələr dayanır. Ən önəmlisi ondan ibarətdir ki, Azərbaycan öz müstəqil siyasətini aparmalıdır. Xalqımız ancaq müstəqillik şəraitində inkişaf edə bilər. Bu gün biz xoşbəxtik ki, müstəqil ölkə kimi, azad xalq kimi yaşayırıq, taleyimiz öz əlimizdədir. Müstəqilliyimizin qorunması, möhkəmlənməsi ən vacib məsələlərdən biridir”- deyə Prezident İlham Əliyev bəyan edib.
Kaspi Təhsil Şirkətinin kollektivi Müstəqillik Günü münasibətilə Azərbaycan xalqını təbrik edir, gələcək inkişafında uğurlar arzulayır!
Kaspi.edu.az