Müqəddəs peşə sahiblərinin bayramı

Müqəddəs peşə sahiblərinin bayramı

Müqəddəs peşə sahiblərinin bayramı

Bayramınız mübarək, əziz müəllimlər!

5 Oktyabr - Beynəlxalq Müəllimlər Günüdür. Bu gün UNESKO-nun qərarı ilə 1966-cı ildən qeyd edilir. Həmin il təşkilat tərəfindən müəllimlərin statusunun artırılması ilə bağlı tövsiyə xarakterli sənəd də qəbul olunub. Beynəlxalq Müəllimlər Günü həyatını xalqın işıqlı gələcəyinə həsr edən müqəddəs peşə sahiblərinin bayramıdır. Bu bayram dünyanın 100-dən çox ölkəsində qeyd olunur.

Beynəlxalq Müəllimlər Günü bütün dünyada müəllim əməyini qeyd etməyə, parlaq zəkaların və istedadlı gənclərin bu peşəyə cəlb olunmasına və bu sahədə saxlanılmasının həlli yollarını tapmağa və ümumiləşdirmələr aparmağa imkan yaradır.

Azərbaycanda Beynəlxalq Müəllimlər Günü 1993-cü ildən qeyd edilir. Ölkəmizdə bu günə dövlət səviyyəsində diqqət ayrılır.

Müəllimlik dünyada ən çətin, eyni zamanda ən şərəfli və ən gözəl peşədir.  Müəllimlər yeni cəmiyyət quruculuğunun memarlarıdır. Hər birimizin layiqli vətəndaş kimi yetişməyində müəllimlərimizin əvəzsiz xidmətləri olub. 

Ümummilli Lider Heydər Əliyev həmişə müəllim əməyini yüksək qiymətləndirib. Ulu Öndər öz müəllimlərini minnətdarlıqla xatırlayar, onların xidmətləri haqqında ürəkdolusu danışardı: “Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi vardır. Məhz müəllim doğma yurdumuzu sevməyi, hamının rifahı namınə vicdanla işləməyi müdrikliklə və səbirlə bizə öyrətmiş və öyrədir”.

Azərbaycanda son illərdə elmin və təhsilin inkişafı ilə bağlı həyata keçirilən kompleks tədbirlər, Prezident İlham Əliyevin bu sahəni dövlət siyasətinin mühüm prinsipləri sırasına daxil etməsi, təhsil işçilərinə hərtərəfli qayğı dövlətin gələcəyini daha etibarlı və inamlı görmək əzmindən xəbər verir. Təhsil işçilərinin əməkhaqqının artırılması, onların mükafatlandırılması, fəxri adlarla təltif edilməsi, müəllimlərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan addımlar müəllim nüfuzunu daha da yüksəldib.

Dördüncü ildir ki, Azərbaycan müəllimi Beynəlxalq Müəllimlər Gününü qalib xalqın övladı olaraq bayram edir. İşğaldan azad edilmiş ərazilərimizdə məktəblər fəaliyyətə başlayıb.

Kaspi Təhsil Şirkəti Beynəlxalq Müəllimlər Günü münasibəti ilə bütün təhsil işçilərini təbrik edir. Bayramınız mübarək, əziz müəllimlər!

kaspi.edu.az

Yeniliklərə Abunə Olun

Tədris sahəsindəki fəaliyyətlərimizlə, eləcə də digər yeniliklərlə bağlı məlumat əldə etmək üçün abunə olun.

E-Mail ünvanınız