Müəllimlərimizin şərəfli əməyi
- Ana Səhifə
- Xəbərlər & Tədbirlər
- Müəllimlərimizin şərəfli əməyi
- 04 Oktyabr 2024
Müəllimlərimizin şərəfli əməyi
Kaspi Bakıxanov Liseyində Beynəlxalq Müəllimlər Günü qeyd edildi
Ölkəmizdə böyük müəllim ordusu var və onlar respublikamızın intellektual potensialının gücləndirilməsi yolunda yorulmadan fəaliyyət göstərirlər. Kaspi Təhsil Şirkətinin Liseylərində çalışan müəllimlər də ölkə təhsilinə uğurla töhfələrini verməkdə davam edirlər.
5 Oktyabr- Beynəlxalq Müəllimlər Gününün isə onlar üçün özəl bir sevinci var.
“Müəllim adı, müəllim sözü Azərbaycanda daim müqəddəs sayılıb. Bizə ilk dəfə “Ana, Vətən” kəlmələrini yazmağı öyrətmiş, onların mənasını açıqlamış, sadə rəqəmlərin, sirrini açmış, keçmişimizlə, tariximizlə tanış etmiş müəllimlərimizi daim ehtiram və sevgi ilə yada salırıq və onlara hörmət edirik”- deyə Kaspi Bakıxanov Liseyinin müəllim kollektivi ilə görüşdə səsləndi.
Kaspi Təhsil Şirkətinin İdarə Heyətinin sədri Sona Vəliyeva “Müəllimlərin sözlə ifadə olunmayacaq dərəcədə böyük zəhməti və xidmətini azacıq da olsa qiymətləndirmək üçün bu bayram bir vasitədir. Bu gün doğma Azərbaycanımızın bütün hörmətli pedaqoqları, təhsil sahəsində çalışan işçiləri üçün əziz gündür”- deyə müəllimləri təbrik etdi: “Ümummilli Lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün illərdə müəllim əməyini yüksək qiymətləndirib, onlara böyük hörmətlə yanaşıb, təhsil işçilərinin maddi vəziyyətinin, rifah halının yaxşılaşdırılmasının qayğısına qalıb. Ulu Öndərin müəllim haqqında dediyi fikirlər müəllimlərə verilən ən yüksək qiymətdir: “Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi vardır. Məhz müəllim doğma yurdumuzu sevməyi, hamının rifahı namınə vicdanla işləməyi müdrikliklə və səbirlə bizə öyrətmiş və öyrədir. Hazırda da Prezident İlham Əliyev təhsil siyasətini ölkənin əsas siyasətlərindən hesab edərək diqqət və qayğısını əsirgəmir”.
Kaspi Təhsil Şirkətinin Baş İcraçı direktoru Elşən Əliyev və baş direktorun müavini Sahil Əliyev, Liseyin direktoru Cahid Hüseynov da çıxış edərək müəllimləri təbrik etdilər, cəmiyyətin tərəqqisində, Azərbaycanın gələcəyində məhz bu peşə sahiblərinin şərəfli əməyinin olduğunu vurğuladılar.
Kaspi Ağ Şəhər Liseyində də Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib.
Biz də bu bayramın sevincini müəllimlərlə bir hiss edərək onlara “Bayramınız mübarək!” deyirik.
kaspi.edu.az