Liseyin şagirdləri şəhid ailəsini ziyarət ediblər

Liseyin şagirdləri şəhid ailəsini ziyarət ediblər

Liseyin şagirdləri şəhid ailəsini ziyarət ediblər

“Belə görüşlər uşaqların yaddaşına yazılır, onlar qəhrəmanlarımızı tanıyır, Vətəni daha çox sevirlər...”

Kaspi Ağ Şəhər Liseyinin 7b şagirdləri riyaziyyat müəllimi Mətanət Rzayevanın rəhbərliyi ilə Vətənimizin azadlığı uğrunda döyüşlərdə şəhid olan Teymur Məcidzadənin ailəsini ziyarət ediblər.

M.Rzayeva kaspi.edu.az-a bildirib ki, ziyarət şəhidin və anası Yasəmən xanımın doğum gününə təsadüf edib: “Teymur Məcidzadə 1992-ci il oktyabrın 10-da doğulub. Onun doğum tarixi anası Yasəmən xanımla eyni günə təsadüf edir”. Mətanət müəllimə deyir ki, bir neçə il öncə sinifdə şəhid Teymur Məcidzadə haqqında  yazılan “Şuşada bitən yuxu” adlı kitabı oxuyublar və bu, sinfin stolüstü kitabına çevrilib: “Biz artıq nəşrdən Teymur haqda məlumatlar toplamışdıq. Anasının  dilindən səslənmiş, körpəliyindən şəhid olduğu günə qədər həyatı ilə bağlı məlumatlarımız var idi. Biz oktyabrın 10-da Yasəmən ananın doğum gününü təbrik etmək məqsədilə evlərini ziyarət etdik və şəhidimizin qəhrəmanlığı haqqında çox şey eşitdik”. Teymurun şəhid olmasından sonra atası Tehran kişi ağır ürək əməliyyatı keçirib. Hazırda insult kimi müalicə alır.  “Yasəmən ana şagirdləri maraqlandıran suallara cavab verdi, müharibənin gətirdiyi faciələrdən danışdı. Şəhidimizin bacısı Validə xanım da qardaşı haqqında çoxlu məlumatlar verdi. Oğlunun təhsil illəri haqqında danışan Yasəmən ana qürurla bildirdi ki, Teymur orta məktəbdə digər şagirdlərdən fərqlənib. Olimpiadaların qalibi olub, futbolu sevib. İqtisad Universitetini bitirdikdən sonra yenidən hərbi məktəbə daxil olub. Oğlunun qəhrəmanlıq hekayəsini danışan Yasəmən ana uşaqlara tövsiyələrini verdi: ”Şəhidlərimiz qəhrəmanlıqla vuruşaraq torpaqlarımızı geri qaytardılar. Artıq məsuliyyət sizin üzərinizdədir. Siz azad olunan torpaqlarımızı göz bəbəyi kimi qorumalı, dəyərini bilməlisiniz”. Yasəmən ana müharibədən sonra oğlunun döyüşdüyü yerlərə, Şuşaya səfərindən də uşaqlara bəhs edib.

Şagirdlər şəhid ailəsinə ziyarətdən böyük təəssüratla qayıdıblar: “Yasəmən xanım o qədər məğrur, qürurlu danışırdı ki, uşaqlar oradan çox pozitiv ayrıldılar. Qapıdan çıxmamış “Müəllimə, bir də bura nə vaxt gələ bilərik?”- deyə soruşdular. Şəhid ailələrini, qəhrəman qazilərimizi ziyarət etməyi özümüzə borc bilirik. Bundan sonra da bu cür tədbirlərimizi davam etdirəcəyik. Çünki belə görüşlər uşaqların yaddaşına yazılır, onlar qəhrəmanlarımızı tanıyır, Vətəni daha çox sevirlər”.

kaspi.edu.az

Yeniliklərə Abunə Olun

Tədris sahəsindəki fəaliyyətlərimizlə, eləcə də digər yeniliklərlə bağlı məlumat əldə etmək üçün abunə olun.

E-Mail ünvanınız