Kaspi Liseylərində “Oxuyaq –Paylaşaq” adlı layihə həyata keçirilib
- Ana Səhifə
- Xəbərlər & Tədbirlər
- Kaspi Liseylərində “Oxuyaq –Paylaşaq” adlı layihə həyata keçirilib
- 14 Fevral 2024
Kaspi Liseylərində “Oxuyaq –Paylaşaq” adlı layihə həyata keçirilib
Lisey şagirdləri Beynəlxalq Kitab Bağışlama Gününə töhfə veriblər
“Oxuyaq –Paylaşaq”
Kaspi Ağ Şəhər Liseyinin kitabxanaçısı Şahnaz Quliyeva qeyd etdi ki, Beynəlxalq Kitab Bağışlama Günü uşaqlara kitab bağışlayan və onlarda kitaba məhəbbət yaradan bütün insanları birləşdirir. Xüsusilə, ehtiyacı olan uşaqların kitab əldə etməsi böyük sevgiyə səbəb olur: “Biz də bu sevgini qazanmaq üçün şagirdlərimiz arasında “Oxuyaq –Paylaşaq” adlı layihə təşkil etdik. Şagirdlər öz oxuduqları kitabları Xaçmaz rayonunun Müşkür kənd məktəbinə və Masallı rayonunun Dəmirçi kənd məktəbinə hədiyyə etdilər. Onlar hədiyyə etdikləri kitabların içərisinə kiçik məktub yerləşdirərək ürək sözlərini qeyd etməyi unutmadılar”. Kitabxanaçı bildirdi ki, lisey şagirdlərində mütaliə mədəniyyəti və oxu vərdişini formalaşdırmaq, kitaba olan marağı artırmaq üçün mütəmadi olaraq kitabxanada müxtəlif tədbirlər təşkil olunur. Oxu və nağıl saatları, mütaliə günləri, şair və yazıçılarla görüşlər bu qəbil tədbirlərdəndir: “Şagirdlərin intellektual səviyyəsini genişləndirmək kitabxanaçının qarşısında duran əsas vəzifələrdən biri hesab olunur. Bu vəzifəni layiqincə yerinə yetirmək üçün biz mütəmadi olaraq şagirdlərlə şair və yazıçıların görüşlərini təşkil edirik. Bu tədris ilinin ilk rübündə türk yazıçısı Nur Dombaycı və gənc yazıçı Əziz Yaqubzadə kitabxanamızın qonağı olub. Bu cür görüşlərin təşkil olunması şagirdlərin yaddaşında yaddaqalan iz buraxır, onların dünyagörüşünü artırır, kitaba olan maraqlarını gücləndirir. Ümumiyyətlə, kitabxanalar milli-mədəni sərvətlərin qorunub saxlanılmasında və gələcək nəsillərə ötürülməsində, insanların təfəkkür səviyyəsinin formalaşmasında, elmli, intellektli gənc nəslin yetişməsində böyük rol oynayır”. Ş.Quliyevanın sözlərinə görə, Liseyin kitabxanası bədii və elmi ədəbiyyatla zəngindir: “Buna baxmayaraq, kitabxana fondumuzu zənginləşdirmək üçün müxtəlif layihələr həyata keçiririk. Nəşriyyatlarla mütəmadi olaraq əlaqə yaradır, yeni nəşr olunmuş kitablar haqqında məlumatlar alır və yeni kitablar sifariş edirik. Böyüyən nəslin savadlı şəkildə formalaşması üçün ən əsas vasitələrdən biri mütaliədir. Çox kitab oxuyan insan zəngin söz ehtiyatına sahib olmaqla yanaşı, geniş düşünmə imkanına malik olur. Bu səbəbdən, kitabxanamızda şagirdlərimizin maariflənməsi üçün müxtəlif layihələr təşkil olunur və məktəblilərimiz bu layihələrdə sevə -sevə iştirak edirlər. Bu cür tədbirlərin keçirilməsi şagirdlərin zövqünü oxşayır, qəhrəmanları onlara sevdirir, yaxşı ilə pisi, xeyirlə şəri ayırmalarına dəstək olur. Şagirdlər mövzunu dinlədikdən sonra buradakı hadisələr və qəhrəmanlarla bağlı müzakirələrdə iştirak edir, hadisələrin ardıcıllığını düzgün müəyyən edir, ilk dəfə rastlaşdıqları sözlərin mənasını öyrənir, daha sonra mövzu ilə bağlı verilən sualları cavablandırırlar. Uşaqlar ən çox fantastik, dedektiv janr ədəbiyyata maraq göstərirlər və kitabxanamızdan bu janra uyğun ədəbiyyatı əldə edib oxuyurlar”.
Kiçik yaşlardan başlayan maraq
Kaspi Bakıxanov Liseyinin kitabxanaçısı Nərgiz Zülfiyeva da bildirdi ki, hər il ənənə şəklini alan Beynəlxalq Kitab Bağışlama Günü münasibəti ilə liseyin kitabsevər şagirdləri bir-birinə sevdikləri kitabları hədiyyə edir, bu günü unudulmaz xatirəyə çevirirlər: “Bu il də kitabxanada liseyimizin şagirdləri ilə bu tədbiri keçiririk”. Kitabxanaçı qeyd etdi ki, ümumiyyətlə, şagirdlərin mütaliəyə marağını artırmaq üçün kitabxanada mütəmadi olaraq tədbirlər keçirilir: “Liseyimizin şagirdləri ilə nağıl saatları, oxu günləri təşkil edirik. Şagirdlərin kiçik yaşdan etibarən kitab oxuması, mütaliə və müzakirə etməsinə səy göstəririk. Bununla bağlı “Kitabların sehri”, “Kiçik oxucular” klubunda biz bu vərdişlərə hər dərs nail olmağa çalışırıq”. Liseydə ayrı-ayrı ədəbiyyat adamları ilə görüşlər də şagirdlərin dünyagörüşünün artmasına kömək edir: “Şagirdlər əsərlərini oxuduğu müəlliflə görüşdükdə kitab oxuma maraqları daha da artır. Eyni zamanda, müəllifin maraqlı söhbətləri şagirdlərə bəlli olmayan yönlərinin açıqlanmasında kömək olur. Real bir yazıçı ilə ünsiyyətdə olub, öz suallarını ünvanladıqdan sonra bir çoxları da yazıçı ola biləcəyini düşünür, hətta hekayələr belə yazmağa çalışırlar”. N.Zülfiyeva Liseyin kitabxanasının zəngin olduğunu qeyd edir: “Həm yerli, həm də xarici bədii ədəbiyyat nümunələrimiz mövcuddur. Hər yaş qrupunun maraqlarına uyğun kitabların seçilməsində şagirdlərə köməklik göstərirəm. Dəvət etdiyimiz müəlliflərin bizə hədiyyə verdiyi kitabları kitabxana fonduna əlavə edirəm, bununla da yeni ədəbiyyat nümunələri şagirdlərdə oxuma həvəsi yaradır”. Kitabxana rəhbərinin sözlərinə görə, kiçik yaş qrupu şagirdlər əsasən nağılları çox sevirlər. Həmin nağılları oxuyub mənfi-müsbət obrazları müzakirə etmək onlarda nitq inkişafına kömək edir: “Yuxarı sinif şagirdləri isə klassik ədəbiyyat nümunələrinə üz tuturlar. Yazıçının keçirdiyi hissləri, təsvir etdiyi süjet xəttini anlamağa çalışırlar. Şagirdlərdə mütaliə həvəsi yaratmaq üçün tez-tez kitabxanada görüşlər keçirilir: “Kiçik yaşlarda başlayan bu maraq bir ömür boyu onlarda kitablara məhəbbət hissi aşılamış olacaq. Bunun üçün müəlliflərin iştirakı ilə nağıl saatları təşkil edirik. Yeni kitablarla oxuya maraq yaratmağa çalışırıq”.
kaspi.edu.az