Kaspi Liseyində STEAM təhsilinin qazandırdığı uğurlar

Kaspi Liseyində STEAM təhsilinin qazandırdığı uğurlar

Kaspi Liseyində STEAM təhsilinin qazandırdığı uğurlar

Kaspi təhsil müəssisələrində beynəlxalq və milli olimpiadalar spektrini genişləndirmək haqda düşünülür

STEAM-təhsil son illərdə dünya təhsil sistemində ən mühüm trendlərdən biri kimi aktuallıq qazanıb..

Məktəblərdə STEAM şagirdlərə kommunikasiya,  komandada işləmək, kritik və yaradıcı düşüncəni tətbiq etmək kimi XXI əsr bacarıqlarından istifadə olunmaqla yaradıcı öyrənməni təmin edir. Kaspi Liseylərində STEAM dərslərinin tədrisinə geniş yer ayrılıb.

Kaspi Liseyinin Stemart üzrə akademik rəhbəri Mircəlal Seyidov kaspi.edu.az-a müsahibəsində fənnin şagirdlər üçün əhəmiyyətindən və təhsil müəssisəsinin bu istiqamətdə planlarından danışıb:

-Mircəlal müəllim, Kaspi Liseylərində tədris olunan STEAM dərslərinin  məqsədini necə izah edərsiniz? Ümumiyyətlə, bu layihənin əhəmiyyəti nədən ibarətdir?

-STEAM tədrisinin kökləri insanlıq tarixinin ilk vaxtlarına qədər uzanır. İstər Qərbdə, istər də Şərqdə ənənəvi təhsil strukturu yaranmamışdan əvvəl bütün elm istiqamətləri birgə öyrənilirdi. Leonardo da Vinci, Kopernik, İbn Sina, Xarəzmi və sayısız digər alimlər ümumiyyətlə, dar ixtisasa yiyələnməklə başlamamışdılar. Dünya haqqında təsəvvürə malik olmaq üçün bir alim həm ədəbiyyatı, həm riyaziyyatı, coğrafiyanı, astronomiyanı həm də digər elm istiqamətlərini öyrənməliydi. Mövcud dünyada isə STEAM metodologiyası ilə tədris 1970-ci illərdən sonra geniş vüsət almağa başladı. SSRİ-nin hərtərəfli tədrisinin nəticəsi olaraq kosmos yarışında irəli keçdiyini dərindən təhlil edən Qərb və xüsusilə ABŞ multidisliplinar tədrisə keçid etdi. Günümüzdə elm və texnologiyanın çoxşaxəli olmasını nəzərə alanda sözsüz, dar ixtisaslaşma qaçınılmazdır. Lakin şagirdlərin dünya görüşünün artırılması, qeyri-standart və analitik düşünmə qabiliyyətinin artırılması üçün maddi elmlərin hər yönünə yiyələnməsi vacibdir.

-Bu tədris ilindən STEAM dərslərinin artıq liseylərin 7-ci siniflərində də tədris olunmasının səbəbi nədir?

-2023-2024 tədris ilində Kaspi liseylərində Tynker platforması ilə 7-ci sinif şagirdlərinə Python dərslərinə start verdik. Bu qərarın arxasında bir neçə hədəf durur:

-     Dövlət proqramında Python üzərindən tədrisə təkan verilməsi nəzərə alınması;

-     Süni intellektin inkişaf etdiyi bir dövrdə Alqoritmlər və verilən strukturları istiqamətində şagirdlərin biliklərini artırılması;

-     Tədris ilinin sonunda şagirdlərin olimpiadalara hazır olması üçün Python proqramlaşdırma dilinin təkmilləşdirilməsi;

-     Riyazi və analitik düşünmə bacarıqlarının təkmilləşdirilməsi;

-     Kaspidən məzun olan hər şagirdin proqramlaşdırma bacarıqlarının olması;

-STEAM dərsləri praktik məşğələlər tələb edir. Bunun üçün liseydə hansı imkanlar mövcuddur?

-Bildiyiniz kimi STEAM dərslərinin təşkili üçün lazımi maddi-texniki baza Stemart tərəfindən hazırlanıb. Bu qəbildən 1-6-cı siniflər üçün müxtəlif robototexnika dəstləri, dərs proqramları, proqram təminatı sadalamaq olar. Liseylərdə bu dərslərin keçirilməsi üçün müvafiq şərait yaradılıb. Buna robototexnika otaqları, proqramlaşdırma dərsləri üçün kompüter laboratoriyaları, bütün siniflərdə ağıllı lövhələr və digərləri aiddir.

 

-STEAM müəllimləri hansı bilik və bacarıqlara sahib olmalıdır?

-İdeal Steam müəllimi şagirdlərə yiyələndirəcəyi biliklərə təkmil surətdə malik olan şəxsdir. Təlimçilərimiz müxtəlif ixtisaslara malik olsalar da, müəyyən təlimlərdən keçməklə lazımi bacarıqları qazanırlar. Bildiyiniz kimi STEAM tədrisində müxtəlif fənlərin inteqrasiyası əsasdır. Məsələn, texnologiya müəllimi olan Lamiyə İsmayılova bu il 5-8-ci siniflərə robototexnika dərnəklərini tədris edir və öz dərslərində texnoloji aspektlər ilə robotika biliklərini birləşdirib şagirdlərə təqdim edir. Bundan əlavə müəllimlər arasında da əməkdaşlıq da güclənir. Robotların proqramlaşdırmasını tədris edərkən qaçınılmaz olaraq müəllim proqramlaşdırma bacarıqlarını təkmilləşdirir. Bunun üçün isə digər müəllimlər ilə tandem halında işləməlidir.

-Şagirdlər bu dərslər vasitəsilə hansı bacarıqlara yiyələnirlər?

-Dərs və dərnəklərimiz vasitəsilə şagirdlərimizdə yaradıcı təfəkkürü, problem həll etmə bacarığını, kodlaşdırma/proqramlaşdırma bacarıqlarını, analitik düşüncəni, habelə sosial bacarıqları inkişaf etdiririk. Mürəkkəb layihələri icra etmək üçün şagirdlər komanda halında işləməyi, beyin fırtınası aparmağı və iş bölgüsü aparmağın faydalarını da öyrənirlər.

-Proqramın tədrisi ilə bağlı hansı yeniliklər haqda düşünürsüz?

-Bu il başladığımız Python dərslərinin növbəti addımı olaraq Verilən bazaları, Süni intellekt dərslərini planlaşdırırıq. Bu il yeni əldə edəcəyimiz Lego Spike dəstləri ilə daha geniş spektrli robotika yarışlarına iştirak edəcəyik. Bundan əlavə bağça və Kids filiallarında genişlənmə strategiyamızın növbəti addımı atılacaq. Azərbaycanda ilk dəfə olaraq bu il Vex EXP dəstləri ilə dərnəklərimizə start verdik. Yeni maddi-texniki bazadan maksimal həddə istifadə edərək iştirak etdiyimiz beynəlxalq və milli olimpiadalar spektrini genişləndirməyi düşünürük.

kaspi.edu.az

Yeniliklərə Abunə Olun

Tədris sahəsindəki fəaliyyətlərimizlə, eləcə də digər yeniliklərlə bağlı məlumat əldə etmək üçün abunə olun.

E-Mail ünvanınız