Kaspi liseyində “Payızın sehrli fırçası”
- Ana Səhifə
- Xəbərlər & Tədbirlər
- Kaspi liseyində “Payızın sehrli fırçası”
- 13 Dekabr 2022
Kaspi liseyində “Payızın sehrli fırçası”
Sərgidən əldə olunan gəlir şəhid və qazi ailələrinə dəstək məqsədilə istifadə olunacaq
Kaspi Liseyi “Ağ şəhər” filialında xeyriyyə məqsədli “Payız sərgisi” təşkil olunub. Liseyin Azərbaycan bölməsinin ibtidai sinif müəllimlərinin təşkilatçılığı, şagirdlərin və valideynlərin iştirakı ilə “Payızın sehrli fırçası” adlı festival maraqla qarşılanıb.
Məktəbin foyesi payızın əlvan rəngləri ilə bəzənib. Festivalın keçirilməsində məqsəd şagirdlərdə xeyriyyəçilik xüsusiyyətlərini və payız düşüncələrini formalaşdırmaqdır.
Kaspi Təhsil Şirkətinin təsisçisi Sona Vəliyeva festival iştirakçılarını salamlayaraq satış məqsədi ilə təşkil edilən yarmarkanı yüksək dəyərləndirib: “Belə festivallar şagirdlərimizin formalaşmasında, onlarda milli duyğuların inkişafında rol oynayır. Onlar zəhmətin bəhrəsini götürməyin və paylaşmanın necə gözəl bir hiss olduğunu anlayırlar. Bu festival həm də şagirdlərdə düzgün alış-veriş bacarıqlarının formalaşmasına kömək edir”.
Festivalda Azərbaycanın qədimdə 30 noyabr tarixində qeyd edilmiş “Azər bayramı” xatırlanıb. “Qədimdə Azərbaycanda payızın daxil olması Mehrican, payızın yarı olması Kövsəc, qışın gəlməsi Çillə, qışın yarı olması Xıdır Nəbi, Baharın gəlməsi isə Novruz adlanardı”.
Milli-mənəvi dəyərlərimiz olan qədim bayramlarımız şagirdlərimiz tərəfindən məharətlə təqdim edilib. Festivalda ibtidai sinif şagirdləri müxtəlif dillərdə mahnı, rəqs və səhnəciklərlə çıxış ediblər.
Tədbir çərçivəsində şagirdlərin istedadları ilə ərsəyə gələn əl işləri, şirniyyatlar və payız məhsulları satışa çıxarılıb. Şagirdlər yarmarkada həm əylənib, həm də birlik nümayiş etdirərək öz məhsullarını satıblar. Sərgidən əldə olunan gəlir şəhid və qazi ailələrinə dəstək məqsədilə istifadə olunacaq.