Kaspi Liseyi- ölkə təhsilində bir təhsil brendi
- Ana Səhifə
- Xəbərlər & Tədbirlər
- Kaspi Liseyi- ölkə təhsilində bir təhsil brendi
- 03 Sentyabr 2024
Kaspi Liseyi- ölkə təhsilində bir təhsil brendi
Kaspi təhsil müəssisələri şagirdlərin beynəlxalq standartlara uyğun bilik və bacarıqlarla təmin edilməsinə xüsusi önəm verir
Kaspi Liseylərində - Kaspi Bakıxanov liseyində və Ağ Şəhər liseyində IX, X, XI siniflər üzrə dərslərə 2 sentyabr tarixində start verilib. Özəl təhsil müəssisəsində digər siniflər üzrə dərslər 16 sentyabrda başlayacaq.
Kaspi Liseyi Ağ Şəhər Filialının direktoru Həsən Həsənov kaspi.edu.az-a müsahibəsində 2024/25-ci tədris ilində Liseydə həyata keçiriləcək yeniliklərdən danışıb.
Qlobal arenada uğur qazanmaq üçün
-Həsən müəllim, yeni tədris ilinə hansı yeniliklərlə başlamısınız?
- Yeni tədris ilindən etibarən I-IV siniflərimiz yeni korpusda, V-XI siniflərimiz isə hazırkı binamızda tədrisə başlayacaq. Şagird sayımızın artması səbəbindən atılan bu addım şagirdlərimizin daha geniş sinif otaqlarında rahat tədris prosesi ilə davam etmələrinə kömək edəcək. Bu tədris ilində IX-XI siniflərimizin tədrisi rəsmi olaraq 2 sentyabrdan başlayıb. Liseydə xaricə hazırlıq dərslərimizi tədris etmək üçün əlverişli şərait yaradılacaq. Mənimsəməsi aşağı olan şagirdlər üçün individual dərslərin sayı artırılacaq; Bütün siniflər üzrə, xüsusilə də IX-XI siniflər üçün şagirdlərin istəyinə müvafiq olaraq dərnək və klubların sayı artırılacaq; Cari tədris ilində Kaspi Ağ Şəhər Liseyində Cambridge yönümlü təhsilin başlanması böyük bir yenilikdir və şagirdlər üçün geniş imkanlar yaradır. Bu yeniliklə, şagirdlər təkcə Azərbaycan və rus dillərində deyil, həm də ingilis dilində təhsil almaq imkanı qazanırlar.
Xətai filialında da üç dildə təhsil davam etdirilir. Bu isə Kaspi məzunlarının dünya səviyyəsində rəqabət aparmaq bacarıqlarını artırır. Beləliklə, Kaspi təhsil müəssisələri şagirdlərin beynəlxalq standartlara uyğun bilik və bacarıqlarla təmin edilməsinə xüsusi önəm verir və onların gələcəkdə qlobal arenada uğur qazanmaları üçün möhkəm zəmin yaradır.
Qeyd edim ki, Kaspi liseyində artıq V sinifdən etibarən 3-cü xarici dilin tədrisinə başlanılır. Şagirdlər ingilis və rus dilləri ilə yanaşı, alman dilini də öyrənəcəklər. Bu, onlara gələcəkdə təhsillərini Almaniya dövlət məktəblərində davam etdirmək və ali təhsili ödənişsiz əsaslarla almaq imkanı yaradacaq.
Həmçinin, bu tədris ilindən etibarən liseyimizdə Global Perspective dərslərinin tədrisi həyata keçiriləcək. Bu dərsin məqsədi şagirdlərin dəyişən dünyaya uyğunlaşmalarına və bilik, bacarıqlarını inkişaf etdirmələrinə kömək etməkdir. Global Perspective şagirdlərə qlobal məsələlərə dair məlumat verir və onların tənqidi düşüncə, problemlərin həlli və müxtəlif perspektivlərdən yanaşma bacarıqlarını artırmağa yönəlib. Bu dərs vasitəsilə şagirdlər qlobal səviyyədə aktual olan məsələləri dərk etməyi və bunlara qarşı həssas yanaşmağı öyrənirlər.
STEM (Elm, Texnologiya, Mühəndislik və Riyaziyyat) dərslərinin yuxarı siniflərdə tədrisi şagirdlər üçün bir sıra üstünlüklər yaradır:
- Tənqidi və analitik düşüncə bacarıqları: STEM dərsləri şagirdlərə problemləri tənqidi və analitik yanaşma ilə həll etməyi öyrədir. Bu bacarıqlar yalnız elmi və texnoloji sahələrdə deyil, həm də gündəlik həyat və digər fənlərdə də tətbiq oluna bilər;
- İnnovasiya və yaradıcılıq: STEM təhsili şagirdləri texnologiya və mühəndislik sahələrində innovativ düşünməyə təşviq edir. Onlar öz ideyalarını reallaşdırmaq və yeni həll yolları yaratmaq bacarıqlarını inkişaf etdirirlər;
- Praktik tətbiq və təcrübə: STEM fənləri əsasən praktiki təcrübəyə əsaslanır. Şagirdlər laboratoriyalarda, layihələr üzərində işləyərək mənimsədiklərini real dünyada necə tətbiq etməyi öyrənirlər;
- Gələcək karyera imkanları: STEM sahələri sürətlə inkişaf edən və yüksək maaşlı iş imkanları təqdim edən sahələrdən biridir. Bu fənlər üzrə təhsil alan şagirdlər gələcəkdə mühəndis, proqramçı, alim, texnoloq kimi peşələrə yiyələnə bilərlər;
- Qlobal rəqabət qabiliyyəti: STEM təhsili, şagirdlərin beynəlxalq səviyyədə rəqabət qabiliyyətini artırır. Bu təhsil sayəsində şagirdlər müxtəlif qlobal problemləri həll etmək üçün lazım olan bacarıqlara sahib olurlar;
- Həyat boyu öyrənmə: STEM təhsili öyrənməyi sevdirir və şagirdlərdə həyat boyu öyrənmə vərdişi yaradır. Onlar daim yenilikləri öyrənməyə və öz biliklərini təkmilləşdirməyə hazır olurlar;
STEM dərslərinin yuxarı siniflərdə tədrisi, şagirdlərin həm akademik, həm də peşəkar həyatda uğur qazanması üçün mükəmməl bir baza yaradır.
Uğurların davamlı olması üçün
- Lisey şagirdlərinin ali məktəbə qəbul göstəriciləri qənaətbəxşdirmi?
- Son tədris ili də daxil olmaqla liseyimizdən 112 nəfər şagird məzun olub. 2023-2024-cü tədris ilinə qədər məzunlarımızın hər biri tələbə adını qazanıb. Qeyd edim ki, məzunlarımız yerli qabaqcıl universitetlərlə yanaşı, dünyanın bir çox nüfuzlu universitetlərində təhsil alırlar.
- Ötən tədris ili həmçinin Lisey üçün bir sıra yerli və beynəlxalq bilik yarışlarından yüksək nəticələrlə yadda qaldı. Uğurların davamlı olması üçün liseydə hansı işlərin görülməsi nəzərdə tutulur?
- Uğurların davamlı olması üçün qeyd olunan müsabiqələrə daha sistemli və təkmil formada hazırlaşmaq, müvafiq qaydada infrastruktur təşkil etmək lazımdır. Ötən tədris ilində Lisey bir sıra yerli və beynəlxalq bilik yarışlarında yüksək nəticələr əldə edib və bu uğurların davamlı olmasını təmin etmək üçün aşağıdakı işlərin görülməsi planlaşdırılır:
- Tədris proqramının təkmilləşdirilməsi: Şagirdlərin bilik və bacarıqlarının daha da artırılması üçün tədris proqramının yenidən nəzərdən keçirilməsi və müasir tələblərə uyğunlaşdırılması;
- Əlavə hazırlıq kurslarının təşkili: Şagirdlərin bilik yarışlarına daha yaxşı hazırlaşmaları üçün əlavə dərs və təlimlər təşkil edilməsi;
- Müəllimlərin peşəkar inkişafı: Müəllimlərin ixtisaslarının artırılması və müasir tədris metodlarının tətbiqi üçün treninqlərin keçirilməsi;
- Təcrübə mübadiləsi: Müxtəlif yerli və xarici təhsil ocaqları ilə əməkdaşlıq edərək, uğurlu təcrübələrin öyrənilməsi və tətbiqi;
- Maddi-texniki bazanın gücləndirilməsi: Tədrisin keyfiyyətinin artırılması məqsədilə yeni avadanlıq və texnologiyaların təmin edilməsi. Məktəbimizdə xüsusi STEM-ART və Olimpiada mərkəzi yaradılıb;
- Motivasiya və dəstək: Təhsilalanların motivasiyasının artırılması üçün fərqlənən şagirdlərin mükafatlandırılması və onların uğurlarının geniş ictimaiyyətə çatdırılması;
Hesab edirəm ki, bu addımların atılması Liseyin növbəti illərdə də uğurlu nəticələr əldə etməsinə və şagirdlərin daha yaxşı təhsil almasına şərait yaradacaq.
Ölkə təhsilində bir təhsil brendi
- Kaspi Liseyi 10 ildir ki, Azərbaycanda yeni tədris metodlarını tətbiq edən təhsil müəssisəsi kimi çıxış edib. Bu modellərin tətbiqi liseyə hansı nailiyyətlər qazandırıb?
- Bu metodların tətbiqi mövcud valideyn-şagird məmnuniyyətinin yaranmasına səbəb olub, eyni zamanda yüzlərlə şagirdin liseyimizə üz tutmasına gətirib çıxarıb. Liseyimiz ölkə təhsilində bir təhsil brendi kimi formalaşıb.
- Növbəti tədris ili üçün liseyə qəbul müsabiqəsinin nəticələri necədir?
- Builki qəbul prosesi 4 may tarixindən başlayıb. Qəbul imtahanlarımız iki mərhələli şəkildə keçirilir və qəbul şansı qazanan şagirdlər müqavilə üçün dəvət olunurlar. Müraciət sayı çox olduğu və (təxminən 500+) plan üzrə müəyyən yer sayı ayrıldığı üçün qəbul nəticələri müsabiqə əsaslı aparılır. Artıq 190-a yaxın yeni şagirdimiz var və qəbul prosesi demək olar ki, yekunlaşmaq üzrədir. Qəbul planımızın 90%-dən çoxu tamamlanıb.
Lisey-valideyn əməkdaşlığını gücləndirmək
- Liseyin fəaliyyəti şagird və valideynlərin gözləntilərini tam doğruldurmu? Rəylər necədir?
-Lisey olaraq fəaliyyət istiqamətlərimizdən biri də valideynlərlə işin təşkil olunmasıdır. Bu sahədə uğurlu layihələr icra olunub və davam edəcək. Liseyimizdə Valideyn Platforması təsis olunub. Platformanın idarə heyəti (prezident, vitse prezidentlər) və siniflər üzrə komitə rəhbərləri seçilib. Məqsəd Lisey-valideyn əməkdaşlığını gücləndirmək, müəyyən layihələrə valideynləri də cəlb etməkdir.
-Tədris prosesinin keyfiyyətinə necə nəzarət edirsiniz? Təhsilalanların uğurları və inkişafı necə izlənilir?
- Pedoqoji iclaslar, daha lokal xarakterli iclaslar təşkil etməklə;
- Dərs müşahidələri, kamera vasitəsilə izləmə;
- Elektron jurnal vasitəsilə;
- Mövzu sınaqları və aylıq imtahan nəticələrinin izlənməsi;
-Fənn rəhbərlərinin, koordinatorların və mentorların təhsil prosesinə xüsusi dəstəyi və nəzarəti;
Şagirdlərin sosial inkişafı
- Kaspi Liseyi həmişə Korporativ Sosial Məsuliyyət (KSM) layihələri çərçivəsində tədbirlər həyata keçirir. Yəqin ki, yeni tədris ilinin sosial fəaliyyətləri sırasında ənənəvi olaraq belə tədbirlər də yer alıb...
-Bəli, doğru qeyd edirsiniz, bu məsələ hər zaman bizim üçün aktualdır. Çünki lisey olaraq şagirdlərimizin təksə akademik istiqamətdə deyil, eyni zamanda, sosial tərəfdən də inkişaf etməsini arzu edirik. Təşkil etdiyimiz layihələrlə onların ölkədə və dünyada baş verən proseslərə sosial həssaslıq göstərən, məsuliyyətinin fərqində olan fərdlər kimi yetişməsinə çalışırıq. Belə ki, bildiyiniz kimi bu il ölkəmiz beynəlxalq COP29 konfransına ev sahibliyi edəcək. Konfrans BMT-nin Qlobal İqlim dəyişiklikləri mövzusuna həsr olunmuş ən mötəbər tədbirlərindəndir. Bunun fonunda ölkəmizdə 2024-cü il cənab Prezidentin Sərəncamına əsasən Yaşıl Dünya naminə Həmrəylik ili kimi qeyd olunur. Kaspi liseyi də bu axından geri qala bilməzdi. Tədris ilinin sonlarında “Yaşıl arzularla gələcəyə doğru” adlı geniş bir tədbir təşkil olundu. 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günündə liseyimizdə ilk dəfə “1st Kaspi MUN” Konfransı təşkil edildi. 10-a yaxın orta və ali ixtisas məktəbindən olan şagird və tələblərin iştirakı ilə “İqlim dəyişiklikləri” mövzusunda BMT-nin Baş Assambleyasının iş prinsipi 1 gün boyunca simulyasiya edildi. Bundan başqa liseyimizdə “Divarsız məktəb - Yaşıl sinif” layihəsi həyata keçirildi. Bu kimi tədbirlərin növbəti tədris ilində də təşkili nəzərdə tutulub.
Daha innovativ tədris prosesi
-Hər bir təhsil müəssisəsinin uğurunun sirri həm də onun müəllimlərinin bilik, bacarıq və peşəkarlığı ilə bağlıdır. Bu mənada, Liseyin müəllimləri necə seçilirlər?
- Liseyimizə müəllimlər 3 vacib mərhələni keçdikdən sonra seçilirlər. Biliklərinin imtahan vasitəsilə yoxlanılması, nümunə dərs təşkili, müsahibə (HR, müavinlər və direktor ilə) mərhələləri keçirilir. Tədris ili ərzində isə müxtəlif seminar və proqramlarla müəllimlərimizin inkişafı daima diqqətdə saxlanılır.
-Kaspi Liseyləri yerli brend kimi kifayət qədər sürətli templə inkişaf edir və biz inanırıq ki, məktəb öz uğurlu inkişafına davam edəcək. Yaxın gələcək üçün planlarınızı bilmək istərdik.
- Yaxın gələcəkdə daha innovativ tədris prosesi təşkil etmək, şagirdlərimizin yerli və beynəlxalq müsabiqələrdə inkişafına nail olmaq, xarici dil biliklərinin daha mükəmməl mənimsənilməsini təmin etmək və s. kimi planlar var.
- Kaspi liseyinin Azərbaycan təhsilində yerini necə dəyərləndirərdiniz?
- Düşünürəm ki, Kaspi Liseyi özəl və dövlət ümumtəhsil məktəbləri sırasında nümunəvi şəkildə öz yerini alır və yerli təhsil brendi kimi hər zaman seçilir.
-Müsahibəyə görə təşəkkür edirəm! Yeni tədris iliniz uğurlu olsun!
kaspi.edu.az