Kaspi Liseyi “Məzun günü”nü Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr etdi

Kaspi Liseyi “Məzun günü”nü Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr etdi

Kaspi Liseyi “Məzun günü”nü Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr etdi

Təhsil müəssisəsi məzunlarını xeyir-dua ilə yola saldı

“Məzun günü” bütün məktəb tətillərinin ən təsirli, ən unudulmaz anlarıdır. “Məzun günü” əziz məktəb illərinin başa çatmasının simvoludur. Və bu bayram tədbiri məzunların da, müəllimlərin də, valideynlərin də yaddaşında əbədi qalır...

Kaspi.edu.az xəbər verir ki, Kaspi Liseyində 2022/2023-cü tədris ilini uğurla başa vuran məzunların “Əbədiyyət işığı” adlı “Məzun günü” törəni Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olundu. Kaspi Liseyinin - Ağ Şəhər Filialı və Bakıxanov Filialının məzunlarının və valideynlərin, həmçinin müəllim kollektivinin iştirakı ilə keçirilən mərasimdə Ulu Öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Azərbaycanın Dövlət Himni səsləndi. Torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin ruhu ehtiramla anıldı.

Kaspi Təhsil Şirkətinin İdarə Heyətinin sədri Sona Vəliyeva Liseyi bitirən məzunları təbrik edərək hər bir fərdin şəxsiyyət və layiqli vətəndaş kimi formalaşmasında, onun cəmiyyətdə mövqe tutmasında valideynlərlə birgə məktəbin də müstəsna rolu olduğunu qeyd etdi: “Bu tədris ili ərzində qazandığımız nailiyyətlər böyük müəllim ordusunun və bizim zəhmətkeş şagirdlərimizin uğurlarıdır. Həmçinin valideyn olaraq sizin hər birinizin zəhmətidir”. S.Vəliyeva Ulu Öndər Heydər Əliyevin Azərbaycan təhsilinin inkişafına mühüm töhfələr verdiyini xatırladı: “Ulu Öndər Heydər Əliyev dünyanın ən böyük siyasətçiləri sırasında tutduğu yerə görə müəllimlərinə özünü borclu sayır və oxuduğu məktəbə həmişə minnətdarlıq edirdi. Bizim müqəddəs bir işlə məşğul olmağımızda Ulu Öndərin bu fikirləri həmişə böyük stimul yaradır. Kaspi Liseyi olaraq məqsədimiz də millətin gələcəyi olan təhsilimizin inkişafına töhfə vermək, ölkəmizdə sağlam rəqabət mühitini formalaşdırmaq, xarici ölkələrdə olan həmyaşıdları ilə yarışa bilən, savadlı və uğurlu, milli dəyərlərə sadiq nəslin yetişməsinə nail olmaqdır. Eyni zamanda, Ümummilli Lider Heydər Əliyevin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin bu sahədə həyata keçirdiyi işlərə dəstək göstərmək əsas hədəflərimizdəndir”.

Təsisçi Kaspi Liseylərinin şagirdlərinin dünya və ölkə olimpiadalarında qazandığı nailiyyətlərə toxunaraq bu istiqamətdə çoxlu uğurlar əldə etdiklərini vurğuladı: “Tədris ili müddətində şagirdlərimiz respublika fənn  olimpiadalarında və müsabiqələrdə, o cümlədən beynəlxalq olimpiadalarda, “Robofest International” Robotexnika yarışmasında,  Yeniyetmələrin 19-cu Beynəlxalq Elm Olimpiadasında qızıl, gümüş və bürünc medallar qazanıblar. Bu uğurlar lisey müəllimlərinin peşəkar tədris metodu ilə bərabər şagirdlərin gərgin zəhməti və hazırlıqlarının nəticəsidir. Məzunlarımız hər il 100 faizlik qəbul nəticələri göstərir. Bütün bu uğurların arxasında böyük zəhmət, peşəkarlıq və nizam-intizam dayanır”. S.Vəliyeva diqqətə çatdırdı ki, indiyə qədər liseyi bitirən 250-dən çox məzunun 60 nəfəri xarici ölkələrdə təhsil alır: “Bu tədris ilində isə 39 şagirdimiz məzun olub. Onların bir neçəsi artıq  xarici ölkələrin nüfuzlu ali məktəblərinə qəbul alıblar. Qalan məzunlarımız da ölkəmizin aparıcı ali məktəblərinə imtahan veriblər. Onların uğur qazanacaqlarına inanırıq”. S.Vəliyeva “Mükəmməl milli təhsil amalımızdır” şüarı ilə fəaliyyət göstərən Kaspi Liseylərinin məzunlarının bir neçə ildən sonra təhsil aldıqları ali məktəbləri bitirərək bütün sahələr üzrə tanınacaqlarına və vətənimizə faydalı vətəndaş olacaqlarına inamını ifadə etdi.

Liseyin məzunları “Andiçmə” mərasimində Vətənə layiqli övlad olacaqları, dünyanın hansı ölkəsində olmalarından asılı olmayaraq ölkəmizi ləyaqətlə təmsil edəcəklərinə söz verdilər.

Tədbirdə lisey xorunun “Dahi”, “Yaşayır Ulu Öndər” ifaları, ,”Məşhurlar Heydər Əliyev haqqında”, “Vətən oğlu” səhnəcikləri, “Zəfər yallısı”, “Cəngi” rəqs nömrələri mərasimə xoş ovqat qatdı. Müxtəlif bilik yarışlarında qalib olan şagirdlərin mükafatlandırılması uğur qazanan şagirdlərə təşəkkür anlamı daşıdısa, liseyin aşağı sinif şagirdləri üçün əsil nümunə və motivasiyaya çevrildi.

Kaspi Liseyi məzunlarını kövrək nəğmələrin, şux rəqslərin, şagirdlərin ifasında maraqlı təqdimatların, ən əsası, müəllim və rəhbər heyətin xeyir-duası ilə yola saldı.

Kaspi Təhsil Şirkəti bütün məzunlarına uğurlar arzulayır və onların nailiyyətləri ilə fəxr edir!

Kaspi.edu.az

Yeniliklərə Abunə Olun

Tədris sahəsindəki fəaliyyətlərimizlə, eləcə də digər yeniliklərlə bağlı məlumat əldə etmək üçün abunə olun.

E-Mail ünvanınız