Kaspi Liseyi ardıcıl 5 ildir ki, Amerikada təşkil olunan Genius olimpiadasında Qızıl medal qazanır

Kaspi Liseyi ardıcıl 5 ildir ki, Amerikada təşkil olunan Genius olimpiadasında Qızıl medal qazanır

Kaspi Liseyi ardıcıl 5 ildir ki, Amerikada təşkil olunan Genius olimpiadasında Qızıl medal qazanır

Bu il də Kaspi şagirdləri 3-ü qızıl olmaqla, ümumilikdə 12 medalla döndü

Hər il Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində Nyu-York Dövlət Universitetinin ev sahibliyi ilə “Genius” Olimpiadası keçirilir. ABŞ-ın ən böyük elm sərgisi hesab olunan olimpiada bu il Nyu-York Rochester Institute of Technology (RIT)  tərəfindən təşkil olunub. Yarış iştirakçıları beş fərqli kateqoriya olmaqla, ekologiya və ətraf mühit problemlərinin həlli istiqamətində müxtəlif layihələrlə çıxış edirlər. Olimpiada hər il iki mərhələdə keçirilir. Birinci mərhələ onlayn qaydada təşkil olunur: namizədlər hazırladıqları layihələri yarışın onlayn sisteminə daxil edirlər. Münsiflər heyətindən müsbət rəy alan layihələr növbəti mərhələdə iştirak hüququ əldə edir. Sona qalmış finalçılar müəllifi olduqları layihə və prototipləri təqdim edərək, medal və həvəsləndirici diplomlar qazanırlar.

Olimpiadanın digər maraqlı tərəfi isə ondan ibarətdir ki, bu tədbir yalnız elmi layihələrin rəqabəti üzərində qurulmayıb. Belə ki, yarışma boyu “Beynəlxalq mədəniyyət sərgisi” təşkil olunur. Bu il olimpiadada 60 ölkədən 1200-dən artıq şagird iştirak edib.

“Genius” Olimpiadasında iştirak edən Kaspi Liseyinin şagirdləri yenə də ölkəmizi uğurla təmsil ediblər.

Qızıl, Gümüş, Bürünc

“Genius” ətraf mühitin mühafizəsinə fokuslanan beynəlxalq layihə olimpiadasıdır”-deyə Kaspi Liseyinin İnformatika və robotika müəllimi Kamran Əsgərov yarışda iştirakları haqda təəssüratlarını bölüşdü: “Hər il olduğu kimi, Kaspi Liseyi şagirdləri bu dəfə də uğurla iştirak edərək, ölkəmizi layiqincə təmsil etdilər”. K.Əsgərovun veriyi məlumata görə, 14 şagirdimiz ümumilikdə 5 komanda ilə “Robotexnika” kateqoriyasına qoşulub: “Şagirdlərimiz olimpiadaya ciddi və səylə hazırlaşmışdılar. Onlar qalib gəlmək üçün əllərindən gələni etdilər. Şagirdlərimizlə qürur duyuruq!”

Olimpiadanın nəticələri Kaspi Liseyi üçün uğurlu olub. Ümumilikdə 3 qızıl, 3 gümüş, 6 bürünc medal qazanan qaliblərimizin adlarını təqdim edirik:

Qızıl medal

Orxan Abduləliyev

Cavidan Vəliyev 

Hüseyn Xəlilli

Gümüş medal

Müseyib Ağayev

Ayxan Əlləzov

İslam Abduləliyev

Bürünc medal

Səid Nəzərli

Şəms Əliyeva

Elnur Yusubov

Bürünc medal

Yunus Sadıxov

Murad Bayramlı  

Nihad Rzazadə

Müəllimlərin dəstəyi və şagirdlərin çalışqanlığı

Olimpiadanın qalibləri olan şagirdlərimizin sevinci hədsiz-hüdudsuzdur. Onlar təəssüratlarını kaspi.edu.az-a bölüşdülər.

Yarışmanın Qızıl medalçısı, Kaspi Liseyi Bakıxanov Filialının IXB sinif şagirdi Hüseyn Xəlilli “Biz Genius olimpiadasına video müraciət etmişdik və təşkilatçılar bizi iyunda keçiriləcək finala dəvət etdilər” deyə qeyd etdi: “Komandamız “Roboticse” kateqoriyasında yarışırdı. Mart ayından finala hazırlaşmağa başladıq. Komanda yoldaşlarım və müəllimələrin dəstəyi ilə yarış üçün robot hazırladıq. Proses zamanı qarşılaşdığımız problemləri müəllimlərimizin köməyi ilə həll edirdik. Demək olar ki, 2 ay boyunca hər gün robotun üzərində çalışırdıq və bunun nəticəsi olaraq Qızıl medal qazandıq. Bu uğurda Kaspi Liseyinin müəllimlərinin böyük rolu oldu”. H.Xəlilli deyir ki, olimpiadadan qazandığı medal ona böyük motivasiya olub: “Bundan sonra təhsil həyatımda daha da çalışqan olub digər olimpiadalarda da iştirak etməyə çalışacağam”.

Olimpiadanın Qızıl medalçısı, Bakıxanov Filialının IXB sinif şagirdi Cavidan Vəliyev deyir ki, təhsil aldığı məktəbi xarici ölkədə təmsil etmək uşaqlıq arzusu olub: “Sevinirəm ki, bu arzuma çatmışam. Hətta komandamızla birlikdə böyük uğur qazanmışıq. Bizim yarışmada iştirak etmək üçün çox yüksək və peşəkar komandamız vardı. “Robotikc” kateqoriyası üzrə olimpiadaya yüksək səviyyədə və səylə hazırlaşmışdıq. Müəllimlərimizin təcrübəsi, qayğıkeşliyi bizə çox böyük stimul verdi. Olimpiadada qazandığım Qızıl medal mənə təhsil həyatımda daha çalışqan və əzmli olmağı oyrətdi”.

Qızıl medalçı Orxan Abduləliyev Kaspi Liseyinin IXA sinif şagirdidir. “Komandamız çalışqan və əzmkar idi”- deyə sevincini bölüşür: “Müəllimlərimiz bizə səbrlə kömək edir, hər bir detalı başa salırdılar. Bəzən qarşımıza elə problemlər çıxırdı ki, onları müəllimsiz həll edə bilmirdik. Komanda rəhbərlərimiz – Elşən müəllim, Sahil Müəllim, Kamran müəllim səfər boyu da qayğımızı çəkirdilər. Həqiqətən komanda şəklində qalib gəlmək böyük uğurdur. Sevinirəm ki, bu komandanın üzvü olaraq olimpiadanın qalibi olmuşam. Hesab edirəm ki, bu olimpiada həyatımda dünyagörüşümün artmasına kömək edəcək və Amerikada təhsil almaq arzuma yol göstərəcək”.

Həyəcanverici və məsuliyyətli yarış

Kaspi Liseyi IX sinif şagirdi, Gümüş medalçı Müseyib Ağayev ölkəmizi xaricdə ilk dəfə təmsil etməkdən qürur duyduğunu bildirir: “Mən birinci dəfə idi ki, həm ölkəmizi, həm də Kaspi Liseyini xaricdə, Beynəlxalq yarışda təmsil edirdim. Ona görə də bu yarış mənim üçün həm həyəcanverici, həm də məsuliyyətli idi. Yarışlara ciddi hazırlaşırdıq. Bizim missiya ekologiya və təbiətin mühafizəsi ilə əlaqəli idi. Komandamızın gərgin əməyi sayəsində bu mötəbər yarışın Gümüş medalına layiq görüldük. Təbii ki, bizim belə mötəbər yarışda birinci dəfə iştirak etdiyimizi nəzərə alsaq, gələcəkdə daha da yüksək nəticələr qazanmağımıza inanırıq. Digər tərəfdən, komanda rəhbərlərimizin bizə məsuliyyətli nəzarəti, qayğıkeşliyi sayəsində özümüzü çox rahat hiss etdik. Onlar bütün istəklərimizə qayğı ilə yanaşdılar. Belə bir qayğıkeş mühitdə təhsil aldığıma görə Kaspi liseyinə minnətdaram!”

Kaspi Liseyinin 9C sinif şagirdi, Gümüş medalçı Ayxan Əlləzov komandada istedadlı və bacarıqlı uşaqların təmsil olunduğunu bildirdi: "Komanda heyəti qalib gəlmək üçün əllərindən gələni etdilər, Hazırlığımız yüksək səviyyədə idi. Müəllimlər bizə çox dəstək oldu. Onların dəstəyi bizi ruhlandırdı və qələbə qazanmağa stimul verdi. İnanıram ki, bundan sonra liseyimizə növbəti yarışlarda da başucalığı gətirəcəyik!"

Özümüzü xoşbəxt sayırıq

Kaspi Bakıxanov filialının VIII sinif şagirdi, Bürünc medalçı Şəms Əliyeva Kaspi komandalarının ayrı-ayrılıqda güclü olduğunu deyir: “Bir neçə aydır ki, bu yarışma üçün hazırlaşırdıq. Zəhmətimiz, çalışqanlığımız öz bəhrəsini verdi. Təbii ki, müəllimlərimizin dəstəyi olmasaydı qalib gələ bilməzdik. Onlar daim yanımızda oldular, bizi həvəsləndirdilər, qalib gəlməyə ruhlandırdılar. Əzmkarlıq, çalışqanlıq və müəllimlərin diqqət və qayğıkeşliyi bizə yarışların qalibi adını qazandırdı”.

Bakıxanov filialının IXA sinif şagirdi, Bürünc medal qazanan Elnur Yusibov yarışmaya 3 ay hazırlaşdıqlarını deyir: “Müəllimlərimiz kodlaşdırmaya və robotu düzəltməyə kömək etdilər. Olimpiadada iştirak etmək məsuliyyətli və qürurlu idi. Mötəbər yarış yeni insanlarla tanışlığımıza şərait yaratdı, olimpiadanın həyəcanlı ab-havasını duymağımıza kömək etdi. Qalib gəlməyimizə görə özümü xoşbəxt hiss edirəm”.

Kaspi Təhsil Şirkətinin rəhbərliyi və bütün müəllim-şagird kollektivi Kaspi Liseyinin şagirdlərinin mötəbər yarışmada böyük uğur qazanmasından qürur duyur və bundan sonrakı yarışlarda hamıya uğurlar arzulayır!

Kaspi.edu.az

Yeniliklərə Abunə Olun

Tədris sahəsindəki fəaliyyətlərimizlə, eləcə də digər yeniliklərlə bağlı məlumat əldə etmək üçün abunə olun.

E-Mail ünvanınız