Kaspi - güclü gələcəyin ünvanı

Kaspi - güclü gələcəyin ünvanı

Kaspi - güclü gələcəyin ünvanı

Liseyimizin məzunları ötən tədris ilində də ənənəni davam etdirərək 100% nəticə ilə ali məktəblərə qəbul oldular.

Ötən tədris ilini uğurlu nəticələr və yüksək nailiyyətlərlə başa vuran Kaspi Liseyi 2025/2026-cı tədris ilinə yüksək əhval-ruhiyyə ilə başladı. Sentyabrın 1-dən artıq zəng səsi məktəbin 9,10,11-ci sinif şagirdlərini sinif otaqlarına səslədi. Digər siniflər üzrə dərslər də mərhələli şəkildə şagirdıəri parta arxasına dəvət edir.

Sentyabrın 15-də isə Lisey ənənəvi olaraq Bilik Gününü qeyd edəcək.   

Kaspi Ağ Şəhər liseyinin direktoru Həsən Həsənov 2025/2026-cı tədris ilinə hazırlıq və təhsil ocağındakı yeniliklərlə bağlı Kaspi.edu.az-ın suallarını cavablandırıb:

Yeni tədris ilinin prioritetləri

-Həsən müəllim, Kaspi Ağ Şəhər liseyi yeni tədris ilini hansı yeniliklərlə qarşılayır?
-Yeni tədris ilində Kaspi Liseyi həm akademik, həm də sosial sahədə bir sıra yeniliklərlə fəaliyyətə başlayır. Əsas diqqət istiqamətlərimizdən biri ingilis dilinin inkişafıdır. Bunun üçün şagirdlərə mentorların təyin olunması, dərsliklərin yenilənməsi, oxu kitabxanalarının genişləndirilməsi, müəllimlərin peşəkar inkişafına dəstək verilməsi və Cambridge imtahanlarına hazırlıq proqramlarının təşkili nəzərdə tutulub.

Bu ildən etibarən biz həmçinin Layihə əsaslı öyrənməni (Project Based Learning – PBL) tətbiq edəcəyik. Təklif olunan layihələrdən biri də “Smart School” layihəsidir. Bu layihə məktəbin girişindən başlayaraq bütün mərhələlərdə tədris prosesinə müasir texnologiyaların inteqrasiyasını təmin edəcək. Bununla yanaşı, şagirdlərin sosial-emossional inkişafı üçün xüsusi proqram hazırlanıb. Bu proqram uşaqların həm akademik, həm də şəxsi inkişafına töhfə verəcək. Eyni zamanda, beynəlxalq və respublika olimpiadalarında iştirakın genişləndirilməsi, həmçinin xüsusi dəstəyə ehtiyacı olan şagirdlərlə işin daha da gücləndirilməsi yeni tədris ilinin prioritetləri sırasındadır.

Olimpiadalardan yüksək nəticələr

-Ötən tədris ili hansı nailiyyətlərlə yadda qaldı?
-Ötən il liseyimiz həm akademik göstəricilərdə, həm də beynəlxalq layihələrdə böyük uğurlarla yadda qaldı. Şagirdlərimiz respublika və beynəlxalq olimpiadalarda yüksək nəticələr göstərərək məktəbimizin adını qürurla təmsil etdilər. Təkcə ötən tədris ilində şagirdlərimiz 69 beynəlxalq olimpiada medalı qazandılar.

Liseyimizin şagird sayı artdı, yeni valideyn icması ilə əməkdaşlığımız daha da möhkəmləndi. Cambridge məktəbimiz isə daha da böyüyərək siniflərin sayı ilə genişləndi.

100% nəticə

-Liseyin ötən tədris ili məzunlarının ali məktəblərə qəbulu hansı səviyyədədir?
-Liseyimizin məzunları ötən tədris ilində də ənənəni davam etdirərək 100% nəticə ilə ali məktəblərə qəbul oldular. Onların təxminən 80%-i xarici universitetlərə qəbul olaraq qlobal təhsil imkanlarından yararlandılar, digərləri isə ölkəmizin nüfuzlu ali məktəblərinə daxil oldular. Onların sırasında xüsusi olaraq İbrahim Valehlinin uğurunu qeyd etmək istərdim: o, respublika üzrə ”Birincilər birincisi” oldu, Dünya Fizika Olimpiadasında Gümüş medal qazandı, Imperial College London-a qəbul olundu və fərqlənmə diplomu – Qızıl medalla liseyimizi bitirdi. Bu nəticələr bizim təhsil keyfiyyətimizin və müəllimlərimizin fədakar əməyinin bariz göstəricisidir.

Məsuliyyətli və gələcəyə inamla addımlayan gənclər

- Yeni tədris ilindən gözləntiləriniz nədir?
-Əsas gözləntimiz şagirdlərimizin daha böyük nailiyyətlər əldə etməsi, yaradıcı, məsuliyyətli və gələcəyə inamla addımlayan gənclər kimi formalaşmasıdır. Bununla yanaşı, müəllimlərimizin peşəkar inkişafına dəstək verərək tədris mühitini daha da zənginləşdirməyi hədəfləyirik.

Yeni tədris ilində həmçinin məktəbin elektron avadanlıqları yenilənəcək, bu da dərslərin daha interaktiv və effektiv təşkilinə imkan yaradacaq. Eyni zamanda, dərnəklərin və sosial tədbirlərin daha səmərəli şəkildə təşkili planlaşdırılır ki, bu da şagirdlərin akademik və sosial bacarıqlarının paralel inkişafına xidmət edəcək.

Uğurlu bir başlanğıc

- İbtidai Məktəb ilk tədris ilini hansı nəticələrlə başa vurdu?
-İbtidai məktəbimiz uğurlu bir başlanğıc etdi. Şagirdlərimizin əsas bilik və bacarıqlarının möhkəmlənməsi, onların təlimə marağının artırılması və müstəqil öyrənmə vərdişlərinin formalaşdırılması diqqət mərkəzində oldu. Valideynlərin məmnunluğu və müəllimlərin yüksək peşəkarlığı ilə ilk ilimiz uğurla tamamlandı.

Bununla yanaşı, şagirdlərimiz monitorinq imtahanlarında yüksək nəticələr göstərdilər. Əlavə olaraq, onlar müxtəlif beynəlxalq olimpiada və müsabiqələrdə medallar qazanaraq ibtidai məktəbin ilk ilini həm akademik, həm də yaradıcılıq sahəsində uğurlarla başa vurdular.

Arzularınızın ardınca cəsarətlə gedin!

-Kaspi Liseyi ənənəvi KSM layihələrini uğurla həyata keçirir. Bu tədris ili üçün hansı layihələr nəzərdə tutulub?
-KSM layihələri bizim üçün xüsusi önəm daşıyır. Bu il ekoloji təşəbbüslər, sosial məsuliyyət aksiyaları, həmçinin şagirdlərin liderlik və təşəbbüskarlığını dəstəkləyən müxtəlif layihələr həyata keçiriləcək. Məqsədimiz şagirdlərimizin yalnız akademik deyil, həm də sosial cəhətdən inkişafını təmin etməkdir.

- Liseyin valideyn və şagirdlərinə ürək sözləriniz?
-Əziz valideynlər və şagirdlər, birlikdə daha uğurlu bir tədris ili yaşamaq arzusundayıq. Bizim üçün ən böyük dəyər sizin etimadınızdır. Uşaqlarımızın təlim-tərbiyəsində birgə əməkdaşlığımızın yeni uğurlar gətirəcəyinə inanırıq. Şagirdlərimizə isə deyirəm: arzularınızın ardınca cəsarətlə gedin, çünki Kaspi sizin güclü gələcəyinizin ünvanıdır.

Kaspi.edu.az

Yeniliklərə Abunə Olun

Tədris sahəsindəki fəaliyyətlərimizlə, eləcə də digər yeniliklərlə bağlı məlumat əldə etmək üçün abunə olun.

E-Mail ünvanınız