Kaspi Abituriyentin məzunu “Heydər Əliyev adına təqaüd”ə layiq görüldü

Kaspi Abituriyentin məzunu “Heydər Əliyev adına təqaüd”ə layiq görüldü

Kaspi Abituriyentin məzunu “Heydər Əliyev adına təqaüd”ə layiq görüldü

Mehdi Əflaki yüksək təqaüdə layiq görülən 100 tələbə sırasında yer alıb

Azərbaycan Müəllimlərinin ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş XVI Qurultayı ölkəmizin ərazi bütövlüyünün tam bərpa olunması dövründə keçirilən ilk Müəllimlər Qurultayı kimi tarixə düşdü. Qurultayda elm və təhsil sahəsində əhəmiyyətli nailiyyətlərin qazanıldığı, davamlı islahatların intensiv xarakter aldığı vurğulandı, qarşıda rəqabətli insan kapitalının formalaşması, işğaldan azad edilmiş ərazilərimizdə təhsilin bərpası və inkişafı istiqamətində əhəmiyyətli addımların atılması kimi mühüm vəzifələrin durduğu qeyd olundu.  

Qurultayda Azərbaycan Prezidentinin Sərəncamı ilə təsis edilmiş ali təhsilin bakalavriat səviyyəsində əyani formada təhsil alan və təhsildə yüksək nailiyyətləri olan 100 tələbəyə “Heydər Əliyev adına təqaüd”ün təqdim olunması isə dövlət başçısının elm və təhsilə göstərdiyi böyük diqqət və qayğının parlaq təzahürü kimi hadisəyə çevrildi. Bu mükafatlar təhsil sektorunun inkişafının dövlət siyasətinin əsas prioritetlərindən biri kimi nəzərə alınmasının bariz nümunəsi kimi yadda qaldı. 

Kaspi Abituriyentin məzunu

Tələbələr arasında Kaspi Abituriyent hazırlığı kursunun məzunu Mehdi Əflakinin adının olması isə Kaspi Təhsil Şirkətinin bütün kollektivi üçün qürur doğurur.  

Mehdi Əflaki Kaspi Abituriyent hazırlığı kursunda 3 il ərzində təhsil alıb. 9-cu sinifdən etibarən II ixtisas qrupu üzrə hazırlıq keçib. M.Əflaki bu müddət ərzində mərkəzin sınaq imtahanlarında mütəmadi yüksək bal toplayaraq uğur əldə edib. 2021/2022-ci Tədris ilində Dövlət İmtahan Mərkəzinin (DİM) təşkil etdiyi qəbul imtahanında 639.9 bal toplayaraq Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC-in) Beynəlxalq İqtisadiyyat Məktəbində (#ISE) “Maliyyə” ixtisasına daxil olub.

Gənc Avropa səfiri

Mehdi Əflaki hal-hazırda II kursda oxuyur. O, Avropa İttifaqı tərəfindən maliyyələşdirilən layihə çərçivəsində Gənc Avropa Səfiridir. Eyni zamanda Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə həyata keçirilən layihədə Dayanıqlı İnkişaf Məqsədləri (DİM) üzrə Səfir kimi fəaliyyət göstərir. UNEC-in #TOP15 təqaüdçüsüdür. Mehdi Əflaki UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbinin “Heydər Əliyev adına təqaüd”ə layiq görülmüş 6 tələbəsindən biridir. Qeyd edək ki, təqaüd dövlət büdcəsinin vəsaiti hesabına 3000 manat məbləğində birdəfəlik ödənilir.

Qırmızı Attestata layiq görülən gənc

Kaspi Əhmədli filialının Abituriyent Şöbəsinin meneceri Arzu Behbudova  məzunları Mehdi Əflakinin çalışqan, məsuliyyətli və səmimi bir gənc olduğunu qeyd edir: “Mehdinin ailəsi ilə tanışlığımız 2017-ci ilə təsadüf edir. İlk olaraq Mehdinin böyük bacısı İlahə Əflaki Kaspi Əhmədlidə təhsil almış və uğurlu nəticədən sonra valideynləri Mehdinin də təhsilini  bizə əmanət etməyə qərar vermişdilər. Mehdinin valideynləri ilk dəfə bizə müraciət edəndə o, 9-cu sinifdə oxuyurdu. Həmin tədris ilində Mehdi yalnız buraxılış fənlərindən Kaspi Əhmədlidə hazırlaşmış və tədris ilinin sonunda IX siniflərin buraxılış imtahanında yüksək nəticə göstərmişdir. Elə bu uğurdan sonra artıq Mehdi gələcək üçün hansı ixtisas qrupunda oxuyacağına qərar verdi. Kaspidə 2019-cu tədris ilindən 2-ci qrup üzrə hazırlaşmağa başladıqdan sonra, çox keçmədi ki, müəllimlərindən onunla bağlı xoş sözlər eşidilməyə başladı. Hər imtahandan sonra keçirdiyimiz iclaslarda müəllimlər tərəfindən lider göstərilən Mehdi 11-ci sinifdə də uğurlarını davam etdirirdi. İstər əməkdaşlarımızla, istərsə də qrup yoldaşları ilə çox mehriban münasibəti ilə seçilir, digər uşaqlara da dərslərində dəstək olurdu. 112A qrupundan məzun olan Mehdi Buraxılış imtahanında Qırmızı Attestata layiq görüldü. DİM-in təşkil etdiyi qəbul imtahanında 639.9 bal topladı və bununla da kursumuzun uğurlarına öz adını yazdırmağı bacardı”.A.Behbudova bildirir ki, bu gün də məzunun kursla və müəllimləri ilə münasibətləri yüksək səviyyədə davam edir: “Mehdi tez-tez bizi ziyarətə gəlir, müəllimlərlə görüşür. Biz də öz adımızdan ona gələcək işlərində uğurlar arzulayır, səsinin həmişə yüksəklərdən gəlməsini diləyirik!”

Uğura gedən yol

“Heydər Əliyev adına təqaüd” mənə uğura gedən yolun ilhamı itirmədən zəhmət çəkməkdən, qoyulan məqsədə doğru əzmlə irəliləməkdən və nizamlı şəkildə plan qurmaqdan keçdiyini bir daha sübut etdi”-deyə Mehdi Əflaki uğurunun sevincini kaspi.edu.az-a bölüşdü: “Azərbaycanın Ümummilli Lideri, böyük şəxsiyyət Heydər Əliyevin 100-illiyinin şərəfinə təsis edilmiş bu Təqaüdə layiq görülmək, Ulu Öndərin adını daşıyan mükafatı qazanmaq bir Azərbaycan vətəndaşı və azərbaycanlı tələbə olaraq mənim üçün böyük bir şərəf və qürur hissidir. Bu uğura gedən yol öz məxsusi çətinliyi, bir sıra enişli-yoxuşlu mərhələlərdən ibarət olması isə seçilirdi. Təbii ki, təkbaşına bütün maneələri dəf edərək bu yolu qət etmək çox müşkül məsələdir. Mənə bəxş etdikləri ali bilik və göstərdikləri müstəsna dəstəyə görə məzun olduğum 191 nömrəli tam orta məktəbə, Kaspi Abituriyent Kurslarına və hazırda tələbəsi olduğum UNEC və ISE fakültəsinə öz dərin təşəkkürlərimi bildirirəm!” M.Əflaki bildirir ki, Kaspi Abituriyent kurslarında hazırlaşmağı onun uğur yolunun ən məsuliyyətli və həlledici dövründə, abituriyentlik vaxtlarında ən böyük güclü stimulu olub: “Kaspi müəllimlərinin yüksək səviyyəli peşəkarlığı və mükəmməl tədris metodikaları mənim DİM tərəfindən keçirilən imtahanlarda 639.9 bal toplamağımda əvəzsiz rol oynadı. Kaspi Abituriyentin ən fərqləndirici xüsusiyyətlərindən biri isə onun hər bir abituriyentə uyğun individual yanaşma seçməsi və xüsusi qayğı göstərməsidir”. Təqaüdçü gənc təhsil aldığı Kaspi Abituriyent Hazırlığı Kurslarına xüsusi təşəkkürünü bildirir: “Kaspi Abituriyent Hazırlığında mənə dərs deyən dəyərli müəllimlərimə və mənə daim qayğı ilə yanaşan, yol göstərən Kaspi rəhbərliyinə və qayğıkeş əməkdaşlarına öz dərin minnətdarlığımı bildirirəm!” M.Əflaki qazandığı uğura görə valideynlərinin zəhmətindən və dəstəyindən də bəhs edir: “Sözsüz ki, bu günə kimi mənə dərs deyən hər bir müəllimin bugünkü uğurumda danılmaz töhfəsi olub. Ancaq böyük uğurların sirrini, bir qayda olaraq, daha dərində, təməldə axtarmaq lazım gəlir. Mən bu uğurumun təməlimi qoyan və hələ də mənə dəstək olan valideynlərimə borcluyam. Anam və atam mənə ən ilkin anlayışları və bilikləri öyrədən, məndə məsuliyyət və zəhmətkeşlik kimi bir sıra mühüm xüsusiyyətləri aşılayan müqəddəs insanlardır. Onların mənim parlaq gələcəyim uğrunda çəkdikləri əziyyəti, verdikləri və verməyə davam etdikləri töhfələri bu şəkildə bir “dağ zirvəsinə” ucaltmaq mənim üçün ən böyük və ən dəyərli nailiyyətdir”.

Kaspi Təhsil Şirkəti olaraq məzunumuzu nailiyyətləri münasibəti ilə təbrik edir, ona uğurlarının davamlı olmasını arzulayırıq!

Kaspi edu.az

Yeniliklərə Abunə Olun

Tədris sahəsindəki fəaliyyətlərimizlə, eləcə də digər yeniliklərlə bağlı məlumat əldə etmək üçün abunə olun.

E-Mail ünvanınız