İngilis dili bacarıqları təhsil və iş sahəsində daha geniş imkanlar yaradır

İngilis dili bacarıqları təhsil və iş sahəsində daha geniş imkanlar yaradır

İngilis dili bacarıqları təhsil və iş sahəsində daha geniş imkanlar yaradır

Kaspi Liseylərində İngilis dilinin mükəmməl öyrədilməsi üçün ən qabaqcıl metodlardan istifadə olunur

Beynəlxalq ünsiyyət üçün ən çox istifadə olunan dil hazırda İngilis dilidir. Bu, təkcə ortaq ünsiyyət vasitəsi deyil, həmçinin biznesin, elmin, texnologiyanın, təhsilin dilidir. İngilis dilinin öyrənilməsi ölkəmizdə də şagirdlərə, tələbələrə və mütəxəssislərə bir çox imkanlar yaradır. İngilis dilini mükəmməl bilmək xaricdə ali təhsil almaq istəyən hər kəs üçün çox vacibdir.

Kaspi Ağ Şəhər Liseyinin İngilis dili fənn müəllimi Elnurə İnci kaspi.edu.az-a müsahibəsində müasir dövrdə İngilis dilini öyrənməyin əhəmiyyətindən və şagirdlər üçün yaratdığı imkanlardan danışıb:

-Kaspi Liseylərində İngilis dili fənninin tədrisi haqqında nə deyə bilərsiniz?

-Liseylərimizin fəaliyyətə başladığı ilk gündən ingilis dili fənninin tədrisinə xüsusi yanaşılıb. Bu yanaşma öz əksini xüsusi seçilmiş tədris proqramında, dərs saatlarının sayında, sinifdə və sinifdənxaric istifadə edilən dərs materialları və resurslarında, tədris strategiya və metodlarında öz əksini tapır.

-Şagirdlərə İngilis dilinin bacarıqlarını mükəmməl öyrətmək üçün hansı metodlardan istifadə edirsiniz?

-Artıq uzun müddətdir ki, xarici dillərin tədrisində məhz dil bacarıqlarının əlaqəli şəkildə öyrədilməsi önəm daşıyır. Bir dili mənimsəmək o dildə oxu, dinləmə, yazılı və şifahi nitq bacarıqlarına malik olmaq deməkdir. Aktiv öyrənmə üsullarından daha çox istifadə etməklə dərslərimizi interaktiv və şagirdyönümlü şəkildə qurmağa üstünlük veririk. Bundan başqa, ingilis dilini sinif çərçivəsindən çıxarmağa və şagirdlərin gündəlik həyatına daxil etməyə çalışırıq ki, öyrənmədə davamlılıq təmin edilmiş olsun. Bunun üçün şagirdlərimizin istənilən yerdə istifadə edə biləcəyi oxu və oyun platformalarından istifadə edilir. Eyni zamanda, tədris ili ərzində müxtəlif akademik və sosial fəaliyyətlər də təşkil edilir.

-IX və XI sinif Buraxılış imtahanlarında İngilis dili əsas fənndir. Şagirdlərin imtahana hazırlıq səviyyələri necədir?

-IX-XI siniflərdə Buraxılış imtahanı nəzərə alınaraq hazırlanmış xüsusi proqram tətbiq edirik. Bu, Buraxılış imtahanının bütün tələblərinə cavab verən və təhsil standartlarını özündə əks etdirən böyük həcmli və intensiv bir proqramdır. Şagirdlərin mövzuları mənimsəmə səviyyələri müntəzəm olaraq sınaq imtahanları ilə yoxlanılır, nəticələr analiz edilir və müvafiq fəaliyyət planı tərtib edilir. 

-Müasir dünyada İngilis dilini öyrənmək nə üçün lazımdır? 

-İngilis dili beynəlxalq dil olaraq fərqli ölkələrdən olan insanlar üçün ortaq ünsiyyət vasitəsidir. Bundan başqa, ingilis dili həm də turizmin, elmin, diplomatiyanın, media və internetin dilidir. Müasir dünyada informasiya daha çox ingilis dilində əlçatandır. Bütün dünyada ingilis dili bacarıqları təhsil və iş sahəsində daha geniş imkanlar yaradır və bu da öz növbəsində daha uğurlu olmaq deməkdir.

-Şagirdlər özləri əlavə olaraq İngilis dili biliklərini necə inkişaf etdirə bilərlər? Onlara bu istiqamətdə tövsiyələriniz nədir?

-Müasir dövrdə ingilis dilini müstəqil şəkildə inkişaf etdirmək üçün olduqca geniş imkanlar var. Buna xüsusilə oxu və dinləmə materiallarını misal göstərmək olar. Bu məqsədlə kitabxanamızda müxtəlif səviyyəli oxu və dinləmə materialları ilə var, həmçinin ibtidai sinif şagirdlərimiz elektron kitabxanadan da istifadə edirlər. Şagirdlərimiz öz səviyyələrinə uyğun kitabları oxuyur, dinləyir, səslərini yazır və mətn üzrə yazılı tapşırıqlar edirlər, yəni bütün dil bacarıqları fəaliyyətə cəlb edilmiş olur.

Şagirdlərin müstəqil çalışmasını davamlı etmək üçün materialların maraqlı və mənalı olması, eyni zamanda da çətinlik dərəcəsinin düzgün tənzimlənməsi vacibdir.

-Beynəlxalq dil olaraq şagirdlər İngilis dilinə nə qədər maraq göstərirlər?

-Günümüzdə bir çox filmlər, televiziya proqramları, kitablar, musiqilər və internet səhifələri ingilis dilindədir. Bu mənbələrdən istifadə artıq yavaş-yavaş gündəlik həyatımıza daxil olur və nəticə olaraq şagirdlərimizdə ingilis dilinin öyrənilməsinə kifayət qədər həvəs yaradır. Bundan başqa liseyimizdə təhsil alan şagird kontingenti üçün xaricdə təhsil imkanları baxımından da ingilis dilinin yüksək səviyyədə öyrənilməsi aktualdır. 

Kaspi.edu.az

Yeniliklərə Abunə Olun

Tədris sahəsindəki fəaliyyətlərimizlə, eləcə də digər yeniliklərlə bağlı məlumat əldə etmək üçün abunə olun.

E-Mail ünvanınız