Heydər Əliyev - bütün dünyada Azərbaycanın rəmzi

Heydər Əliyev - bütün dünyada Azərbaycanın rəmzi

Heydər Əliyev - bütün dünyada Azərbaycanın rəmzi

Kaspi Təhsil Şirkətindən Ulu Öndərin 100 illik yubileyinə layiqli töhfələr

Kaspi Təhsil Şirkətindən Ulu Öndərin 100 illik yubileyinə layiqli töhfələr “Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur. Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir”. Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Prezident İlham Əliyevin Sərəncamında yer alan bu fikirlər dahi şəxsiyyətin Azərbaycanın quruculuq salnaməsinin ən parlaq səhifələrinın məhz ulu öndərin adı ilə bağlı olduğunu bir daha xatırladır. “Heydər Əliyev bütün varlığı ilə sevdiyi və canından əziz bildiyi doğma xalqının mənafelərini daim önə çəkmiş və respublikamızın inkişafı üçün malik olduğu bütün imkanlardan istifadə etmişdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur”- deyə Sərəncamda qeyd olunub. “Kaspinin yubiley töhfəsi” Mayın 10-u Ulu Öndərin 100 illik yubileyi münasibətilə Kaspi Təhsil Şirkətinin müəssisələri ümummilli liderin yubileyinə həsr olunan silsilə tədbirlər həyata keçirir. Kaspi təhsil müəssisələrində Ədəbiyyat fənn rəhbərliyinin esse müsabiqəsi, Tarix fənn birləşməsinin təşkil etdiyi bilik yarışı artıq başa çatıb. “Gül festivalı”, “Xeyriyyə yarmarkası” “Mədəniyyətimizin himayədarı” adlı rəsm sərgisi Ulu Öndərin yubileyinə layiqli töhfə olacaq. Həmçinin, müxtəlif siniflərdən şagirdlərin və müəllimlərin ifasında “Ulu bir sərkərdə, ulu bir öndər” adlı şeirə çəkilən video klipin hazırlığı gedir. Həmçinin KTŞ-nin baş ofisinin əməkdaşları arasında ulu öndərin 100 illiyinə həsr olunan “Breyn-rinq” yarıcı keçiriləcək. Həyata keçirilən tədbirlərin hər birində ümummilli liderin zəngin həyat yolu və müstəsna fəaliyyətinin bir-birini tamamlayan mərhələləri haqqında şagirdlərə məlumat verilir, dahi şəxsiyyətin öz xalqına sıx bağlılığın, milli dövlətçilik məfkurəsinə sadiqliyin canlı təcəssümü olduğu bildirilir. Şagirdlər məlumatlandırılır ki, dövrünün ən nüfuzlu siyasətçiləri ilə bir sırada duran Heydər Əliyev Azərbaycanın müasir simasının, xalqımızın zəngin dəyərlərinin tanıdılması və ölkəmizin beynəlxalq münasibətlər sistemində layiqli mövqe qazanmasında müstəsna rol oynayıb. “Ulu Öndərin şah əsəri olan güclü Azərbaycan dövləti öz suverenliyini, müstəqilliyini qorumağa qadir olduğunu 44 günlük Vətən müharibəsində şanlı Zəfər qazanmaqla sübuta yetirib. Dövlətçilik salnaməmizdə silinməz izlər qoymuş, azərbaycanlı olması ilə ömür boyu fəxr etmiş, milli qürur və iftixar mənbəyimiz olan Heydər Əliyev bütün dünyada Azərbaycanın rəmzi kimi qəbul edilir”- deyə qeyd edilir. Ən gözəl 100 şeir “Ulu öndərin poetik portreti” - Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevə həsr olunan 100 şeir kitabı” Müstəqil Azərbaycan dövlətinin qurucusu Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə, 2023-cü ilin Azərbaycanda “Heydər Əliyev İli” elan olunmasına Kaspi Təhsil Şirkətinin gözəl töhfəsidir. Nəfis tərtibatla nəşr olunan kitabda Azərbaycan poeziyasının ünlü simalarının – Mirvarid Dilbazi, Süleyman Rüstəm, Söhrab Tahir, Nəriman Həsənzadə, Məmməd Araz, Xəlil Rza Ulutürk, , Nəbi Xəzri Cabir Novruz, Qabil, İlyas Tapdıq kimi görkəmli şairlərin, həmçinin Leyla Əliyeva, Elşad Barat kimi gənc şairlərin Ulu Öndərə həsr etdikləri şeirlər dahi şəxsiyyətin poetik portretini yaradıb. Kitabda Ulu Öndərin ikinci dəfə dövlət rəhbərliyinə xalqın istəyi ilə “xilaskar kimi qayıtması dövrü”, ölkəmizin həyatında onun misilsiz xidmətlərinin heç zaman unudulmayacağını çatdıran səmimi məzmunlu şeirlər, Ulu Öndərin əbədiyyətə qovuşduğu qüssəli anı təsvir edən, xalqın ümummilli kədərinin sonsuzluğunu ifadə edən poeziya nümunələri yer alıb. Nəşrdə Ümummilli liderə həsr olunan ən gözəl 100 şeir dərc olunub. Şeirlərin hər birində Ulu Öndərin xalqa bağlı ömrünün, Azərbaycana sonsuz sevgisinin, ölkəmizin müstəqilliyi üçün həyatını təhlükəyə atmasının, suverenliyimizi qorumaq üçün gərgin çalışmalarının, uzaqgörən və müdrik diplomatik siyasətinin çalarları, izləri var. Şeirlərin hər biri dahi şəxsiyyətin parlaq tərcümeyi-halını əks etdirmək baxımından dəyərlidir. Ulu Öndər Heydər Əliyevə poeziyamızın məhəbbəti Ulu Öndər 1997-ci ildə Azərbaycan yazıçılarının X qurultayındakı nitqində söyləyirdi: “Şəxsən mən ədəbiyyatı çox sevən adamam və gənc yaşlarımdan, hətta uşaqlıqdan, məktəbdə ilk ədəbiyyat nümunələrini oxuyan gündən ədəbiyyatı sevmişəm... Mənim bir insan kimi formalaşmağımda, təhsilimdə, əxlaqımda, mənəviyyatımda ədəbiyyatın, mədəniyyətin çox böyük rolu olmuşdur. Mən orta məktəbdə oxuyarkən Azərbaycan şairlərinin, yazıçılarının bütün əsərlərini sevə-sevə oxumuşam...” Ulu Öndərin ədəbiyyata, poeziyaya sevgisi, söz və sənət adamlarına diqqət və qayğısı Filologiya elmləri doktoru, Əməkdar jurnalist Sona Vəliyevanın kitaba yazdığı “Ulu Öndər Heydər Əliyevə poeziyamızın məhəbbəti” adlı ön sözdə həssaslıqla və məhəbbətlə təsvir olunub: “Azərbaycanın müstəqil dövlət quruculuğu tarixində Ulu Öndər Heydər Əliyevin rolu nə qədər dəyərlidirsə, onun milli mədəniyyətimizin, incəsənətimizin və ədəbiyyatımızın inkişafındakı xidmətləri də bir o qədər əhəmiyyətə malikdir. Bütün fəaliyyəti dövründə Ulu Öndər ədəbiyyata, milli ədəbi irsimizə xalqımızın əsrlərlə yaratdığı və nəsildən-nəsilə ötürdüyü bədii sərvət nümunəsi kimi yanaşaraq, bu sərvətin yaradıcısı rolunda çıxış edən qələm əhlinə, şair və yazarlarımıza həmişə xüsusi ehtiram göstərmişdir”- deyə Sona Vəliyeva qeyd edib: “Bəzən Ulu Öndərin ədəbi şəxsiyyətlərin həyat və yaradıcılığını, hər hansı bir konkret əsəri əsl ədəbiyyatşünas kimi dərindən təhlil etməsi bu sahədə ad-san çıxarmış ədəbiyyatçı alimlərimizi belə heyran qoyurdu. Ədəbi ictimaiyyətə bəslənən xüsusi münasibət Ulu Öndəri sonrakı bütün ömrü boyu müşayiət etmiş və yaradıcı insanlarla onun qarşılıqlı münasibətinin əsasını təşkil etmişdir. Əksər siyasi və dövlət tədbirlərində nitq söylərkən Heydər Əliyevin bədii ədəbiyyatdan gətirdiyi nümunələr, öz fikirlərini tez-tez bədii ədəbiyyatdan müxtəlif iqtibaslar gətirməklə daha obrazlı çatdırması, çıxışlarının mövzusundan asılı olaraq, bəzən tribunadan poema, şeir və dram parçalarından misallar çəkməsi söylədiklərimizin əyani sübutu sayıla bilər”. S.Vəliyeva Ulu Öndəri o taylı, bu taylı bütöv Azərbaycan ədəbiyyatının inkişafı və zənginləşməsi, ən yaxşı ədəbi nümunələrin təbliği, qorunub-saxlanması və salnamə olaraq gələcək nəsillərə çatdırılması yolunda xüsusi xidmətlər göstərmiş milli lider kimi dəyərləndirir: “Ulu Öndərin 1969-1987-ci illəri əhatə edən birinci dövr siyasi fəaliyyəti çərçivəsində Azərbaycan ədəbiyyatının inkişafı və daha da milliləşməsi, ədəbi mühitdə milli-tarixi yaddaşın və ənənələrin möhkəmləndirilməsi istiqamətində xüsusi işlər görülmüşdür. Həmçinin ziyalılar arasında milli ruhun və məsuliyyətin yüksəlişi, yaradıcılıq mühitinin birlik ideyaları ilə getdikcə daha çox zənginləşdirilməsi, Azərbaycanda Şimal–Cənub ədəbi əlaqələrinin yaradılması və stimullaşdırılması, “Cənub mövzusu”nun 9 ədəbi mühitdə daha geniş təlqin edilməsi və s. məsələlər Ulu Öndərin diqqətində olmuşdur. Görülən həmin o böyük işlər o dövrdə həm də Heydər Əliyevin bütövlükdə yaradıcı ziyalılarla, söz adamları və ədəbi ictimaiyyətlə birlikdə yaratdığı və gələcəkdə milli inkişafımızı müəyyənləşdirən uzaqgörən müstəqillik strategiyasının xüsusi platforması və təzahürü idi”. Əməkdar jurnalist 1969-cu ildən Ulu Öndərin hakimiyyətə gəlişi ilə Azərbaycan ədəbiyyatının özünün əsl hamisini tapdığını və qısa müddətdə onun qayğısı ilə əhatə olunaraq geniş inkişaf mərhələsinə qədəm qoyduğunu vurğulayır: “1970-ci illərin əvvəllərindən başlayaraq, ədəbiyyat xadimlərinin təntənəli yubiley tədbirlərinin təşkili, Ü.Hacıbəyli, S.Vurğun, C.Cabbarlı, C.Məmmədquluzadə, N.Nərimanov, M.P.Vaqifin abidə və ev-muzeylərinin təşkili və açılışı, həmçinin çoxsaylı yubileylərinin keçirilməsi Heydər Əliyevin ədəbiyyata, söz və fikir adamlarına ehtiramlı münasibətini və xüsusi qayğısını sübut edirdi”. S.Vəliyeva Heydər Əliyevin Ana dilimizə göstərdiyi yüksək diqqət və sevgini xatırlayır: “Ulu öndər çıxışlarından birində söyləyirdi: “Dil hər bir xalqın böyük sərvətidir. Ədəbi dilin tərəqqisi olmadan, heç bir cəmiyyətdə mənəvi dəyərlərin və milli mədəniyyətin tərəqqisi mümkün deyildir”... Məhz elə bu məntiqdən çıxış edərək, Heydər Əliyev ədəbiyyatı həm də “dilin tarixi mühafizəçisi kimi” dəyərləndirirdi və həm sovet dönəmində, həm də Azərbaycana rəhbərlik etdiyi sonrakı dövrlərdə özünün əksər çıxışlarını məhz doğma ana dilində edirdi, milli dilə özünün həqiqi övlad münasibətini nümayiş etdirirdi”. Azərbaycançılıq təliminin hərtərəfli inkişafı və tərəqqisi S.Vəliyeva vurğulayır ki, Heydər Əliyevin ədəbiyyata, sözə və söz adamına verdiyi böyük dəyər dahi liderin Azərbaycan dövlətçiliyi tarixində milli ideologiyamız olan Azərbaycançılıq təliminin hərtərəfli inkişafı və tərəqqisi işində də yeni üfüqlər açıb: “Ulu öndər bu ideologiyanın inkişafı üçün Ana dilimizin, bu dildə yazıb-yaradan ədəbi ictimaiyyətin, milli ziyalılarımızın fəaliyyətinə xüsusi önəm verərək, onların xalq qarşısındakı tarixi missiyasını düzgün müəyyənləşdirdi. Məhz elə bunun nəticəsidir ki, bu gün sözə, poeziyaya, ana dilində yazıb-yaratmağa könül verən ədəbi ictimaiyyət Ulu Öndərin xatirəsini dərin ehtiramla yad edərək, ona ürəkdən gələn şeirlər həsr edir, tarixi və bədii əsərlər ərsəyə gətirirlər. Bununla da yaradıcı ziyalılar sanki Ulu Öndərə sevgilərini ifadə etməyə çalışır, xüsusi ehtiyac hiss olunduğu vaxtlarda, ən çətin anlarında şeirin, nəsrin dili ilə onu xalqı xilas etmək üçün çağırırlar”. Bəli, xalqımız Ulu Öndərin əziz xatirəsini həmişə uca tutur və minnətdarlıqla anır. Ulu Öndərin yenidən hakimiyyətə gəldiyi gün Azərbaycan Respublikasının dövlət bayramı – Milli Qurtuluş Günü kimi qeyd edilir. Müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir. Bu müqəddəs mirası qoruyub saxlamaq hər bir azərbaycanlının şərəfli vəzifəsidir.

Kaspi.edu.az

Yeniliklərə Abunə Olun

Tədris sahəsindəki fəaliyyətlərimizlə, eləcə də digər yeniliklərlə bağlı məlumat əldə etmək üçün abunə olun.

E-Mail ünvanınız