Hədəf yolunda atılan ilk addım
- Ana Səhifə
- Xəbərlər & Tədbirlər
- Hədəf yolunda atılan ilk addım
- 08 Avqust 2025
Hədəf yolunda atılan ilk addım
İbrahim Valehli: “Kaspi liseyi xarakterimin formalaşmasında böyük rol oynayıb”
Xəbər verdiyimiz kimi Kaspi Liseyinin məzunu İbrahim Valehli Böyük Britaniyanın aparıcı universitetlərindən olan “Imperial College London” universitetində təhsil alacaq. Məzunumuz Müvafiq Seçim Qaydalarının şərtlərinə əsasən Beynəlxalq Fənn Olimpiadalarının qalibi kimi Dövlət Proqramına (DP) qəbul zamanı müsahibə mərhələsindən azad olunub və birbaşa təqaüdçü statusunu qazanıb.
İ.Valehli təhsilini dünyaca məşhur universitetdə Aviasiya və Kosmos mühəndisliyi ixtisası üzrə davam etdirəcək.
Xatırladaq ki, İbrahim Valehli 1-ci sinifdən etibarən Kaspi Ağ Şəhər liseyinin Rus bölməsində təhsil alıb və 2024/25-ci tədris ilində məzun olub.
Peşəkar müəllimlər, səmimi sinif yoldaşları
Kaspi.edu.az-ın suallarını cavablandıran İ.Valehli dünyanın nüfuzlu universitetini qazanmasını hədəf yolunda atılan ilk addım adlandırır:
-İbrahim, Kaspi Liseyinin məzunu olaraq Londonun aparıcı “İmperial College London” universitetini qazanmağın münasibətilə səni təbrik edirik. Demək olarmı, hədəfinə çatdın?
- Xeyir, hədəfimə çatmış sayılmıram. Fikrimcə, universitetə daxil olmaq hədəfə çatmaq deyil. Bu, hədəf yolunda atılan ilk addımdır.
-Uğurların haqqında nə deyə bilərsən?
-Marağım olan və yaxşı edə bildiyim bir sahəni tapdım və bu istiqamətdə uğur qazandım.
-Kaspi Liseyində oxuduğun müddətdə məktəb həyatı sənə nə qazandırdı?
-Kaspi liseyi mənim xarakterimin formalaşmasında böyük rol oynayıb. Bu məktəbdə oxuduğum illərdə peşəkar müəllim heyəti, səmimi sinif yoldaşlarım oldu. Hamısına öz təşəkkürümü bildirirəm!
-Məktəbdə təhsil alan şagirdlərə öz təcrübəndən çıxış edib nələri tovsiyə edərdin?
-Hamının həyatı fərqlidir. Məncə hər kəs öz yolunu özü tapmalıdır.
Qızıl Nişana doğru
İbrahim Valehlinin təhsil aldığı dövrdə qazandığı uğurlara nəzər salaq:
2021-2022-ci tədris ilində Respublika Fənn Olimpiadasında Fizika fənni üzrə (8-ci sinif şagirdi kimi) 9-cu siniflərlə bərabər iştirak edərək ölkə üzrə 3-cü yeri qazanıb;
2022-ci ilin noyabr ayında fizika fənni üzrə Beynəlxalq Olimpiadalarda Azərbaycan komandalarının rəhbəri Naqif Nəbiyevin xatirəsinə həsr edilmiş müsabiqənin birincisi olub;
2022-2023-cü tədris ilində Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin təşkil etdiyi Elm Olimpiadasında Fizika/Kimya/Biologiya üzrə ilk altılığa düşərək ölkəmizi beynəlxalq elm arenasında təmsil etmək hüququnu qazanıb;
İ.Valehli Kolumbiyada keçirilən Beynəlxalq Elm Olimpiadasında (IJSO 2022) ikinci yerə çıxaraq gümüş medal qazanıb; (Qeyd etmək lazımdır ki, İbrahimin göstəricisi Respublika üzrə birinci idi).
Həmin tədris ilində şagird Respublika Fənn Olimpiadasında Fizika fənni üzrə iştirak edərək Respublika birinciliyini əldə edib.
2023 cü ilin dekabr ayında Taylandın Bankok şəhərində keçirilən Beynəlxalq Elm Olimpiadasında Gümüş medal qazanıb;
2023-2024-cü tədris ilində İbrahim Valehli yenidən Respublika Fənn Olimpiadasında iştirak edərək Fizika fənni üzrə birinci yer - Qızıl medal qazanıb;
2024 -cü ilin iyul ayında şagirdimiz 8-ci Avropa Fizika Olimpiadasında (EuPhO 2024)
uğurla çıxış edərək Gümüş medala layiq görülüb;
Daha sonra Beynəlxalq Fizika Olimpiadasında (İPhO 2024) uğur qazanaraq bir daha Gümüş medala sahib olub;
İ.Valehli bu il Fransada təşkil olunacaq Beynəlxalq Fizika Olimpiadasında (İPhO 2025) ölkəmizi təmsil edəcək komandanın tərkibindədir;
2024-2025-ci tədris ilində İbrahim Valehli yenidən Respublika Fənn Olimpiadasında iştirak edərək Fizika fənni üzrə birinci yer - Qızıl medal qazanıb və Respublika üzrə BİRİNCİLƏRİN BİRİNCİSİ nominasiyasına layiq görülüb;
Ümumi təhsil müəssisələrinin 2024-2025-ci tədris ili üzrə Qızıl və Gümüş nişanla təltif olunan məzunlar siyahısında İbrahim Valehli Qızıl Nişana layiq görülüb
Qeyd edək ki, məzunumuzun əldə etdiyi uğurlar həm Kaspi Liseyi ailəsinin, həm də Azərbaycanın elm və təhsil yolunda qazandığı böyük bir nailiyyətdir!
Kaspi Təhsil Şirkəti istedadlı məzunumuz İbrahim Valehlini nailiyyətləri münasibəti ilə təbrik edir, ona gələcək təhsilində uğurlar arzulayır!
Kaspi.edu.az