Ey sevimli müəllim!
- Ana Səhifə
- Xəbərlər & Tədbirlər
- Ey sevimli müəllim!
- 05 Oktyabr 2023
Ey sevimli müəllim!
Bu gün bütün dünya Beynəlxalq Müəllimlər Gününü qeyd edir
Oktyabrın 5-i Beynəlxalq Müəllimlər Günüdür. Bu gün həyatını xalqın işıqlı gələcəyinə həsr edən müqəddəs peşə sahiblərinin bayramıdır.
Kaspi.edu.az xəbər verir ki, bu əlamətdar gün 1966-cı ildə YUNESKO və Beynəlxalq Əmək Təşkilatı tərəfindən müəllimlərin statusunun artırılması barədə tövsiyə xarakterli sənədə əsasən 5 oktyabr 1994-cü ildən qeyd edilir. Tövsiyə müəllimlərin hüquq və vəzifələri ilə bağlı meyarları, habelə onların ilkin hazırlığı və sonrakı təhsilinin, işə götürülməsinin, işə yerləşdirilməsinin, tədris və təhsil şəraitinin standartlarını müəyyən edir.
YUNESKO qeyd edir: “Beynəlxalq Müəllimlər Günü hər il bizə müəllimlərin əhəmiyyətli rolunu xatırladır”.
Ölkəmizdə Beynəlxalq Müəllimlər Gününə hər il dövlət səviyyəsində diqqət ayrılır. “Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq. Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi var. Mən dünyada müəllimdən şərəfli ad tanımıram” deyən Ümummilli Lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün illərdə müəllim əməyini yüksək qiymətləndirib, onlara böyük hörmətlə yanaşıb, təhsil işçilərinin maddi vəziyyətinin, rifahının yaxşılaşdırılmasının qayğısına qalıb.
Azərbaycanda son illərdə elmin və təhsilin inkişafı ilə bağlı həyata keçirilən kompleks tədbirlər, Prezident İlham Əliyevin bu sahəni dövlət siyasətinin mühüm prinsipləri sırasına daxil etməsi, təhsil işçilərinə hərtərəfli qayğı dövlətin gələcəyini daha etibarlı və inamlı görmək əzmindən xəbər verir. Təhsil işçilərinin əməkhaqqının artırılması, onların mükafatlandırılması, fəxri adlarla təltif edilməsi, müəllimlərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan addımlar müəllim nüfuzunu daha da yüksəldib.
Ölkəmizdə təhsil müəssisələrinin əsaslı təmiri, yenidən qurulması və yenilərinin inşası, onların zəruri tədris avadanlığı ilə təchizi gənc nəslin daha bilikli yetişməsinə hesablanıb. Həmçinin işğaldan azad edilmiş ərazilərdə Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində təhsil müəssisələrinin tikintisi və təmiri davam edir. Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 21-də Şuşa şəhərində 1 nömrəli tam orta məktəbin binasında tikinti işlərinin gedişi ilə tanış olub. Dövlətimizin başçısı avqustun 23-də Füzulidə inşa olunan Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin, avqustun 25-də Laçın rayon 2 nömrəli tam orta məktəbin əsaslı təmirdən sonra açılışlarında iştirak edib.
Respublikamızın digər regionlarında da məktəb tikintisi və təmiri davam edir. Yeni məktəb binalarının və tədris korpuslarının inşası şagird sıxlığını aradan qaldırmaqla, həm də onların daha keyfiyyətli təhsil almasına şərait yaradır. Məktəblərin infrastrukturunun tamamilə yenilənməsi Azərbaycanda təhsilin inkişafına göstərilən diqqət və qayğının daha bir təzahürüdür.
Kaspi Təhsil Şirkəti xalqımızın maariflənməsi yolunda bilik və zəhmətini əsirgəməyən bütün müəllimlərimizi təbrik edir, şərəfli peşələrində uğurlar arzulayır!
Kaspi.edu.az