Bu gün Beynəlxalq Qızlar Günüdür
- Ana Səhifə
- Xəbərlər & Tədbirlər
- Bu gün Beynəlxalq Qızlar Günüdür
- 11 Oktyabr 2024
Bu gün Beynəlxalq Qızlar Günüdür
Ölkəmizdə də 2012-ci ildən başlayaraq bu tarix qeyd edilir
BMT Türkiyənin təklifi ilə 11 oktyabr tarixini Beynəlxalq Qızlar Günü elan edib. 193 üzvlü BMT Baş Assambleyasında qəbul edilən qərar Türkiyə, Kanada və Peru tərəfindən hazırlanan qətnamə əsasında verilib. 2012-ci ildən etibarən 11 oktyabrın Beynəlxalq Qızlar Günü olaraq qəbul edilməsinə bütün üzv ölkələr səs verib. Qərarda iqtisadi inkişafda BMT-nin Minilliyin İnkişaf Proqramına nail olunması və qız uşaqlarının onlarla bağlı qərarların verilməsində iştirakının dəstəklənməsi və digər məqamlar öz əksini tapıb.
Bu günün keçirilməsində əsas məqsəd diqqəti qızların hüquqlarının müdafiəsinə, oğlan və qızlar arasında gender bərabərliyinin təmin olunmasına, müxtəlif növ ayrı-seçkilikdən və baxımsızlıqdan əziyyət çəkən qızlara yönəltməkdir.
Hazırda dünyada 1 milyarda qədər gənc yaşayır ki, onlardan da 600 milyonu yetkinlik yaşında olan qızlardır. Onlar gələcəyimizin qurulmasında böyük potensiala malikdir. Lakin, təəssüf ki, dünyanın bir çox yerlərində hər gün diskriminasiyaya və ayrı-seçkiliyə məruz qalırlar. Qızların gücləndirilməsi üçün qoyulan investisiyalar (sosial, iqtisadi və siyasi) bu günki hüquqlarını təmin edir və bəşəriyyətin bu gözəl yarısı iqlim dəyişikliyinin aradan qaldırılması, siyasi münaqişələrin həll edilməsi, iqtisadi artımın təmin edilməsi, xəstəliklərin qarşısının alınması və davamlı inkişafa nail olunması üçün bərabər tərəfdaşdır. Belə olduğu təqdirdə ədalətli və daha firavan gələcəyi vəd edir.
Son 15 ildə dünya ictimaiyyəti qızların həyatının yaxşılaşdırılmasında əhəmiyyətli irəliləyiş əldə edib. Lakin müasir dövrümüzdə hələ də elə ölkələr var ki, orada qızlara, qadınlara qarşı fərqli yanaşmalar, ayrı-seçkilik mövcuddur. Qızların təhsil almasına və davam etdirməsinə bir cox maneələr olur, bunlar əsasən yoxsulluq, erkən yaşda evlilik, hamiləlik, gender əsaslı zorakılıq (məhz qız olduğu üçün) və əsasən də cəmiyyətdə qadınların, qızların statusu ilə bağlı köhnəlmiş adət-ənənələr, stereotiplərdir.
Uşaq və yeniyetmələrin, o cümlədən qızların əsl şəxsiyyət və vətəndaş kimi formalaşması üçün ailə də, dövlət də məsuliyyət daşıyır. Buna görə də Azərbaycanda uşaq, xüsusilə qızlarla bağlı məsələlərə dövlət tərəfindən həmişə diqqət yetirilir. Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsində, uşaqların yüksək təlim-tərbiyə alması üçün ölkədə hər şərait yaradılıb.
Bu gün Prezident İlham Əliyev başda olmaqla, Azərbaycanda ailələrin rifahının yüksəldilməsi, qadınların ictimai-siyasi həyata daha çox cəlb olunması, xüsusilə də uşaq hüquqlarının təmin edilməsi üçün zəruri şəraitin yaradılması üzrə ciddi işlər görülür. Bununla əlaqədar olaraq Respublikanın Birinci Vitse-Prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın rəhbərliyi altında bir sıra maraqlı layihələr həyata keçirir.
Ölkəmizdə də 2012-ci ildən başlayaraq “11 oktyabr Beynəlxalq Qızlar Günü” qeyd edilir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi hər il bu günün əsas devizi və çağrışlarına uyğun olaraq müxtəlif layihələr reallaşdırır. Erkən nikahların, təhsildən yayınma, qızlara qarşı ayrı-seçkilik hallarının qarşısının alınması ilə bağlı bir sıra sistemli işlər görülür. Əsas məsələlərdən biri də bu hallara qarşı bütün cəmiyyətin səylərini birləşdirməsi, stereotiplərin aradan qaldırılmasına qarşı mübarizə aparmasıdır.
Kaspi Təhsil Şirkətinin müəssisələri də öz növbəsində qızların təhsilinə öz töhfəsini verir və bu istiqamətdə əhəmiyyətli maarifləndirici tədbirlər aparır.
kaspi.edu.az