Bu gün Azərbaycanda Elm Günüdür

Bu gün Azərbaycanda Elm Günüdür

Bu gün Azərbaycanda Elm Günüdür

Bu gün Azərbaycanda Elm Günüdür

Kaspi Təhsil Şirkətinin müəssisələri  dövlətimizin elm və təhsil siyasətinə uğurla öz töhfəsini verməkdə davam edir

Martın 27-si Azərbaycanda Elm Günü qeyd edilir. Cəmiyyətin inkişafında elmin əhəmiyyəti nəzərə alınaraq, Prezident İlham Əliyevin 2018-ci il 9 aprel tarixli Sərəncamı ilə Azərbaycanda Elm Günü təsis edilib.

kaspi.edu.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu tarix ölkə üçün əlamətdar bir vaxta – AMEA-nın təsis olunduğu günə təsadüf etdiyi üçün xüsusi əhəmiyyət daşıyır. 1945-ci ildə Azərbaycan Elmlər Akademiyası təsis olunduqdan sonra respublikada elmin mükəmməl təşkilati strukturu formalaşıb, elmi araşdırmaların həyata keçirilməsi sistemli xarakter alıb.

Ümummilli Lider Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi hər iki dövrdə elmin inkişafına böyük diqqət və qayğı göstərib. Akademiyanın sürətli inkişaf mərhələsi Ulu Öndərin adı ilə bağlıdır. Onun diqqət və qayğısı sayəsində Elmlər Akademiyası xalqın intellektual potensialının səmərəli təşkilində, elmin dövrün tələblərindən irəli gələn strateji istiqamətlərinin müəyyənləşdirilməsində, fundamental və tətbiqi elm sahələrinin inkişafında müstəsna rol oynayıb.

Azərbaycanda elmin inkişafı dövlət siyasətinin əsas prioritetlərindən biridir. Bu sahədə islahatların aparılması, mövcud problemlərin aradan qaldırılması və elmin qarşısında duran strateji vəzifələrin icrası, həmçinin ölkədə elmin davamlı inkişafının təmin edilməsi məqsədilə Prezident İlham Əliyev tərəfindən müvafiq fərman və sərəncamlar imzalanıb. “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya”, “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı”nın icrası ilə bağlı görülmüş işlər bütövlükdə elmimizin inkişafına böyük təkan verib. Dövlətimizin başçısının 2016-cı il 9 avqust tarixli Fərmanına əsasən, ilk dəfə olaraq “Elm haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minib. Bu Qanun respublikada elmi fəaliyyətin təşkili, idarə edilməsi və inkişafı sahəsində dövlət siyasətinin əsas prinsiplərini, elmin və elmi-innovasiya fəaliyyətinin məqsədlərini, elmi fəaliyyət subyektlərinin hüquq və vəzifələrini, elmin maliyyələşdirilməsi mexanizmlərini, elmi nailiyyətlərin stimullaşdırılması və onlardan istifadənin təşkilati-hüquqi əsaslarını müəyyən edir.

Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 2022-ci il 28 iyul tarixli Fərmanına əsasən, Azərbaycan Respublikasının Təhsil Nazirliyi Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi adlandırıldı. AMEA ilə Elm və Təhsil Nazirliyi ölkəmizdə elm siyasətinin həyata keçirilməsində birgə fəaliyyət göstərməyə başladı. AMEA-nın tərkibindəki elmi müəssisə və təşkilatlarının, habelə digər qurumlarının bir qismi Elm və Təhsil Nazirliyinin tabeliyinə verildi.

2022-ci ildə təhsil tarixinə daha bir parlaq səhifə yazıldı – Ermənistanın işğalından azad olunan Zəngilan rayonunun Ağalı kənd tam orta məktəbində 29 ildən sonra ilk dəfə zəng çalındı. Şərqi Zəngəzur İqtisadi rayonuna daxil olan Zəngilanın Ağalı kəndində ötən il sentyabrın 15-də - Bilik Günündə 360 şagird yerlik ikimərtəbəli məktəb binası istifadəyə verildi. Prezident İlham Əliyevin 28 noyabr 2023-cü il tarixli Sərəncamı ilə Xankəndi şəhərində Qarabağ Universiteti yaradıldı.

“2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”na əsasən, təhsil sahəsində islahatların aparılması əsas hədəflərdən biri kimi müəyyən edilib. Ümumi təhsildə islahatların davam etdirilməsi, peşə təhsilinin əhatə dairəsinin genişləndirilməsi, ali təhsilin əlçatanlığının və əhatəliliyinin artırılması və bir çox digər istiqamətlər üzrə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

Bu gün Azərbaycan Respublikasında dövlətin elm sahəsində siyasətinin və strategiyasının əsas prinsipləri müəyyən olunmuş şəkildə, eyni zamanda, müasir tələblərə uyğun həyata keçirilir.

Kaspi Təhsil Şirkətinin müəssisələri də dövlətimizin elm və təhsil siyasətinə uğurla öz töhfəsini verməkdə davam edir.

kaspi.edu.az

Yeniliklərə Abunə Olun

Tədris sahəsindəki fəaliyyətlərimizlə, eləcə də digər yeniliklərlə bağlı məlumat əldə etmək üçün abunə olun.

E-Mail ünvanınız