Azərbaycanda 2 fevral - Gənclər Günüdür
- Ana Səhifə
- Xəbərlər & Tədbirlər
- Azərbaycanda 2 fevral - Gənclər Günüdür
- 02 Fevral 2024
Azərbaycanda 2 fevral - Gənclər Günüdür
Kaspi Təhsil Şirkəti də Azərbaycan gəncliyinə öz töhfəsini verir
Ümummilli lider Heydər Əliyevin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib. O vaxtdan etibarən həmin gün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə Azərbaycanda təntənəli şəkildə qeyd edilməyə başlanılıb. Bir çox sahədə olduğu kimi, bu sahədə də Azərbaycan bir çox ölkələri qabaqlayıb. Belə ki, Azərbaycanda Gənclər Günü təsis edildikdən xeyli sonra gənclərin işləri üzrə nazirlərin ümumdünya konfransının (8-12 avqust 1998-ci il) tövsiyəsi əsasında BMT Baş Məclisinin 1999-cu il 17 dekabr tarixli 54/120 saylı qətnaməsi ilə 12 avqust - Beynəlxalq Gənclər Günü elan edilib.
Azərbaycan gəncliyi Ulu Öndər Heydər Əliyevin onlara ən böyük hədiyyəsi olan bu günün təsis edilməsinin 27 illiyini qalib ölkənin məğrur və qürurlu vətəndaşları kimi böyük ruh yüksəkliyi ilə qeyd edir.
Ümummilli lider tərəfindən təməli qoyulmuş və bu gün davam etdirilən dövlət gənclər siyasəti Azərbaycanda gənc nəslin mənəviyyatca zəngin, vətənpərvərlik ruhunda tərbiyəsi, gənclərin hərtərəfli inkişafı və ölkə həyatında fəal iştirakı üçün mühüm zəmin yaradır.
Bu gün tam əminliklə demək olar ki, Ulu Öndər Heydər Əliyevin gəncliyə və gənclərə qayğısı yeni mərhələyə qədəm qoyub. Ölkəmizdə gənc nəslin problemlərinin həlli, onların cəmiyyət həyatında layiqli təbəqə kimi iştirakının təmin olunması, milli adət-ənənələrə, saf dəyərlərə bağlılığı üçün dövlət səviyyəsində bütün zəruri tədbirlər həyata keçirilir.
Azərbaycan gəncliyi bu diqqət və qayğını yüksək dəyərləndirməklə yanaşı, öz məsuliyyətini dərk edir və Prezident İlham Əliyevin müəyyənləşdirdiyi strateji vəzifələrin uğurla həyata keçirilməsinə, respublikamızın dinamik inkişaf edən qüdrətli dövlətə çevrilməsi prosesinə öz töhfəsini verməyə çalışır.
Bu gün hər birimiz fəxr edirik ki, Müzəffər Ali Baş Komandanın qətiyyəti və uzaqgörən rəhbərliyi, rəşadətli Azərbaycan Ordusunun peşəkarlığı və qələbə əzmi, xalqımızın mətanəti sayəsində torpaqlarımız işğaldan azad edilib. Azad edilən torpaqlarımızda görüləcək quruculuq-abadlıq işlərində, doğma diyarımızın yenidən çiçəklənməsində gənclərimizin də iştirakı mühüm əhəmiyyət kəsb edir.
Azərbaycan gənclərinin ölkə həyatında yüksək fəallığı, vətənpərvərliyi, dövlətə və Vətənə bağlılığı gənclərimizin bu prosesdə də fəal iştirak edəcəklərini deməyə güclü əsas yaradır.
Kaspi Təhsil Şirkəti də öz növbəsində böyüməkdə olan nəslin milli- mənəvi ruhda böyüməsi, yüksək təhsilə və intellektə malik müasir gənc kimi yetişməsinə öz töhfəsini verməkdədir.
Gənclər Gününüz mübarək!
kaspi.edu.az