26 İyun- Silahlı Qüvvələr Günüdür
- Ana Səhifə
- Xəbərlər & Tədbirlər
- 26 İyun- Silahlı Qüvvələr Günüdür
- 25 İyun 2024
26 İyun- Silahlı Qüvvələr Günüdür
Azərbaycan Silahlı Qüvvələrinin bütün əməkdaşlarını təbrik edir, gərgin və məsuliyyətli işlərində müvəffəqiyyətlər arzu edirik!
Azərbaycan Milli Ordusunun yaradılması hələ Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) fəaliyyəti dövrünə təsadüf edir.1918-ci il mayın 28-də yaranmış Azərbaycan Demokratik Respublikası cəmi 23 ay yaşamasına baxmayaraq ölkədə çox böyük işlər gördü. Bu işlərdən biri də ordu quruculuğu sahəsində görülən tədbirlərdir. Gənc Azərbaycan Demokratik Respublikasını parçalamaq, onun ərazisini öz torpaqlarına qatmaq üçün qonşu dövlətlər açıqdan-açığa öz məkrli fikirlərini bildirirdilər.
Milli dövlətin meydana gəldiyi ilk gündən Ermənistan öz ərazisini Azərbaycan ərazisi hesabına genişləndirmək üçün silahlı cəhdlər göstərməyə başladı.
Azərbaycan Demokratik Respublikası hökumətinin qərarı ilə 1918-ci il iyunun 26-da ilk hərbi hissə - əlahiddə korpus yarandı. Bu qərar Şərqin müsəlman aləmində ilk demokratik hökumətin öz ordusunu yaratmasına hüquqi əsas verdi. Bunun ardınca ölkədə hərbi mükəlləfiyyət - orduya çağırış haqqında hökumət tərəfindən fərman verildi. Az bir vaxt ərzində Azərbaycanda milli ordu quruculuğunda əsaslı nəticələr əldə olundu. Azərbaycan Milli Ordusu Ermənistan ordusunun təcavüzkar hücumlarının qarşısını dəfələrlə uğurla ala bilib.
Ümummilli lider Heydər Əliyevin müstəqil respublikamıza rəhbərliyi dövründə dağınıq, siyasiləşmiş dəstələrdən ibarət olan Azərbaycan Ordusu müasir tələblər səviyyəsində yenidən quruldu, peşəkar hərbçi kadrların hazırlanması ön plana çəkildi, Ordumuzda vahid komandanlıq prinsipi təmin edildi.
1991-ci il oktyabrın 9-da Ordunun yaradılması haqqında Azərbaycan Respublikasının Ali Soveti qanun qəbul etdi.
Azərbaycan Prezidentinin 22 may 1998-ci il tarixli qərarına əsasən 26 iyun Silahlı Qüvvələr Günü elan edilib.
Otuz ilə yaxın bir müddətdə Azərbaycanın ərazi bütövlüyünün pozulması və Ermənistanın işğalçı siyasətinin dünyada tanıdılması istiqamətində uğurlu diplomatik iş aparan Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev 2020-ci il 27 sentyabrda əks hücum əməliyyatı ilə başlayan 44 günlük Vətən müharibəsində düşmən üzərində qələbə çalaraq tarixi nailiyyətə imza atdı. Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu. Füzuli, Hadrut, Cəbrayıl, Zəngilan, Qubadlı, Şuşa, Kəlbəcər, Ağdam, Laçın və adıçəkilən rayonların 300-dən çox yaşayış məntəqəsi azad edildi. Düşmənin kapitulyasiyası ordumuzun gücü hesabına əldə olunmuş nəticədir. 44 gün ərzində müntəzəm surətdə fərqli mənbələrdən və ünvanlardan müxtəlif təzyiqlər, təhdidlərin olmasına rəğmən Azərbaycan zəfər çaldı. Müzəffər Ali Baş Komandan bununla tarixi ədaləti bərpa etdi.
Bu gün Qafqazda ən müasir ordu hesab olunan Azərbaycan Milli Ordusu Hərbi Hava və Hava Hücumundan Müdafiə, Hərbi Dəniz və Quru qoşunlarından ibarətdir. Bu qoşun növləri potensial rəqiblə qırıcı və bombardmançı təyyarələrlə effektiv mübarizə aparmaq iqtidarındadır. MDB çərçivəsində Azərbaycan hava hücumundan müdafiə qüvvələrinə malik ən güclü ölkələrdən sayılır.
Kaspi Təhsil Şirkəti Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə aparılan müasir ordu quruculuğu siyasətindən qürur duyur, iftixar hissi keçirir.
Azərbaycan Silahlı Qüvvələrinin bütün əməkdaşlarını təbrik edir, gərgin və məsuliyyətli işlərində, xidmətlərində müvəffəqiyyətlər arzu edirik!
kaspi.edu.az