15 İyun - Azərbaycanda Milli Qurtuluş günüdür
- Ana Səhifə
- Xəbərlər & Tədbirlər
- 15 İyun - Azərbaycanda Milli Qurtuluş günüdür
- 14 İyun 2023
15 İyun - Azərbaycanda Milli Qurtuluş günüdür
Kaspi Təhsil Müəssisələrində tarixi gün münasibətilə silsilə tədbirlər keçirilir
Milli Qurtuluş Günü - İyunun 15-i Azərbaycan xalqı üçün sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan Ulu Öndər Heydər Əliyevdir. Ulu Öndərin adı tariximizə həm də böyük xilaskar kimi düşüb.
Kaspi.edu.az xəbər verir ki, həmin gün Ümummilli Liderimizin hakimiyyətə qayıdışı ilə Azərbaycanda o zaman hökm sürən dərin ictimai-siyasi böhrana son qoyulub, Azərbaycanın müstəqilliyinin itirilməsi təhlükəsi aradan qaldırılıb və respublikamızda dövlət quruculuğunun, sosial-iqtisadi inkişafının təməli qoyulub.
1993-cü ilin iyununda ölkədə yaranmış mürəkkəb ictimai-siyasi durum Azərbaycanda real vətəndaş müharibəsi təhlükəsi yaradıb.
Vətəndaş müharibəsi üçün ciddi zəmin yarandığı vəziyyətdə təhlükəli proseslərin qarşısını ala bilmədiyini dərk edən AXC-Müsavat iqtidarı son anda kömək üçün Ulu Öndər Heydər Əliyevə müraciət edib. Naxçıvan MR Ali Məclisinin sədri olan görkəmli ictimai-siyasi xadim Ulu Öndər Heydər Əliyev xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib, iyunun 9-da Bakıya gəlib. Ölkəni vətəndaş müharibəsi təhlükəsindən qurtarmaq missiyasını üzərinə götürən Heydər Əliyev həyatını təhlükə altında qoyaraq Gəncəyə gedib və apardığı danışıqlar nəticəsində vətəndaş qarşıdurmasının genişlənməsinin qarşısını alıb.
1993-cü il iyunun 15-də Ulu Öndər Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilib. Bununla da, Azərbaycanın ən yeni tarixində növbəti və bu günə qədər davam edən uğurlu mərhələ başlayıb. 15 iyun Azərbaycanın tarixinə Milli Qurtuluş günü kimi yazılıb.
15 iyun tarixi 1998-ci ildən dövlət səviyyəsində rəsmi bayram kimi qeyd olunur.
Milli Qurtuluş Günü münasibətilə Kaspi Təhsil Müəssisələrində ənənəvi olaraq müxtəlif tədbirlər keçirilir. Şagirdlərin biliklərinin ölçülməsi məqsədilə II-VIII sinif şagirdləri arasında keçirilən “Bilik yarışması” da belə silsilə tədbirlərdəndir. 16-17 iyun tarixlərində Kaspi müəssisələrində yarışmanın mükafatlandırma mərasimi keçiriləcək.
Kaspi.edu.az