Kaspi Liseylərində Azərbaycan dili fənninin tədrisi həmçinin şagirdlərin şəxsiyyət kimi, milli-mənəvi ruhda tərbiyə olunması məqsədi daşıyır

Kaspi Liseylərində Azərbaycan dili fənninin tədrisi həmçinin şagirdlərin şəxsiyyət kimi, milli-mənəvi ruhda tərbiyə olunması məqsədi daşıyır

Kaspi Liseylərində Azərbaycan dili fənninin tədrisi həmçinin şagirdlərin şəxsiyyət kimi, milli-mənəvi ruhda tərbiyə olunması məqsədi daşıyır

Kaspi Liseylərində Azərbaycan dili fənninin tədrisi həmçinin şagirdlərin şəxsiyyət kimi, milli-mənəvi ruhda tərbiyə olunması məqsədi daşıyır

Təhsil sistemində Azərbaycan dili fənni aparıcı yerlərdən birini tutur. Azərbaycan dili sadəcə öyrənmə obyekti deyil, həm də ünsiyyət vasitəsi olmaqla, bütün tədris fənləri ilə sıx əlaqəlidir. Bu baxımdan təhsil ocaqlarında Azərbaycan dilinin tədrisi bir tərəfdən fənnə dair kifayət qədər yüksək səviyyədə bilik təmin etməli, digər tərəfdən şagirdlərə həyatın müxtəlif sahələrində istifadə edəcəkləri nitq vərdişləri aşılamalıdır.

Kaspi Liseylərində Azərbaycan dili fənninin tədrisinə həmçinin şagirdlərin şəxsiyyət kimi tərbiyə olunması prosesində, onların mənəvi keyfiyyətlərinin və yaradıcı qabiliyyətlərinin formalaşmasında, milli mədəniyyətlə tanışlıq, adət-ənənələrin qorunması və inkişafında mühüm rol oynayan amil kimi yanaşılır.

Kaspi liseyləri Azərbaycan dili və ədəbiyyat bölmə rəhbəri Ülvi Bağırov fənnin tədrisi ilə bağlı kaspi.edu.az-a müsahibə verib:

Digər fənlərin anlaşılmasında sütun

-Ülvi müəllim, Kaspi Liseylərində Azərbaycan dili fənninin tədrisi hansı səviyyədədir?

-Bildiyiniz kimi, müasir kurikulum tələblərinə əsasən hər bir fənnin əsasında şagirdlərdə müasir bacarıqların formalaşdırılması şərtdir. Azərbaycan dilinə də verilmiş dövlət standartlarına görə liseylərimizin müəllim kollektivi də həmin tələbləri əsas götürərək şagirdlərimizdə müasir bacarıqların formalaşması istiqamətində işlər görürlər. Azərbaycan dili elə bir fəndir ki, digər fənlərin də anlaşılmasında sütun rolunu oynayır. Yəni şagirdin oxuyub anlama, analiz etmə, müqayisə etmə, dəyərləndirmə, qərar vermə, ünsiyyət bacarıqları inkişaf etməlidir ki, həm hal-hazırda, həm də gələcək həyatında bu bacarıqlardan istifadə edərək öz həyatını müstəqil şəkildə qursun. Bunun reallaşması üçün də müəllim kollektivi olaraq çalışırıq ki, fənnə qoyulmuş dövlət standartlarının tələblərinə cavab verən vətəndaş yetişdirək. Bunun üçün də liseylərimizdə Azərbaycan dili fənninə təyin olunmuş dövlət standartlarındakı hər bir məzmun xətti üzrə yoxlamalar aparır, şagirdlərimizin nailiyyətlərini ölçürük. Artıq bir neçə ildən çoxdur ki, 5-8-ci siniflərimizdə Azərbaycan dili fənnindən mərkəzləşdirilmiş qaydada oxuyub anlama, dinləyib anlama, yazı və dil qaydaları üzrə məzmun xətlərinin yoxlanışı aparılır, qiymətləndirilir, həmin nəticələr müəllimlərimizlə birlikdə təhlil edilir və gələcək üçün yol xəritəsi hazırlayırıq.

Dərslərimizi də planlayarkən müasir təhsil üsullarından, texnoloji vasitələrdən də istifadə edirik ki, həm gənc nəslin maraq dairəsinə uyğun olsun, həm də interaktiv təlim metodlarını da asanlıqla sinifdə tətbiq edə bilək.

Həmçinin, liseylərimizdə müəllimlərimiz öz təcrübələrini, istifadə etdiyi metodlardan effektiv olanı, təcrübə ilə özünü doğrultmuş üsulları digər müəllim yoldaşları ilə bölüşərək bir-birlərinə dəstək olur, beləcə öz pedaqoji ustalıqlarını inkişaf etdirirlər.

Dünya dillərinə çevrilən dillərə maraq

-Hazırda sürətlə inkişaf edən dünyada şagirdlər  xarici dillərin öyrənilməsinə daha çox meyl edirlər. Bu tendensiya doğma dilin öyrənilməsinə marağı azaltmır ki?

-Təbii ki, qloballaşan dünyamızda istər-istəməz dünya dillərinə çevrilən dillər hər zaman diqqət mərkəzindədir. Təbii ki, öz gələcək təhsillərini xarici ölkələrdə davam etdirmək niyyətində olan şagirdlər bunu nəzərə alaraq onlara lazım olacaq xarici dillərə meyillənirlər. Eyni zamanda, təhsilini ölkəmizdə davam etdirəcək şagirdlər də xarici dil biliklərini artırmağı düşünür, gələcək karyeralarını daha da təkmilləşdirmək üçün bunun bir vasitə və yol olduğunu dərk edirlər. Buna görə də xarici dil öyrənmək hər bir gəncin planında var. Lakin xarici dilin öyrənilməsi üçün də insan gərək öz dilinə vaqif olsun, onun incəliklərini bilsin. Söz bazası, dinləmə, anlama bacarığı da xarici dil öyrənmək üçün vacib nüanslardır. Bu mütəxəssislər tərəfindən təsdiqlənmiş fikirdir. İstənilən halda insanın ana dili sonrakı vaxtlarda öyrənilən hər hansı bir xarici dil üçün bünövrə rolunu oynayır, insanlar xarici dili öyrənərkən ana dilləri ilə müqayisəli formada öyrənirlər. Biz də şagirdlərimizə bu kimi məqamları çatdırmaqla xarici dil öyrənməkdə ana dilinin də rolunun olduğunu qeyd edir, motivasiya yaratmağa çalışırıq. Ona görə də bunu dərk edən şagirdlərimiz belə məqamlarda doğma dillərinə olan münasibətlərini dəyişmirlər.

Öyrədici və maraq yaradıcı məqamlar

-Azərbaycan dili fənninin şagirdlər tərəfindən daha çox sevilməsi üçün hansı addımlar atılmalıdır? Liseydə bu istiqamətdə hansı işlər görülür?

-Ana dilinin şagirdlərə sevdirilməsi, əlbəttə, hər bir vətəndaşın borcu olmaqla yanaşı, ilk növbədə Azərbaycan dili və ədəbiyyat müəllimlərinin əsas vəzifələrindən biridir. Bunun üçün müəllimlərimizlə bu barədə daim müzakirələr aparırıq. Yəni bu məsələ hər bir müəllimimiz üçün prioritet məsələlərdəndir. Bunun üçün müxtəlif layihələr həyata keçiririk. Dilimizin daxili imkanlarının nəyə qadir olduğunu nümayiş etdirmək üçün əvvəla hamımız dərslərdə, bədii əsərlərin oxusu və təhlili üzərində iş apararkən dilimizin bu imkanlarını, sözlərin bir-birilə əlaqələnərək hansı məna çalarlarını yaratdıqlarını, sözlərin işlənmə məqamından asılı olaraq hansı müxtəlif mənaları ifadə edə bilmə imkanlarını göstərdiyimiz zaman şagirdlərin də bunu bəzi hallarda bilmədiklərini, öyrənərkən onların üzlərində olan heyrəti görürük. Eyni zamanda, ana dilimizin belə bir imkana malik olması onları sevindirir. Əlavə olaraq sinif fəaliyyətlərində şagirdlərə öz qələmlərini sınama imkanı da veririk, müəllimlərimiz bəzən şagirdlərdən verilmiş mətnə yaradıcı yanaşaraq həmin əsəri davam etdirmələrini, yeni mövzu və ideyalar müəyyən edərək əlavələr etmələrini tələb edirlər. Bu zaman isə, həqiqətən də, içlərində yazıçı potensialı olan şagirdlərimizi görür, onların söz dünyalarını da oyatmış oluruq. Bu da dilə qarşı olan marağı daha da artırır.
Müxtəlif yarışmaların təşkil olunması, Ana Dili Günü ilə bağlı tədbirlərimizin keçirilməsində də əsas məqsəd dilə quru, ancaq qrammatik cəhətdən yanaşmaqdan çox, öyrədici və maraq yaradıcı məqamlara diqqət etməkdir. Çalışırıq ki, şagirdlərimiz ana dillərinə sevgi ilə yanaşsınlar.

Ana dili – imtahan predmeti kimi

-Azərbaycan dili bütün qruplar üzrə buraxılış imtahanlarında əsas fənndir. İmtahan nəticələri sizi qane edirmi?

-Azərbaycan dili fənninin bütün qruplar üzrə buraxılış fənni olaraq təyin edilməsi təbii haldır. Çünki bu bizim ana dilimizdir, dövlət dilimizdir. Hər bir Azərbaycan vətəndaşı da milli mənsubiyyətindən asılı olmayaraq Azərbaycan dilini mükəmməl bilməlidir.
Liseylərimizdə buraxılış imtahanlarından biri olan Azərbaycan dilinə hazırlıq məsələsi də DİM-in tələblərinə, proqramına əsasən qurulur, bununla bağlı mütəmadı sınaqlar və imtahanlar keçirilir, həmin imtahanların nəticələri müəllimlərlə və şagirdlərlə müzakirə olunur, diqqətə alınması vacib bilinən məqamlar müəyyənləşdirilir və bunun üçün yol xəritəsi çəkilir. İmtahan nəticələrinin yüksək olması, şagird və müəllimlərlə birlikdə təyin edilmiş hədəfə çatmaq üçün komanda şəklində çalışırıq.

İmtahan nəticələrinə gəldikdə isə şagirdlərin potensial bilik səviyyəsi üçün maksimum şəkildə yaxşı nailiyyətlər qazanmaq üçün çalışırıq və deyə bilərik ki, il-ildən buna nail oluruq.

Yaxşı mütaliə qabiliyyətinin olması

-Şagirdlər imtahana hazırlaşmaq üçün hansı məqamlara daha çox diqqət yetirməlidirlər?

-Təbii ki, son dövrlərdə keçirilən buraxılış imtahanlarının tərkibi artıq xeyli dəyişib. Burada dilin qrammatikası ilə yanaşı, oxuyub anlama, analiz etmə, müəyyən bir məsələyə fikir bildirmə kimi məqamlara da toxunulur. Yəni yalnız qrammatikanı bilmək kifayət etmir. Bu əslində yaxşı haldır, çünki dilin istifadə imkanları, ondan nə zaman və necə istifadə edə bilmək qabiliyyəti də yoxlanır ki, bu da insanların özünü ifadə etmə bacarığını, öz düşüncələrini başqalarına çatdırma qabiliyyətini, qarşıdakının fikirlərinin düzgün başa düşülüb-düşülməməsini təmin edən əsas faktorlardır. Məhz bu kimi bacarıqların formalaşması üçün də əvvəla dilin leksikası yaxşı mənimsənməlidir, yəni şagirdin söz bazası inkişaf etməlidir. Bunun üçün isə şagirddən tələb olunan yaxşı mütaliə qabiliyyətinin olmasıdır. Sualları oxuyub başa düşmək birbaşa mütaliə ilə sıx əlaqədardır. Mütaliəsi çox olan, bədii və publisistik əsərləri oxuyub anlaması güclü olan şagird təbii ki, buraxılış imtahanlarında da daha uğurlu olacaqdır.

Kaspi.edu.az

Подписаться на обновления

Подпишитесь, чтобы получать информацию о нашей образовательной деятельности, а также других нововведениях.

Ваш адрес электронной почты