Tarixin Anım Günü    

Tarixin Anım Günü    

Tarixin Anım Günü    

Kaspi Bakıxanov Liseyində “Torpağa can olan şəhidim” adlı tədbir keçirildi

Sentyabrın 27-si Azərbaycanda Anım Günüdür. Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən təsis edilən Anım Günü Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramın ifadəsidir.

“Bu gün  30 illik Vətən həsrətinə son qoyulacaq günün başlanğıcı, bütün bir millət olaraq Dəmir yumruğa dönüb düşməni məhv etdiyimiz, şəhidlərimizin  44 günlük dastanı yazmağa “bismillah” dediyi tarixin Anım günüdür”. Kaspi Bakıxanov Liseyində Anım günü münasibətilə keçirilən tədbirdə səslənən bu fikirlər də şəhidlərimizin ruhuna, haqq savaşımızda qəhrəmanlıqla döyüşən əsgər və zabitlərimizə dərin hörmətin ifadəsi oldu.

Liseyin Sosial fəaliyyətlər üzrə rəhbəri Gülnarə Allahverdiyevanın  kaspi.edu.az-a verdiyi məlumata görə, tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndi. Torpaqlarımızın azadlığı uğrunda canından keçən igidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Şəhid analarının, qazilərin, məktəbin şagird və müəllim kollektivinin iştirakı ilə keçirilən anım tədbirində Liseyin direktoru Cahid  Hüseynov “Vətən müharibəsi bizim şanlı tariximiz, şəhidlər və qazilər qürur mənbəyimizdir”- deyə bildirdi: “Respublikamızın suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirib. Azərbaycan Ordusunun əks-hücumları qarşısında aciz qalan düşmənin günahsız mülki insanları hədəfə alması, çoxsaylı müharibə cinayətləri xalqımızı qələbə əzmini sarsıda bilməyib. Torpaqlarımız işğaldan qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı-canı bahasına azad edilib. Müzəffər Ordumuzun bu gün yazdığı tarix sabahımız üçün möhkəm bünövrədir”. C.Hüseynov qeyd etdi ki, xalqımız və dövlətimiz mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiramla yanaşır, xatirəsini uca tutur: “Bu, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə vəfa borcumuzdur”.

Tədbirdə Lisey şagirdlərinin ifasında vətənpərvərlik mövzusunda teatrlaşdırılmış səhnəciklər göstərildi, şeirlər, mahnılar səsləndi.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

kaspi.edu.az

Yeniliklərə Abunə Olun

Tədris sahəsindəki fəaliyyətlərimizlə, eləcə də digər yeniliklərlə bağlı məlumat əldə etmək üçün abunə olun.

E-Mail ünvanınız