Respublika Fənn Olimpiadalarının qalibləri arasında Kaspi-nin də medalçıları var

Respublika Fənn Olimpiadalarının qalibləri arasında Kaspi-nin də medalçıları var

Respublika Fənn Olimpiadalarının qalibləri arasında Kaspi-nin də medalçıları var

Qızıl və Bürünc medalçılarımız təəssüratlarını bölüşdülər

Elm və Təhsil Nazirliyi tərəfindən təşkil olunan Respublika Fənn Olimpiadaları (RFO) qaliblərinin mükafat qazanan şagirdləri arasında Kaspi Liseyinin iki şagirdinin da olması təhsil müəssisəsinin bütün müəllim və şagird kollektivinin böyük sevincinə səbəb olub. 2022/23-cü tədris ilində keçirilən olimpiadada 8 fənn üzrə 209 ümumi təhsil müəssisəsində təhsil alan 40 min şagird iştirak edib. İyulun 14-də baş tutan qaliblərin mükafatlandırılmasının nəticələrinə görə, Kaspi Liseyinin IX sinif şagirdi İbrahim Valehli Fizika fənni üzrə Qızıl, Rəvan Əlizadə isə Coğrafiya fənni üzrə Bürünc medal qazanıblar.

Liseyin şagirdlərinin uğuru heç şübhəsiz, onların əzmkarlıqları, istedad və çalışqanlıqları ilə bərabər təhsil müəssisəsinin müəllim kollektivinin əməyi, təlim-tədris metodunun peşəkarlığından qaynaqlanır.

Respublika üzrə birinci

Kaspi Liseyinin V-X sinif rus bölməsi üzrə direktor müavini Səbinə Hüseynova bildirir ki, şagirdlər üçün Fənn olimpiadalarının keçirilməsinin əsas məqsədi onların keyfiyyətli təhsil almaq, biliklərə marağı artırmaq, şagirdlərin potensial imkanlarının inkişafını təşkil etmək və ixtisas seçiminə hazırlaşmaları üçün zəmin yaratmaqdan ibarətdir: “Kaspi Liseyləri şagirdlərinin bütün elm yarışlarına hazırlaşmaları və iştirakları üçün daim lazımı diqqət və dəstəyi göstərir”.

S.Hüseynova olimpiada qalibi olan şagirdlərinin uğurundan qürur duyur və onların hər birinin çalışqan və istedadlı olduğunu qeyd edir: “Olimpiadanın Qızıl medalçısı İbrahim Valehli oxuduğu illər ərzində daim yüksək akademik bacarıqları və nəticələri, məktəbin sosial fəaliyyətində fəal iştirakı və nümunəvi davranışı ilə  məktəb üzrə seçilən şagirdlərdəndir. Kaspi liseyində göstərilən qayğı və diqqət, düzgün təşkil edilmiş akademik və tərbiyəvi mühit İbrahimin hərtərəfli  çalışqan və məsuliyyətli şagird kimi formalaşmasında rol oynayıb”. S.Hüseynova bildirir ki, İ.Valehli 2021-2022-ci tədris ilində Respublika Fənn Olimpiadasında Fizika fənni üzrə (VIII sinif şagirdi kimi) IX siniflərlə bərabər iştirak edərək ölkə üzrə 3-cü yeri qazanıb: “2022-2023-cü tədris ilində Azərybaycan Respublikasının Təhsil və Elm Nazirliyinin təşkil etdiyi Elm Olimpiadasında Fizika/Kimya/Biologiya üzrə ilk altılığa düşərək ölkəmizi beynəlxalq elm arenasında təmsil etmək haqqını qazanıb. Bu vəzifəni də layiqincə yerinə yetirən İbrahim Kolumbiyada keçirilən Beynəlxalq Elm Olimpiadasında (IJSO 2022) ikinci yerə çıxaraq gümüş medal qazanıb”. Direktor müavini qeyd edir ki, İbrahimin göstəricisi Respublika üzrə birincidir: “2023-cü ildə Təhsil Nazirliyi tərəfindən təşkil olunmuş RFO-da liseyimizi layiqincə təmsil edərək qızıl medala sahib olub”.

S.Hüseynova RFO-nın Bürünc medalçısı Rəvan Əlizadənin 2022-ci ildən Kaspi Ağ şəhər Liseyinin IX sinfində təhsil aldığını bildirir: “Rəvan bu illər ərzində özünü çox bacarıqlı, çalışqan və məsuliyyətli bir şagird kimi göstərib. Gələcəkdə tibb sahəsində təhsil almağını planlaşdırdığına baxmayaraq, coğrafiya fənninə xüsusi maraq göstərərək Respublika Fənn Olimpiadasına qatılıb. 2023-cü ildə ildə Təhsil Nazirliyi tərəfindən təşkil olunmuş RFO-da liseyimizi layiqincə təmsil edərək Bürünc medal qazanıb”. Direktor müavini bildirir ki,  Rəvan həmçinin alman dilinə də xüsusi diqqət yetirir: “Hal-hazırda onun alman dili səviyyəsi B1 üzərindədir”.

Qaliblərin sevinci

İbrahim Valehli də öz növbəsində sevincini kaspi.edu.az-a bölüşdü: “Fizikanı çox xoşlayıram. Fənnlərə marağıma görə, Elm və Təhsil Nazirliyinin təşkil etdiyi müsabiqələrdə iştirak elədim. Seçildikdən sonra Təhsil İnstitutunun təşkil etdiyi olimpiada dərslərinə qoşuldum. Kaspi Liseyinin rəhbərliyinə və müəllimlərimə minnətdaram ki, məni dəstəklədilər, olimpiada hazırlıqlarında mənə şərait yaratdılar. Eyni zamanda, özüm də olimpiadanın adi yarış olmadığını bildiyim üçün daha məsuliyyətlə hazırlaşdım. Sevinirəm ki, olimpiadanın Qızıl medalını qazanmağa nail oldum!”

Bürünc medalçı Rəvan Əlizadə fənn olimpiadasına ilk dəfə qatıldığını deyir: “Bu, mənim üçün ilk təcrübə idi. Olimpiada müddətində isə böyük təcrübə topladım. Bu uğura görə valideynlərimə və müəllimlərimə minnətdaram. Onlar məni həmişə dəstəkləyirlər. Bu, təkcə mənim yox, bütün liseyin sevincidir”.

Qeyd edək ki, Respublika Fənn Olimpiadaları ümumtəhsil müəssisələrinin VIII-XI sinif şagirdləri arasında ayrı-ayrı fənlər üzrə xüsusi istedadı olan şagirdlərin aşkarlanması, onların bilik və bacarıqlarının qiymətləndirilməsi, şagirdlərin həmin fənlərə olan maraqlarının artırılması məqsədilə hər il keçirilən elm yarışıdır. Olimpiada ölkənin bütün şəhər və rayonlarının məktəblərini əhatə edir.

Kaspi Təhsil Şirkəti şagirdlərimizə gələcək elm yarışlarında uğurlar arzulayır!

Kaspi.edu.az

Yeniliklərə Abunə Olun

Tədris sahəsindəki fəaliyyətlərimizlə, eləcə də digər yeniliklərlə bağlı məlumat əldə etmək üçün abunə olun.

E-Mail ünvanınız