Milli müstəqilliyə gedən yolun başlanğıcı
- Ana Səhifə
- Xəbərlər & Tədbirlər
- Milli müstəqilliyə gedən yolun başlanğıcı
- 20 Yanvar 2023
Milli müstəqilliyə gedən yolun başlanğıcı
Kaspi Təhsil Şirkətinin müəllim və şagird kollektivi 20 Yanvar şəhidlərinin xatirəsini ehtiramla anır
Yanvarın 20-si Azərbaycan xalqının müstəqilliyi uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olub. 33 il əvvəl baş verən qanlı faciə xalqımızın azadlıq uğrunda mübarizliyini olduğu kimi təcəssüm etdirir. O müdhiş gecədə həlak olan Vətənin oğul və qızları Azərbaycanın tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar. Sovet İttifaqının yarıtmaz siyasətinə, Ermənistan azərbaycanlılarının deportasiyasına, ermənilərin azərbaycanlılara qarşı vəhşiliklərinə etiraz edən, azadlığına qovuşmaq istəyən xalqımızın mübarizlik ruhunu sındırmaq istəyən SSRİ rəhbərliyi xalqımıza qarşı qanlı terror törədib. O gecə Bakıya yeridilən sovet qoşun hissələri küçələrə çıxıb öz etirazlarını bildirən dinc əhalini ağır texnika və müxtəlif tipli silahlardan atəşə tutub. Nəticədə 150 insanımız qətlə yetirilib, 700-ə yaxını yaralanıb və xəsarət alıb.
Ümummilli Lider Heydər Əliyev həmin günlərdə özünün və ailəsinin həyatını təhlükəyə ataraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəlmiş, kommunist partiyası rejiminin Azərbaycanda həyata keçirdiyi qanlı aksiyanı qətiyyətlə pisləmiş, xalqımıza qarşı törədilən bu cinayətə, günahsız insanların öldürülməsinə etirazını bildirmiş, təqsirkarların cəzalandırılmasını tələb etmişdir. Ulu öndər həmin günlərdə Azərbaycan xalqının kədərini bölüşməklə yanaşı, qanlı 20 Yanvar hadisəsinə ilk həqiqi siyasi qiymət vermişdir.
1990-cı ilin 20 Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verilib. 20 Yanvar Ümumxalq Hüzn Günü elan edilib.
Hər il bu tarixdə ölkəmizin bütün bölgələrində xatirə tədbirləri keçirilir. Yüz minlərlə insan qanlı Yanvar qurbanlarının xatirəsini yad etmək üçün Şəhidlər Xiyabanına axışır. Dünya ölkələrində yaşayan soydaşlarımız da faciə qurbanlarını ehtiramla yad edir.
20 Yanvar Azərbaycan xalqı üçün milli müstəqilliyə, azadlığa gedən yolun başlanğıcı kimi tarixləşib. Vətən müharibəsindəki tarixi zəfərimiz qanlı yanvar şəhidlərinin də arzusunu həyata keçirdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin məqsədyönlü siyasəti və qətiyyəti, xalqımızın birliyi və Silahlı Qüvvələrimizin rəşadəti nəticəsində 30 ilə yaxın əsirlikdə qalan doğma torpaqlarımız azad edildi, ölkəmizin ərazi bütövlüyü bərpa olundu.
Kaspi Təhsil Şirkətinin müəssisələrində hər il 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunan anım mərasimləri keçirilir. Təhsil müəssisəsinin bütün kollektivi torpaqlarımızın azadlığı uğrunda şəhid olan insanlarımızı ehtiramla yad edir, ruhları qarşısında baş əyir.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Kaspi.edu.az