“Mən çox xoşbəxtəm ki, yolum bu evdən keçdi...”

“Mən çox xoşbəxtəm ki, yolum bu evdən keçdi...”

“Mən çox xoşbəxtəm ki, yolum bu evdən keçdi...”

Kaspi məzunu: “İllər keçsə də mənim üçün hər zaman “Kaspi” adlı böyük bir ailə var”

"Müəllimlik elə bir peşədir ki, o yalnız uşağa elm və təhsil öyrətmir, eyni zamanda, ona bir həyat verir. Böyük İskəndər “Atan, yoxsa müəllimin?” sualına “müəllimim” cavabını verib. Görkəmli sərkərdə fikrini belə izah etmişdi: “Valideynlərim məni göydən yerə endirdi, müəllimim isə yerdən göyə qaldırdı. Bu, sözlərdə böyük həqiqət var".

kaspi.edu.az Kaspi Liseyinin məzunu Solmaz Əsgərlinin Bakıxanov Liseyində təhsil aldığı illər və müəllimləri ilə bağlı xatirəsini təqdim edir:

Müəllimlik elə bir zirvədir ki, ona hamı çatar, lakin heç kim o zirvədə daim yaxşı duruş gətirə biməz. Həyatımda yaxşı və pis mənada iz qoyan çox müəllimlər olub.

Mən 2014-cü ildə Kaspi Liseyinə gəlmişəm. Mənim üçün ilk gündən sadə divarları olan bu bina sonralar içində doğma ailəm olan bir evə çevrildi. Bu bina güvən, qayğı, təcrübə və elmlə əhatə olunmuş, bacası da sevgi olan bir evdir. Bu ailədə zamanla bir ağlayıb, bir gülmüşük, uğurlarımıza sevinib, məğlubiyyətimizdən dərs almışıq. Biz yolda şagird olaraq tək olmamışıq, hər zaman müəllimlərimizlə addımlamışıq. Onlar bizimlə öz övladları kimi davranıb, bizi irəli aparırdılar. Bu müəllimləri bizim həyatımızın parçasına çevirən “Kaspi” idi.

Bu liseydə o qədər gözəl xatirələrim var ki... Məni mən edən, mənə həyatı öyrədən bu məktəb oldu. Kaspi mənə pisi-yaxşıdan ayırmağı öyrətdi, mənə dünyanın ən yaxşı dostunu qazandıran doğma evim oldu. O balaca Solmazın qayğısına qalan Kaspi ailəsi, yeniyetməlik dövrümdə ailəmin belə səbr göstərmədiyi hərəkətlərimə dözdü, sonda məni cəmiyyətə sağlam, şüurlu bir insan kimi təhvil verdi. Bu əbədi yola salma deyildi, bizə lazım olanda gəlməyimiz üçün bu evin bir açarını da həvalə etdilər. Zənnimcə, 2020-ci ilin məzunları o bağı kəsib ata bilməyib...

Hər kəsin həyatında qaranlıq, çıxılmaz günlərində onun yoluna çıraq tutan müəllimlər olur. Mənim də həyatımda yaxşı mənada heç vaxt unudulmayacaq müəllimlərim var. Əgər müəllimlərimdən tək-tək danışsam, buna zaman yetməz, amma bəzi müəllimlər var ki, onların haqqında da bölüşməsəm, haqsızlıq olar.

Mən özü burda olmasa da, hər zaman mənlə olan müəllimim Zəfər Fərhadov haqqında danışmaq istərəm. O müəllimdən insanığı öyrəndim. O, mənə pisliklə qarşılaşsam belə, yaxşı insan olmağı öyrətdi, mənə hər zaman övladı kimi yanaşdı. 4 ildə hər zaman yanımda olan müəllimim həmçinin, mənə yaxşı ədəbiyyatçı olmağın sirlərini də öyrətdi.

Müəllimim Vüsalə Səfərovadan dözümlü olmağı öyrəndim.

Mən bir insana necə arxa-dayaq olmağı Nuranə Comərd müəllimədən öyrəndim. O, heç vaxt əlini kürəyimdən çəkmədi, mənim uğur qazanacağıma hər zaman inandı. Ən çətin dönəmlərimdə bu üç müəllim yanımda dayandı. Təbii ki, sevimli müəllimlərim bununla bitmir. Hər dəfə çətinliklə qarşılaşanda yanına qaçdığımız Fidan müəllimə, ”müəllim, çoxdandır bizi tədbirə çağırmırsınız”- deyib rol istədiyimiz Gulnarə müəllimə, dərsində küsüb nazlandığım, amma bir sözünə barışdığım Sevinc müəllimə, 10-cu sinifdə bizə ən yaxşı müdür müavinliyi edib, bizi daim oxumağa həvəsləndirən Sahil müəllim və b. həyatımda heç vaxt unudulmayan sevimli müəllimlərimdir. Mən onlardan əsl insan və müəllim olmağı öyrəndim. Bu gün mən çox şadam ki, həyatımdan elə insanlar keçib. Bu insanları həyatıma qazandıran da Kaspi Liseyı oldu. Kaspi mənim ən gözəl anlarımın şahidi, ən kədərli günlərimin yoldaşı oldu. Mən çox xoşbəxtəm ki, yolum bu evdən keçdi. İllər keçsə də mənim üçün hər zaman “Kaspi” adlı böyük bir ailə var. Ümid edirəm ki, mən də həmişə bu ailənin övladı olaraq qalacağam.

Solmaz Əsgərli,

Bakı Dövlət Universitetinin filologiya fakültəsinin 4-cü kurs tələbəsi

 

Yeniliklərə Abunə Olun

Tədris sahəsindəki fəaliyyətlərimizlə, eləcə də digər yeniliklərlə bağlı məlumat əldə etmək üçün abunə olun.

E-Mail ünvanınız