Məktəblilər “Milli super qəhrəmanların dünyasına səyahət” etdilər

Məktəblilər “Milli super qəhrəmanların dünyasına səyahət” etdilər

Məktəblilər “Milli super qəhrəmanların dünyasına səyahət” etdilər

Kaspi Ağ Şəhər Liseyinin Kitabxanasında yazıçı Xülya Cəfərova ilə görüş keçirildi

Kaspi Liseyləri şagirdlərinin mütaliə vərdişlərinin formalaşması, bədii ədəbiyyata məhəbbət ruhunda tərbiyə olunması istiqamətində tədbirlərini davam etdirir. Kaspi Ağ Şəhər Liseyinin Kitabxanasının bu məqsədlə hazırladığı növbəti tədbir “Beynəlxalq Kitab Bağışlama Günü”nə təsadüf etdi. “Milli super qəhrəmanların dünyasına səyahət” adlı tədbirin qonağı yazıçı, jurnalist, tərcüməçi Xülya Cəfərova oldu.

Kitabxanaçı Şahnaz Quliyeva diqqətə çatdırdı ki, Liseyin kitabxanası tərəfindən mütəmadi olaraq  şagirdlərlə şair və yazıçıların görüşləri təşkil olunur: “Görüşlərin təşkil olunmasında əsas məqsəd müəlliflərin yeni nəşr olunmuş kitablarını oxuculara tanıdılmasına şərait yaratmaq, uşaqların intellektual səviyyəsinin inkişafında mühüm rol oynayan kitabları onlara daha da sevdirmək və oxu vərdişlərini artırmaqdır”. Ş.Quliyeva qonağı təqdim edərək qeyd etdi ki, Xülya Cəfərovanın qələmə aldığı romanlar şagirdlər tərəfindən sevgi ilə qarşılanır: “Buna səbəb müəllifin əsərlərində, “Yel kürəsi”nin fövqəlgüclərə malik olan superqəhrəmanlarının timsalında xeyirlə şərin əbədi mübarizəsinə fərqli bir prizmadan yanaşmasıdır”.

Liseyin direktoru Rəqsanə Məmmədova bədii ədəbiyyatın şagirdlərin formalaşmasında mühüm rol oynadığını qeyd etdi. Belə ki, mütaliə, tədris, təhsil və tərbiyə vəhdət təşkil edir: “Bu amillər insanın məktəbə ilk qədəm qoyduğu vaxtdan ömrünün sonuna qədər onu izləyir. Mütaliə insan zəkasının inkişafında mühüm rola malikdir. Əgər insan çox mütaliə edərsə, onun dünyaya baxışı da zəngin olar. Bir cəmiyyətdə oxumağı, yazmağı bacaranların sayı nə qədər çox olarsa, o cəmiyyət daha çox inkişaf edər və hər zaman, hər yerdə öz dəyərləri ilə seçilər”.

Görüşdə tədbir iştirakçıları yazıçının həyat və fəaliyyəti ilə bağlı videoçarx izlədilər.

“Son dövrlərdə bütün dünyada olduğu kimi, Azərbaycanda da uşaq ədəbiyyatında mistik və fentezi janrına meyllər güclənib. Bu isə təbii olaraq, ədəbiyyatda yeni obrazların yaranması deməkdir. Qonağımız gənc yazıçı Xülya Cəfərovanın qələmə aldığı romanlar məhz bu janrda olduğu üçün kiçik oxucularının diqqətini cəlb edib”- deyə tədbirin aparıcısı sözü yazıçıya verdi.

X.Cəfərova qələmə aldığı əsərlər haqqında şagirdlərə ətraflı danışdı. Eyni zamanda,  məktəblilərdə oxu vərdişlərinin yaranmasının əhəmiyyətini vurğuladı: “Şagirdlərdə mütaliə təməlinin uşaq yaşlardan qoyulması daha məqsədəuyğun olar. Valideynlər kiçik yaşlardan uşaqları şəkilli, rəngarəng kitablarla həvəsləndirə bilərlər. Həmçinin oxumaq vərdişinin aşılanması zamanı yalnız bədii ədəbiyyatla kifayətlənmək olmaz. Şagirdlərə dərs proqramlarına uyğun olan maraqlı əlavə materiallar da verilməlidir”. X.Cəfərova məktəblilərə oxumalı olduqları ədəbiyyatı tövsiyə etdi: “Məktəb yaşlı uşaqlara kitab tövsiyə edərkən onların yaşını nəzərə almaq önəmlidir. Yaxşı olar ki, məktəblilər klassik əsərlərin uşaqlar üçün olan qısaldılmış variantlarını oxusunlar. Bu, həm şagirdlərdə tanınmış dünya klassiklərinin yaradıcılığı barəsində fikir formalaşdıracaq, həm də onlara ağır gəlməyəcək. Məktəblilərə yaşlarını və maraq dairələrinə uyğun olan müəlliflərin oxumağı məsləhət görürəm. Bu məsələdə valideynlər də övladlarına istiqamət verməlidirlər”.

Müəllif şagirdlərin “Fantastika janrında kitablar yazmaq qərarına necə gəldiniz?” sualını cavablandıraraq bildirdi ki, bu, dövrümüzün ən aktual, oxunan janrlarından biridir:  “Fantastika janrının hər yaşdan oxucusu var. Bununla belə, əsasən yeniyetmələr bu janrı sevirlər. Ona görə də mən də seriyanın hədəf auditoriyası kimi ilk növbədə yeniyetmələri nəzərdə tutdum. Buna baxmayaraq, seriyanın oxucuları arasında gənclər, orta yaşlı, yaşlı insanlar da kifayət qədərdir”.

Yazıçı həmçinin, şagirdlərə “Külək” trilogiyasına daxil olan yeni nəşr olunmuş “Şuşalı – super qəhrəman Qaya”  kitabı haqqında  məlumat verdi.

X.Cəfərova şagirdlərin ona ünvanlanan “Kitablarınızı yazarkən nədən ilham alırsınız?”, “Qazandığınız uğurlara görə kimə borclusunuz?”, “İlk kitabı yazanda necə hisslər keçirdiniz?”, “Yazıçı olmasaydınız hansı peşəyə yiyələnərdiniz?”, “Həyatda kim sizi motivasiya edib?” kimi suallarını da həvəslə cavablandırdı.

Tədbirin sonunda yazıçı kitablarını imzalayaraq məktəblilərə və kitabxanaya bağışladıi.

Şagirdlər də çəkdikləri rəsmi qonağa hədiyyə etdilər.

Kaspi.edu.az

Yeniliklərə Abunə Olun

Tədris sahəsindəki fəaliyyətlərimizlə, eləcə də digər yeniliklərlə bağlı məlumat əldə etmək üçün abunə olun.

E-Mail ünvanınız