Kaspi liseyləri “Müəllimi təkmilləşdirmə proqramları” təşkil edib
- Ana Səhifə
- Xəbərlər & Tədbirlər
- Kaspi liseyləri “Müəllimi təkmilləşdirmə proqramları” təşkil edib
- 02 Fevral 2023
Kaspi liseyləri “Müəllimi təkmilləşdirmə proqramları” təşkil edib
Liseyin müəllimləri təhsil seferasında baş verən yeniliklərlə tanış olublar
Kaspi Liseylərinin müəllimləri üçün növbəti Təkmilləşdirmə Proqramı həyata keçirilib. Proqram müəllimlərə təhsil sferasında baş verən müasir yeniliklərlə tanış olmaq, təcrübə mübadiləsi etmək imkanı yaradıb.
30 yanvar tarixində Kaspi Liseyinin Bakıxanov filialında keçirilən proqramın növbəti mərhələsi də maraqlı nüanslarla yadda qalıb.
Kaspi Liseyləri MMC-nin baş direktoru Məhəmməd Nağıyevin kaspi.edu.az-a verdiyi məlumata görə, proqram çərçivəsində siniflərdə differensiallaşmanın mahiyyəti, tədqiqat yönümlü öyrənmə, əməkdaşlıq, dərs müşahidələrinin mahiyyəti, summativ qiymətləndirmələrdə nələrə diqqət edilməsi, data əsaslı öyrənmə və öyrətmə mövzularında seminarlar və işləmə qrupları təşkil edilib: “Proqramda müəllimlərin təcrübə mübadiləsi ilə yanaşı müasir texnoloji bacarıqlara yiyələnmələri istiqamətində də təlimlər keçirilib, həmçinin voleybol və komanda inşa etmə fəaliyyətləri də həyata keçirilib”.
Proqramda iştirak edən liseyin müəllimləri bu tip seminar və təlimlərin onların peşəkar inkişafında mühüm rol oynadığını qeyd edirlər.
“Müasir dərs necə qurulmalıdır?”
Kaspi Liseyi Bakıxanov filialının Azərbaycan dili və ədəbiyyat müəllimi Nigar Əlizadə bildirir ki, proqramda tədris prosesinin müxtəlif istiqamətləri üzrə təlimlərdə iştirak ediblər: “Cəmiyyətin inkişafı bəşəriyyətin bütün sahələrinə yansıdığı kimi təhsil sahəsindən də kənar qalmır. Belə ki, cəmiyyətin inkişafı təhsilin inkişafından, təhsil müəssisəsinin dəyəri isə keyfiyyətli və səriştəli müəllimdən asılıdır: “Təbii ki, baş verən inkişafla ayaqlaşmaq müasir dövrümüzdə müəllimin vəzifələrindən birinə çevrilib. Təlim-tərbiyə prosesini inkişaf etdirmək və təkmilləşdirmək, müəllimlərin peşə ustalığını, yaradıcılıq meylini yüksəltmək məqsədilə mükəmməl milli təhsili özünə amal bilmiş Kaspi Liseyi öz əməkdaşlarına mütəmadi olaraq “Müəllim təkmilləşdirmə proqramları” təşkil edir”. N.Əlizadə Liseyin “Peşəkar Təlim və İnkişaf Mərkəzi” ilə birgə əməkdaşlığı nəticəsində müəllimlərin “Müasir müəllim necə olmalıdır?” devizli təlimdə iştirak etdiklərini qeyd edir: “Silsilə təlimlərdə “Müasir dövrün xüsusiyyətləri nələrdir; Müasir nəslin (Z və alfa) tələbləri nədir; Müasir müəllim hansı kompetensiyaya malik olmalıdır?” kimi suallara cavab tapdıq. Həmçinin, təlimlər boyunca biz fənlərimiz üzrə məzmun standartları, təlim nəticələrinin çıxarılması ilə bağlı nəzəri materialla da tanış olduq. Son iştirak etdiyim təlimin mənim üçün ən gözəl cəhəti ondan ibarət idi ki, bu təlimdə əldə etdiyimiz nəzəri bilikləri “Müasir dərs necə qurulmalıdır?” prinsipi ilə praktik dərslərdə uğurlu şəkildə əks etdirərək yeni tipli dərs nümunələri hazırladıq”. N.Əlizadənin sözlərinə görə, liseyin sosial rəhbərləri tərəfindən təşkil olunan voleybol yarışları, komanda müsabiqələri təlimlərin daha da müsbət enerji ilə yekunlaşmasına səbəb olub.
Fizika fənninə marağı artırmaq
“Təkmilləşdirmə Proqramından liseyin bütün müəllimləri faydalandı”-deyə liseyin Fizika fənn rəhbəri Kəmalə Ağasiyeva bildirir: “Proqram çərçivəsində təhsildə yeni metodların tətbiqi, sinfin idarə olunmasında qarşıya çıxan çətinliklərin aradan qaldırılması yolları, müəllim-şagird münasibətləri, daha effektiv təlim metodları, qruplarla iş tam və ətraflı şəkildə təşkil edildi. Sonda müəllimlərin müxtəlif əyləncəli fəaliyyətləri qruplar şəklində həyata keçirildi. Proqramda bütün təlim metodları haqda fikir mübadiləsi aparıldı və hər bir müəllimin fikri dinlənilib müzakirə edildi”. K.Ağasiyeva qeyd edir ki, Fizika fənn birləşməsi olaraq şagirdlərinmüxtəlif ali məktəblərə ekskursiyalarını da təşkil ediblər: “8-ci sinif şagirdlərimizi Mühəndislər Universitetinin laboratoriyasına ekskursiyaya, 6-ci sinif şagirdlərini Park Bulvara planetariuma aparmışıq. Həmçinin, ibtidai sinif şagirdlərimizə VIII sinif şagirdləri maraqlı və əyləncəli təcrübələr nümayiş etdirdilər. Məqsədimiz aşağı sinif şagirdlərinin Fizika fənninə marağını artırmaqdır”.
Tədqiqat yönümlü öyrənmə
Liseyin coğrafiya müəllimi Zaur Əliyev məlumat verdi ki, Kaspi liseyində müəllimlərin inkişafı üçün rüb tətillərində təşkil olunan Proqramda fənn müəllimləri fəal iştirak ediblər: “Proqram çərçivəsində tarix, coğrafiya, biologiya və dil-ədəbiyyat müəllimləri bir arada peşəkar təlim və inkişaf mərkəzinin (PTİM) əməkdaşlarının təqdim etdikləri nümunəvi dərslərin şagirdləri qismində iştirak etdilər. Təqdim olunan mövzuların, sualların araşdırılmasında müəllimlər aktiv iştirak edərək yeni biliklər əldə etdilər. Bu cür öyrədici təlimlərdə ayrı-ayrı ixtisas müəllimlərinin bir arada olması onların bilik və bacarıqlarının inkişafına müsbət töhfə verir. Sonda növbəti təlim üçün tapşırıqlar da muəyyənləşdirildi”. Z.Əliyev hesab edir ki, müəllimlər dərslərini tədqiqat yönümlü öyrənmə əsasında təşkil etməklə gələcəyin bilikli, bacarıqlı vətəndaşlarını yetişdirə bilərlər.
Proqramın iştirakçıları müəllimlərinin inkişafına verdiyi töhfələrə görə Kaspi Liseylərinə təşəkkür edir, bu etimadı fəaliyyətləri ilə doğrultmağa çalışacaqlarını bildirirlər: “Müəllimlərin inkişafına göstərilən dəstəyə və təşkilatçılığa görə Kaspi Təhsil Şirkətinin rəhbərliyinə təşəkkür edirik!”
Kaspi.edu.az